Qabarma-çəkilmə elektrik stansiyaları - dəniz və okean sahillərində yerləşdirilir. Çünki Günəşin və Ayın cəzbetmə qüvvəsi bu yerlərdə gün ərzində suyun səviyyəsinin 4 dəfə dəyişməsinə səbəb olur (2 qabarma və 2 çəkilmə hadisəsi bir-birini əvəzləyir). Suyun səviyyəsi 18 m-ə qədər qalxa bilər. Qabarma-çəkilmə elektrik stansiyaları Fransa, Böyük Britaniya, Kanada, Çin, ABŞ, Hindistan və s. ölkələrdə vardır. Enerji almaq üçün körfəzin və ya çayın mənsəbində bənd quraşdırılır. Qabarma-çəkilmə zamanı su sahilə doğru irəli-geri hərəkət edərək turbinləri işə salır və yaranan enerji xüsusi qurğular vasitəsilə elektrik enerjisinə çevrilir.