TEKTONİK PROSESLƏR VƏ TƏSƏRRÜFAT.
Litosfer - dərin çatlarla bir-birindən ayrılan iri litosfer tavalarından ibarətdir. Onlar arasında konvergent və divergent sərhədlər mövcuddur. Bu sərhədlər boyunca daim tektonik proseslər gedir, müxtəlif geoloji-tektonik hadisələr baş verir.
Tektonik hərəkətlər Yer qabığının bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslər paleotektonik, Kaynozoy erasında yaranan, müasir dövrədək davam edən tektonik proseslər isə neotektonik adlanır.
Neotektonik proseslər litosfer tavalarının şaquli, eləcə də üfüqi hərəkəti ilə müşayiət olunur. Şaquli hərəkətlərə Himalay, Qafqaz, Krım, Karpat və And dağlarında rast gəlinir. Şimal dənizinin cənubunda və Meksika körfəzi sahillərində isə əksinə, enmə prosesləri baş verir.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavaları üst mantiyanın səthi ilə il ərzində təqribən 6-7 sm “sürüşərək” yerini dəyişir.
Neotektonik hərəkətlər təbiətdə böyük dağıntılar törədən hadisələrə, yəni kataklizmlərə səbəb olur. Kataklizm hadisələrindən biri vulkan püskürmələridir. Vulkan hadisələri dağıdıcı və fəlakətli təbiət hadisəsi olsa da, onların müsbət tərəfləri də vardır. Vulkanlara yaxın olan ərazilərdəki torpaqların tərkibində püskürmə zamanı ətrafa səpələnən dəmir, pirit, xrom və bu kimi müxtəlif elementlərə rast gəlinir. Minerallarla zəngin olan bu torpaqlar əkinə daha yararlı hesab olunur. Vulkanizmin aktiv olduğu ərazilərdə isti, təzyiqli və minerallarla zəngin olan sular Yer qabığındakı çatlarla termal bulaq və ya qeyzerlər şəklində səthə çıxır. Qey- zer və termal bulaqlar isə geotermal elektrik stansiyalarının (Geo ES) iş fəaliyyətini təmin edir. Hazırda Geo ES-lər İslandiya, İtaliya, Yeni Zelandiya, ABŞ, Yaponiya, İndoneziya və digər ölkələrdə enerji ilə təminatın mühüm sahəsinə çevrilməkdədir. Yeraltı suların müalicəvi xüsusiyyətləri ərazilərin kurort-rekreasiya əhəmiyyətini artırır.
Dostları ilə paylaş: |