Vokal musiqi janrları. Musiqi sənətində ən geniş yayılmış vokal janrı müxtəlif xarakterli, müxtəlif məzmunlu mahnılardır. Mahnı özünün sadəliyinə, konkretliyinə görə hamı tərəfindən asan başa düşülür və tez bir zamanda dillər əzbəri olur. Mahnı poeziya ilə musiqinin vəhdətindən yaranır. Əsasən iki, üç hissəli və eləcə də kuplet formasında olur.
Romans vokal musiqi janrı ilk dəfə XVI əsrdə İspaniyada yaranmışdır. Onun mahnıdan fərqlənən əsas cəhəti mətnin musiqi ilə sıx bağlılığıdır. Mətndəki əhval-ruhiyyə daha dəqiq, konkret musiqi dili ilə verilir.
Ariya dram əsərlərində qəhrəmanın hiss və həyacanını, sevinc və kədərini, qəzəb və nifrətini ifadəli şəkildə dinləyiciyə çatdıran monoloqa deyilir. Ariya opera, operetta, oratoriya və kantatanın mühüm tərkib hissələrindəndir. Ariya müşayiətlə oxunan bitmiş bir parçadır.