İçindəkilər Bələdiyyə seçkilərində namizədlərin sayı rəsmən açıqlandı



Yüklə 48,83 Kb.
tarix17.07.2018
ölçüsü48,83 Kb.
#56886


MÜŞAHİDƏ

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həftəlik

Bülleteni

5 (5) dekabr



30 noyabr – 06 dekabr, 2009-cu il

İçindəkilər

  • Bələdiyyə seçkilərində namizədlərin sayı rəsmən açıqlandı

  • SMDT müşahidəçilər üçün Təlimlərə başladı

  • SMDT bələdiyyə seçkiləri ilə əlaqədar Cəlilabad və Beyləqan şəhərlərində Vətəndaş Forumları keçirib

  • SMDT nəşr materiallarını hazırlayıb

  • Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb

  • Sabirabad DSK-sı məhkəməyə verildi

  • MSK hələlik təbliğat kampaniyasında namizədlərə pul ayırmayıb

  • Telekanallar əsasən hakim partiyanı təbliğ edir

  • YAP efirdə opponentsiz qalıb

  • Namizədlərin həbsi Masallıda etiraza səbəb oldu

Bələdiyyə seçkilərində namizədlərin sayı rəsmən açıqlandı

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə 30 partiyadan 31849 nəfərin namizədliyi MSK tərəfindən qeydiyyata alınıb. Ölkədə 1718 bələdiyyə vahidi üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir. Seçkilər 118 dairə üzrə keçiriləcək bələdiyyələrə namizədlərdən 16 004-ü ali təhsillidir. Seçkilərə qatılan qadın namizədlərin sayı isə 6217-dir.

MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, həm partiya xətti, həm də partiyadan olan, amma seçkiyə fərdi qaydada qatılan namizədlər var: “YAP-dan 15 380 (fərdi qaydada qatılan 2268) namizəd qeydə alınıb. Ana Vətən Partiyasından 120 ( fərdi – 172) , Vətəndaş Həmrəyliyi Patiyasından 221 (fərdi 84), Müsavatdan 150 (fərdi – 4), ADP-dən 76 (fərdi – 58), Ümid Partiyasından 405 (fərdi – 5), Azərbaycan Kommunist Partiyasından 7 (fərdi 67), Vətənpərvərlər Partiyasından 4 (fərdi - 12), Sosial Rifah Partiyasından 8 ( fərdi 156), Sosial Demokrat Partiyasından 1 (fərdi- 1), Liberal Demokrat Partiyasından 4 nəfər, Müasir Müsavat Partiyasından 24 (fərdi–9), Demokratik İslahatlar Partiyasından 72 (fərdi – 3), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 236 (fərdi – 26), Bütöv Quruluş Partiyasından 379 (fərdi – 4), Vətəndaş Birliyindən 31, Vətəndaş və İnkişaf Partiyasından 1, Milli Dövlətçilik Partiyasından 1, Milli Demokrat Partiyasından 10 nəfərin namizədliyi qeydə alınıb. KXCP-dən 39 nəfər seçkiyə fərdi qaydada qatılıb. AMİP-dən seçkiyə fərdi olaraq qatılanların sayı 36-dır. 11321 namizəd bitərəfdir. 380 nəfər isə sənədlərində partiya mənsubiyyəti yazılan xananı boş saxlayıb”.

MSK quruma daxil olan müraciətlərə də baxıb. Qurumun “Azərbaycan” qəzetində dərc olunan qərarlarına əsasən demək olar ki, ADP, DADP (2), Ümid Partiyası (2), Müsavatdan (10) olan namizəd və səlahiyyətli nümayəndələrin müraciətinə baxılıb. A.Sarıyev hələlik MSK-ya şikayət daxil olmadığını da bildirib.




SMDT müşahidəçilər üçün Təlimlərə başladı



Noyabrın 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) bölgə koordinatorları və təlimçilər üçün 23 dekabr 2009-cu il bələdiyyə seçkilərində müşahidəçiliklə bağlı bir günlük Təlimçilər üçün Təlim (TOT) keçirib.

Təlimdə iştirakçılara SMDT-nin bələdiyyə seçkiləri ilə bağlı planları, müşahidəçilərin seçki günü davranış qaydaları, hüquq və vəzifələri, müşahidə və hesabatvermə forması, məlumatların toplanması qaydaları və təlimin aparılması metodologiyası barədə məlumat verilib.

Təlimdə SMDT-nin Cəlilabad, Gəncə, Beyləqan, Göyçay, Sumqayıt, Şəki, Bakı, İmişli və Sabirabad bölgələrindən olmaqla 17 nəfər təlimçi iştirak edib.

SMDT Bələdiyyə seçkiləri ilə bağlı 1500 qədər müşahidəçiyə 50-dən artıq təlim keçməyi planlaşdırıb.

Xatırladaq ki, SMDT-ni 14 may 2008-ci ildə dövlət qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsində ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin üzvləri təsis ediblər. SMDT-nin əsas məqsədi Azərbaycanda azad və ədalətli seckilərin kecirilməsi, vətəndaşların dovlət idarəetməsində və demokratiyanın inkişafı prosesində fəal iştirakına yardım etməkdir.





SMDT bələdiyyə seçkiləri ilə əlaqədar Cəlilabad və Beyləqan şəhərlərində Vətəndaş Forumları keçirib



Noyabrın 27-də Seçkilərin Montironqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Cəlilabad şəhərində Vətəndaş Forumu keçirib. SMDT-nin Cəlilabad bölgə nümayəndəsi Səməd Ağayev Bələdiyyə seçkilərinin birinci mərhələsi barədə iştirakçılara məlumat verib. Regional İnformasiya Mərkəzinin sədri, iştirakçı Ramin Qəniyev vətəndaşların ictimai siyasi fəaliyyətdə passiv iştirakını, gənc nəslin ölkənin ictimai sferasında faəliyyətsizliyini, yerli QHT-lərin fəaliyyətinin zəif olmasını vurğulayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının region üzrə təmsilçisi Təzaxan Mirələmli seçkiqabagı proseslərdə qanun pozuntuları, seçki günü müşahidəçiliyin təşkil olunması, eləcə də seçkisonrası proseslərin izlənməsinin vacibliyi ilə bağlı baş verən pozuntulardan danışıb. Ümid partiyasının Cəlilabad rayon təşkilatının sədri Aslan Əliyev bələdiyyə seçkiləri ilə bağlı namizədliyini irəli sürən siyasi partiya nümayəndələrinə olunan təzyiq nəticəsində partiya üzvlərinin namizədliyini geri götürməsini öz çıxışında vurğulayıb. Jurnalist Sabir Hətəmov isə bölgədə mətbuatın olduqca zəif fəaliyyətinə və biristiqamətli yazıların mövcudluğuna öz kəskin münasibətini bildirib.

Noyabrın 29-da Beyləqan rayonunda keçirilən Forumda Beyləqan bölgə koordinatoru Əmir Orucov iştirakçılara bələdiyyə seçkilərinin ilə bağlı məlumat verib. Forumda SMDT-nin bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi üzrə apardığı müşahidənin nəticələri müzakirə edilib. İştirakçılar seçkiqabağı təqyiqlərin olduğunu bildiriblər.

Keçirilən forumlarda 36 nəfər iştirak edib.

Qeyd edək ki, Vətəndaş Forumları Kanada səfirliyinin maliyyə və texniki dəstəyi ilə SMDT tərəfindən həyata keçirilir.




SMDT nəşr materiallarını hazırlayıb



Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi bələdiyyə seçkilərinə fəaliyyət planı çərçivəsində 23 dekabr 2009- cu ildə keçiriləcək Bələdiyyə seçkilərində seçki günü müşahidəçiliyə dair Toplu (qaydalar və təlimatlar) və Bələdiyyə Seçkilərində iştiraka dair seçicilər üçün Yaddaş Vərəqi nəşr etdirib. Toplunun nəşr olunmasında əsas məqsəd bələdiyyə seçkilərində müşahidəçilərə vəzifə və məsuliyyətləri, seçki günü qaydalar, SMDT fəaliyyət planı haqqında ətraflı məlumat verməkdir. Yaddaş vərəqi isə bələdiyyə seçkilərində iştirak edəcək seçicilərə bələdiyyə seçkilərində səsvermə prosesi, səslərin sayılması, seçkilərdə müşahidəçilik və vəkil edilmiş şəxslər haqqında qaydaları izah edir.

SMDT bu Yaddaş Vərəqini Kanada səfirliyi və Britanya səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “Seçki təcrübəsinin təkmilləşdirilməsi” proqramı çərçivəsində nəşr edib.



.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb



MSK mətbuat xidmətindən bildiriblər ki, dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsinin məqsədi komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir.
Treninqlər MSK-nin treninq qrupu tərəfindən hazırlanan trenerlər ( hər dairə seçki komissyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarılnın üzvləri kiçik qruplar üzrə treninqlərdə iştirak edirlər. Onlara səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı izahatlar verilir, praktiki məşğələlər keçilir. Trenerlər məşğələlərin səmərəliliyi üçün MSK tərəfindən əyani vəsaitlər, müasir multimedia vasitələri və s. texniki avadanlıqla təchiz olunublar.

MSK tərəfindən təqdim olunan qrafikə uyğun olaraq keçirilən treninqlər dekabr ayının 10-dən davam edəcəkdir.

Xatırladaq ki, bu tədbir MSK bələdiyyə seçkiləri ilə bağlı hazırladığı maarifləndirmə proqramının tərkib hissəsidir.






Sabirabad DSK-sı məhkəməyə verildi




DSK sədri müxalifətçiləri qeydə almamaq haqda göstərişin Prezident Administrasiyasından verildiyini açıqlayıb.

Şikayətçi 64 saylı Sabirabad 2-ci seçki dairəsini məhkəməyə verdi. Şikayətçi AXCP yerli təşkilatından yaşadığı ərazi üzrə bələdiyyə namizədliyini irəli sürən İmran Hüseynovdur. O, özü məhkəmə iddiası haqda “Azadlıq”a məlumat verib. AXCP fəalı deyir ki, Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozan DSK hələ namizədliyinin qeydə alınıb-alınmaması haqda ona heç bir məlumat vermir. DSK sədri Şükür İmanov açıq formada deyib ki , bələdiyyələrə növbəti mərhələ üçün geniş səlahiyyətlər verilməsi nəzərdə tutulur. Buna görə də Prezident Administrasiyası səviyyəsindən tapşırıq gəlib ki, müxalifət üzvləri qeydə alınmasın. AXCP üzvü iddia ərizəsində DSK-nın öz səlahiyyətlərinin icra etmədiyini, namizədliyini irəli sürən şəxsə qarşı qərəzli münasibət göstərdiyini vurğulayaraq, məhkəmədən qanuni ölçü götürmədiyi tələb edib.





MSK hələlik təbliğat kampaniyasında namizədlərə pul ayırmayıb



Azər Sarıyev : “MSK seçki prosesində normativ aktlar qəbul edə bilər”

Artıq bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası başlayıb. Amma bələdiyyələrə namizədlərə maliyyə vəsaitinin ayrılıb-ayrılmayacağı məsələsi hələ də açıq qalır. Qeydə edək ki, prezident və parlament seçkilərində namizədlərə müəyyən vəsait ayrılır. MSK namizədlərə vəsaitin ayrılması haqda hələlik açıqlama verməyib. A. Sarıyev bildirib ki, bələdiyyələrə namizədlərə təbliğat – təşviqat kampaniyası üçün maliyyə vəsaitinin ayrılıb-ayrılmaması MSK-nın səlahiyyətlərinə daxil olan məsələdir.

Ötən bələdiyyə seçkilərində də vəsait ayrılmadığını xatırladan A.Sarıyev onu da əlavə etdi ki, MSK seçki prosesində normativ aktlar qəbul edə bilər, “MSK-nın təlimatı var. Həmin təlimatda seçkiyə maliyyə ayrılması tövsiyə olunur”.

Müsavat Partiyası Mərkəzi Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı isə A.Sarıyevin dedikləri ilə razılaşmır: “Seçki Məcəlləsində qeyd edilir ki, seçkidə iştirak edən partiya blokuna vəsait ayrılır. Seçki fondu MSK-nın ayrıldığı vəsait əsasında formalaşır. Bu, birmənalı şəkildə açıq yazılıb və qanunda öz əksini tapıb. Referendum zamanı maliyyə ayrılmaya da bilər. Amma bələdiyyə seçkilərində namizədlərə mütləq vəsait ayrılmalıdır”. Hazırda siyasi partiyalar kampaniya zamanı çəkilən xərclərdə problemlər mövcuddur.





Telekanallar əsasən hakim partiyanı təbliğ edir


RATİ “Azad dalğalar” layihəsi çərçivəsində keçirdiyi monitorinqin yekunlarını açıqlayıb

Azərbaycan telekanalları, praktik olaraq, 23 dekabr bələdiyyə seçki kampaniyasını işıqlandırmır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) “Azad Dalğalar” layihəsi çərçivəsində keçirdiyi monitorinqin yekunları bunu göstərir. Mətbuat konfransında monitorinqin birinci mərhələsinin nəticələri ictimaiyyətə açıqlanıb. Layihə rəhbəri Rəsul Cəfərov bildirib ki, monitorinq 8 ümummilli telekanalı (AzTV, İTV, İdman – Azərbaycan, ANS, Space, Xəzər, Lider) və Naxçıvan Muxtar Respublikasında yayımlanan 2 regional telekanalı (NTV və Kanal 35) əhatə edib.

Cəfərovun sözlərinə görə, bütün telekanalla YAP sədri, dövlət başçısı İlham Əliyevə əsasən pozitiv tərzdə geniş efir vaxt ayırmaqla, faktiki olaraq hakim partiyanın təbliğatını aparıb.

İTV istisna olmaqla, heç bir telekanal bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici verilişlərə efir ayırmayıb. Heç bir telekanalda seçkilərlə bağlı sosial reklam olmayıb. Digər partiyaların fəaliyyətinə gəldikdə isə, bu barədə, demək olar ki, heç bir söhbət getmir.

Seçkilərin işıqlandırılması yalnız MSK-nın iclaslarından, dairə seçki komissiyalarının fəaliyyətindən seçkilərlər bağlı keçirilən tədbirlərdən reportajlarla məhdudlaşır.

Cəfərov həmçinin monitorinqin yekunları ilə bağlı hazırlanan tövsiyələr barədə məlumat verib. Telekanallarda, xüsusilə də dövlət büdcəsindən maliyyələşən telekanallarda namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının icbari qaydada ayrılmasını, seçkilərlə bağlı baş verən bütün hadisələri hərtərəfli işıqlandırmağın vacib olduğu qeyd edilib.






YAP efirdə opponentsiz qalıb.


Digər partiyalar isə bələdiyyə təbliğatını necə qurmaq barədə fikirləşir.

Bələdiyyə seçkilərinin təbliğat kampaniyası noyabrın 25-də başlasa da bu günədək heç bir partiyanın və namizədin telekanallarda təbliğatı, reklam roliki efirdə görünməyib. Bu isə o deməkdir ki, seçkidə efir vasitəsi ilə təbliğata maraq azdır, marağı olanların isə maliyyə problemi var. Qeyd edək ki, İTV-də ödənişsiz təbliğat aparmaq hüququ yalnız YAP-a verilib. Digər partiyaların namizədlərinin bir çoxu qeydə alınmadığı üçün bələdiyyələrin yarısından çoxunu əhatə edə bilməyib. Beləliklə, onlar telekanallarda və mətbuatda ödənişsiz təbliğat hüququndan məhrum olublar.

YAP isə efirdə opponentsiz qaldığından ödənişsiz efirdən istifadə hüququndan imtina edir. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev “Media forum”a bildirib ki, YAP İTV-də və İctimai Radioda, habelə dövlət qəzetlərində bələdiyyə seçkiləri ilə bağlı pulsuz təbliğat – təşviqat aparmaq hüququndan imtina etməyi düşünür. Çünki debat aparmaq üçün qarşı tərəf yoxdur. H.Paşayev xatırladıb ki, artıq YAP sədrinin müavini Əli Əhmədov deyib ki, pulsuz təbliğat imkanından debatların aparılması üçün istifadə oluna bilərdi. Lakin debat aparmaq üçün qarşı tərəf olmadığından televiziyada təbliğat aparmaq əhəmiyyətini itirir.

YAP qazandığı imkandan yararlanmaq üçün bu günədək MSK-ya müraciət etməyib. Seçki Məcəlləsinin tələbinə görə, təbliğat – təşviqat başlanan gündən bir həftə müddətində pulsuz kampaniya aparmaq hüququ qazanan siyasi partiya və bloklar bunun komissiyaya müraciət etməlidir. Əgər bir həftə ərzində müraciət olmursa, belə bir hüquq qazanan partiya və ya blokun bundan imtinası kimi qəbul edilir. Təbliğat-təşviqat kampaniyasının başlanmasından 8 gün keçsə də YAP MSK-ya müraciət etməyib. Hakim partiyanın təbliğatı yerlərdə bələdiyyələr üzrə aparacağı deyilir.

Müsavat Partiyası isə bələdiyyələrə namizədlərinin təbliğat kampaniyası üçün xüsusi plan hazırlayıb. Plan bu həftədən icra edilməyə başlanacaq.

KXCP sədri Mirmahmus Mirəlioğlu yerlərdə namizədlərinin seçicilərlə görüşlərinin başlandığını bildirib.

ADP sədrinin müavini Rəşid Mənsurov ADP-çi namizədlərin fərdi qaydada təbliğat - təşviqat işinə dəstək verəcəklərini bildirdi.

Ümid Partiyasının 4 minə yaxın namizədin üzərində qurmaq istədiyi təbliğat planını hakimiyyət pozub. Bunu Ümid Partiyası Mərkəzi Seçki Qərargahının sədri Nəsimi Məmmədli bildirdi. O deyir ki , namizədlərin çoxu seçkidən kənarda qoyulub. Ona görə də namizədlərin sayı bir neçə dəfə azalıb. Buna uyğun da təbliğat işi həyata keçiriləcək. Təbliğat- təşviqat kampaniyası səsverməyə 24 saat qalmış – dekabrın 22-də saat 08.00-da dayandırılacaq.






Namizədlərin həbsi Masallıda etiraza səbəb oldu


Dekabrın 2-də Masallıda iş adamı və bələdiyyə üzvlüyünə namizəd Çingiz Həşimov və oğlu Yavər Həşimovun həbsinə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Ziyafət Əsgərov, Hadi Rəcəbli və Siyavuş Novruzovun yolunu kəsdi. 2 minə yaxın aksiya iştirakçısı ölkə başçısı və “Çingiz Həşimova azadlıq” şüarı yazılmış plakatlarla Masallı Lənkəran yolunu bağlayıb. Qeyd edək ki, izdiham həmin ərəfədə Lənkərana gələn bir qrup YAP-çı deputatın qarşısını kəsib. Belə ki, YAP-dan olan deputatlardan ibarət maşın kortejini saxlayan etirazçılar onlarla görüş tələb ediblər. Lakin, YAP funksionerləri insanların çağırışlarına baxmayaraq, avtomobillərindən aşağı enməyiblər. Polis qüvvələri əraziyə gətiriləndən sonra, polislə narazı kütlə arasında qarşıdurma yaranıb. Aksiyada fəallıq göstərən bir neçə nəfər polis maşınlarına mindirilərək, şöbəyə aparılıb.

Xatırladaq ki, iş adamı və onun oğlunun həbsinə səbəb kimi onlara məxsus bazarln icra baççısı tərəfindən istənilməsi, yaxud 500 min dollar rüşvət verməsi tələbi durduğu bildirilir.


Bulletenin redaktoru: Ruslan İsmayıl-zadə



SMDT Media və İctimaiyyətlə Əlaqələr üzrə Meneceri
Əlaqə: electronbulleten@yahoo.com


Bu Bülleten Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi tərəfindən Kanada Səfirliyinin dəstəyi ilə həyata keçirilən proqram “2009 Bələdiyyə Seçkilərində seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım”çərçivəsində hazırlanır.
SMDT ilə əlaqə

Azərbaycan, Bakı, AZ 1007, Vaqif prospekti 3/156

Faks: (994 12) 596 22 94;

Tel: (994 12) 596 22 94;

E-mail: emc.az2001@gmail.com ;

aspyo@yahoo.com









SMDT seçki sisteminin inkişafı və demokratik dəyərlərin müdafiəsi yönündə çalışan milli qeyri-hökumət təşkilatıdır.

Yüklə 48,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin