XIV mövzu.
DÜNYANIN İÇMƏLİ SU PROBLEMİ.
Yer kürəsi su planetidir. Hazırda planetin hər sakininə 250 milyon ton su düşür. Lakin suyun 97%-i Dünya okeanının duzlu sularıdır. Quru suları - göllər, çaylar, yeraltı sular, bataqlıqlar Yer kürəsindəki suyun cəmi 3%-ni təşkil edir. Yerləşməsinə görə quru suları yeraltı və səth sularına ayrılır.
Təbiətdə istifadə oluna biləcək içməli su resursları bütün hidrosferin cəmi 2%-ni təşkil edir. Tədqiqatçılar içməli su probleminin gələcəkdə digər problemlərdən daha ciddi ola biləcəyini proqnozlaşdırırlar. Hazırda Yer kürəsində 700 mln. nəfər insan su qıtlığından əziyyət çəkir. Mütəxəssislər hesab edir ki, 10 ildən sonra onların sayı 3 mlrd. nəfərə çata bilər.
Braziliya, Rusiya, Kanada, Çin, İndoneziya, ABŞ, Banqladeş, Hindistan, Venesuela, Myanma kimi ölkələrin içməli suya olan tələbatı bolsulu çayların hesabına ödənilir. Lakin içməli su ehtiyatının çox olması heç də bu ölkələrdə əhalinin su ilə tam təmin olunmasını göstərmir. Çünki təminolunma il ərzində adambaşına düşən içməli suyun miqdarı ilə (m3) ölçülür.
İçməli su ehtiyatları cəmiyyətin inkişafında mühüm rola malikdir. Bu ehtiyatlardan səmərəli istifadə edilməsi, ekoloji cəhətdən qorunması, suların mühafizə olunması və s. müasir dünyanın əsas problemlərindən biridir. Problemlərin aradan qaldırılması üçün dünyanın bütün ölkələri birgə fəaliyyət göstərməlidir. Çünki hazırda dünyada təmiz su ehtiyatlarına olan tələbat insanların həyat və təsərrüfat fəaliyyəti nəticəsində ciddi dəyişikliklərə məruz qalmışdır. Əhalinin ümumi sayının artımı və iqtisadiyyatın inkişafı təmiz su qıtlığına səbəb olur. Su qıtlığı bəzi hallarda, xüsusilə transsərhəd, yəni eyni su mənbəyindən iki və daha artıq ölkənin istifadə etdiyi hövzələrdə daha kəskin şəkildə özünü göstərir. Bu problem bəzi hallarda siyasi gərginliklərlə nəticələnə bilir.
BMT-nin məlumatlarına əsasən, son 50 il ərzində Yer üzündə içməli su ehtiyatlarına nəzarət zəminində 500 münaqişə və 37 silahlı toqquşma baş vermişdir. Bunlara Hindistanla Pakistan, Sudanla Misir, İraqla Suriya, Seneqalla Mavritaniya və s. lokal münaqişələri misal göstərmək olar. Müasir dünyada içməli suya tələbatın çoxalması suyun ölkələrarası ticarət əlaqələrində rolunun artması ilə nəticələnmişdir. Belə ki, hazırda Niderland Norveçdən, Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur Malayziyadan içməli suyu idxal edir. İçməli su çatışmazlığı ilə yanaşı, suyun keyfiyyət göstəricisi də əsas problemlərdən biridir. Suyun keyfiyyəti fiziki-kimyəvi göstəricilərə əsasən müəyyən olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri qeyd edirlər ki, dünyada xəstəliklərin 80%-i keyfiyyətsiz içməli su ilə bağlıdır. Çirklənmiş su qarın yatalağı, vəba, dizenteriya, malyariya, sarıqızdırma və s. xəstəliklərin yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün suyun keyfiyyət göstəriciləri yaxşılaşdırılmalıdır.Təbii su ehtiyatlarının qorunub saxlanması üçün bir sıra tədbirlər həyata keçirilməlidir:
sənaye müəssisələri və məişətdə istifadə edilmiş çirkli sular yenidən təmizlənməli;
sudan az istifadə edən istehsal texnologiyaları tətbiq olunmalı;
kənd təsərrüfatında suvarma sistemləri təkmilləşdirilməli;
gübrələrdən səmərəli istifadə edilməli və s.
Azərbaycanda suyun keyfiyyəti MDB ölkələrinin birgə qəbul etdiyi standartlara uyğun olaraq 35 meyar üzrə təmin edilir. ÜST 50, Aİ isə 75 standart üzrə suyun keyfiyyətini təmin edir. Keyfiyyətli və təmiz su mənbəyi artezian suları hesab olunur, çünki artezian suları iki sukeçirməyən lay arasında yerləşir, üstdəki sukeçirməyən lay onu çirklənmədən qoruyur.
Kənd əhalisi məişətdə orta hesabla gün ərzində adambaşına 15 litr su istifadə edir. Müasir şəhərlərdə isə bu göstərici 300-500 litrə bərabərdir. Azərbaycan çaylarının mövcud su ehtiyatları tələbatı ödəyə bilmir. Ölkə ərazisindəki iri çaylar - Kür, Araz, Samur, Qanıx, Qabırrı və s., əsasən, tranzitdir. Bu çaylar ümumrespublika içməli su ehtiyatının 65%-ni təşkil edir.Hazırda Azərbaycanın Kür, Araz, Samur və digər çayları ekoloji problemlərlə üzləşmişdir. Onların içərisində Araz çayının ekoloji durumu daha acınacaqlıdır. Belə ki, Oxçuçay vasitəsilə onun sularına Ermənistan ərazisindən kimyəvi çirkli sular və yüksək dərəcədə zərərli maddələr axıdılır. Nəticədə çayın suyunda mikroflora və mikrofauna məhv olur, çayın özünütəmizləmə prosesi çətinləşir. İçməli su mənbələrindən biri də yeraltı sulardır. Qafqaz regionunda ən iri artezian hövzəsi Kür-Araz ovalığı hesab olunur. Gəncə-Qazax və Mil-Qarabağ düzlərində artezian sularından suvarma məqsədilə geniş istifadə olunur.
Hazırda respublikamızda təqribən 1,5 mln. ha suvarılan torpaq sahəsi mövcuddur. Bu torpaqları şoranlaşmadan qorumaq məqsədilə kollektor-drenaj sistemləri qurulub və meliorasiya tədbirləri həyata keçirilir. Görülən işlərə baxmayaraq suvarma sistemlərinin texniki vəziyyətinin zəif olması nəticəsində (kanalların dibinə beton çəkilməyib) torpaq sahələrinin 40 min ha-sı şoranlaşmaya məruz qalmışdır. Əkin sahələrinin suvarılmasında su anbarları (Mingəçevir, Şəmkir, Bəhrəmtəpə və s.) xüsusi rol oynayır. Tərtərçay üzərindəki Sərsəng su anbarı Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşdiyindən ondan istifadə mümkünsüzdür. işğaldan əvvəl bu su anbarı vasitəsilə Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax, Ağcabədi rayonları ərazisində 100 min ha-ya yaxın torpaq sahəsi suvarılırdı. Hazırda Sərsəng su anbarına texniki xidmət göstərilmədiyi üçün o, qəza vəziyyətindədir. Bu da regionun iqtisadi, sosial və ekoloji baxımdan gərgin zonaya çevrilməsinə səbəb olmuşdur. Transsərhəd çaylarda su ehtiyatlarından istifadə edilməsi ilə bağlı Azərbaycanla Gürcüstan hökumətləri arasında ikitərəfli saziş imzalanmışdır. Azərbaycan və iran arasında Araz çayının suyundan birgə istifadə ilə əlaqədar komissiya fəaliyyət göstərir. işğalçı Ermənistanla hazırda transsərhəd çaylardan istifadə edilməsi və mühafizə olunması ilə bağlı məsələlərin həlli mümkün deyil.
Dostları ilə paylaş: |