Qədim Roma mədəniyyəti yunan mədəniyyəti ideyalarını və ənənələrini davam etdirir. Qədim Romada natiqlik sətəti, bədii nəsr və poeziya, tarix, mexanika, təbiətşünaslıq yüksək səviyyədə inkişaf edir. Romadakı memarlıqda ellin dövrünün formaları istifadə olunur, lakin onlar imperiya dövlətinin ölçülərinə və roma aristokratiyasının ambisiyalarına uyğun olaraq özünün nəhəngliyi ilə fərqlənir. Roma heykəltəraşları və rəssamları yunan nümunələrini davam etdirirdilər, lakin yunanlardan fərqli olaraq realist portret sənətini inkişaf etdirirlər və çılpaq deyil, “örtülü” heykəllər tökürdülər. Yunanlar kimi romalılar da hər cür tamaşaları – olimpiya oyunlarını, qladiator döyüşlərini, teatr səhnələrini xoşlayırdılar. Bütün antik incəsənəti tamaşa prinsipinə tabe idi.
Antik Romanın mədəni yeniliyi siyasət və hüququn inkişafı ilə əlaqədardır. Böyük Roma dövlətinin idarə edilməsi dövlət orqanları sisteminin və hüquqi qanunların işlənilib hazırlanmasını tələb edirdi. Qədim Roma hüquqşünasları elə hüquqi mədəniyyətin əsasını qoyublar ki, müasir hüquqi sistemlər indiyədək ona söykənirlər. Siyasi və ideoloji məqsədlər incəsənət və cəmiyyətin bütün mədəni həyatının xarakterinə əhəmiyyətli dərəcədə təsir edir. Siyasiləşmə - roma mədəniyyətinin xarakterik əlamətidir. Romalının ideologiyasını patreotizm – romalının ali dəyəri təşkil edirdi. Romalılar özlərini tanrı tərəfindən seçilmiş xalq hesab edirdilər və yalnız qələbəyə köklənmişdilər. Romada mərdlik, ləyaqət, ciddilik, evdarlıq, intizama, qanuna və hüquqi təfəkkürə tabe olma pərəstiş edilirdi. Yalan – kölələrə xas olan qüsur hesab edilirdi. Əgər yunanlar fəlsəfə və incəsənət qarşısında baş əyirdilərsə, alicənab romalı üçün müharibə, siyasət, əkinçilik və hüquqla məşğul olmaq şərəfli iş hesab olunurdu.
Romalıların dini görüşləri çox da zəngin deyildi. Qədim Roma mifologiyasının allahlarından Yupiter (qədim yunanların Zevsi), Yunona (Qera – nikah ilahəsi)), Diana (Artemida – ov ilahəsi, canlıların hamisi), Viktoriyaya (Nika) səcdə edilirdi. Herakl (Herkules) xüsusilə sevilirdi, ələxsus da onun 12 qəhrəmanlığı qədim dövrdə çox məşhur idi. I minilliyin əvvəllərində Romada xristianlıq yayılmağa başlayır.
B.e.ə. I əsrə yaxın Roma imperiyası ellin Yunanıstanı fəth edir. Roma mədəniyyətinin çiçəklənməsi dövrü başlayır, romalılar yunan dilini, fəlsəfəsini, ədəbiyyatını öyrənməyə, məşhur yunan natiqlərini, filosoflarını dəvət etməyə başlayırlar, eləcə də özləri yunan şəhər-polislərinə gedərək gizlicə rəğbət bəslədikləri mədəniyyəti mənimsəyirdilər.
Romada ritorika sürətlə inkişaf etməyə başlayır, belə ki, canlı söz sənətinə yiyələnmədən siyasi karyera mümkün deyildi. Roma natiqlərinin ən parlaq nümayəndəsi Mark Tuli Siseron idi.
Roma incəsənəti də təkrarlanmaz sima alır: heykəltəraşlıqda real portret, freska rəssamlığı və s. yaradılır. Memarlıqda aşkar şəkildə möhtəşəmliyə, böyüklüyə can atılır. Bu öz əksini triumfal arkaların, meydanların, teatrların, körpülərin, bazarların, cıdır meydanlarının tikintisində tapır. Kolizey amfiteatrı, bütün allahların məbədi olan – Panteon roma memarlığının nailiyyətlərinin nümunələridir.
Beləliklə, antik yunan-roma (b.e.ə. VI – b.e. V) dünya mədəniyyətinə bunları bəxş etmişdir: zəngin və müxtəlif mifologiya; işlənilib hazırlanmış roma hüquq sistemi (“12 cədvəl qanunları”); xeyir, həqiqət, gözəllik qanunları (“Roma əxlaq kodeksi”); ölməz incəsənət əsərləri (heykəltəraşlıq, poeziya, memarlıq, epos, teatr); çoxsaylı fəlsəfi ideyalar; dünya dini – xristianlıq (sonrakı avropa mədəniyyətinin mənəvi əsası).
Dostları ilə paylaş: |