Qlobal istiləşmə okeanın səviyyəsinin 0,5-2 m qalxmasına, çoxillik donuşluq sahələrində buz qatının əriməsinə, qurunun çox böyük bir hissəsinin su altında qalmasına, meteoroloji fəlakətli hadisələrin sayının çoxalmasına, bitki və heyvanlar aləminin növ müxtəlifliyinin kəskin azalmasına, səhralaşmanın kəskin xarakter almasına səbəb ola bilər. İqlimin 0,5-0,6°C istiləşməsi meşələrin sərhədlərinin dağlıq ərazilərdə 100m yuxarıya qalxmasına səbəb olur. Belə fərz edilirki, 12 mln. il əvvəl Yer kürəsinin temperaturu indikindən 2-3°C yüksək idi və onda Şimal yarımkürəsində meşələrin sərhədi müasir sərhədlərindən xeyli şimalda yerləşirdi.