Tədqiqatın elmi yeniliyi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq Ceyn Ostinin yaradıcılığının dil və üslub xüsusiyyətləri tədqiq olunmuş və araşdırmalar müəllifin ayrı-ayrı romanlarının mətnləri əsasında aparılmışdır. İlk dəfə olaraq müəyyən tarixi dövr amili və bu dövr üçün səciyyəvi olan əyalət kübar cəmiyyətin üzvlərinin nitq xüsusiyyətləri araşdırılır. Formalaşmış əyalət cəmiyyətinin adət-ənənələri, davranış və yaşayış tərzi bu cəmiyyət üzvlərinin nitqinə, fikir və düşüncələrinə təsir göstərir, həm də onların nitq davranışlarını tənzimləyir. Oxşar mövzuların toplusu, eyni və ya yaxın cəmiyyətləri təmsil edən personajların nitqi, aralarındakı münasibətlər dil materialında müxtəlif dil vasitələri ilə təzahürünü tapır. Bu material fərqli baxış bucaqlarından araşdırılır, XIX əsr centri leksikonuna daxil olan leksik vahidlərin aşkara çıxarılmasına cəhd göstərilir. İşin elmi yeniliyi C.Ostin yaradıcılığının vahid makromətn kimi dərk olunmasını, müəllifin dünya mənzərəsinin estetik əhəmiyyətli fraqmentlərini bərpa etməyi də əhatə edir. Aşkara çıxarılmış dəyərlər sistemi daxilində “malikanə” konsepti və onun əsərdə spesifik reallaşdırma, eləcə də verballaşdırma aspektləri araşdırılmışdır. Bu konseptin seçilməsi yazıçının əsas romanlarından birində onun əyalət kübar cəmiyyətinin münasibətlər sistemində təyinedici rol oyanaması ilə bağlıdır.