بسم الله الرحمن الرحيم
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
و قا ل رسو ل الله (ص) اَ لْكَيِِّسُ مَنْ دَا نَ نَفْسَهُ وَ عَمِلَ لِمَا بَعْدَ ا لْمَوْ ت
İKİ YOLUMUZ VAR (I HİSSƏ)
Möhtərəm möminlər, elə hesab edək ki, hər hansı birimiz tək-tənha bir səfərə çıxmışıq. İki yol ayrıcına çatdıqda, yolların biri çox asan, o biri isə çox çətin görünür. Amma çətin yolun üstündə “Bu yol şəhərə aparır” nişanı, asan yolun üstündə isə “Təhlükəlidir” yazılıb. Belə vəziyyətdə hansı yolu seçərdik? Baxırıq ki, “təhlükəlidir” yazılan yolun kənarları gözəl ağaclarla bəzədilmiş, hər tərəf yaşıllıq, gül-çiçək və meyvələr bol-bol, uzaqdan kef-əyləncə məclisləri görsənir, şəhərə aparan yol isə daşlı-kəsəkli, dərəli-təpəli, əyri, tikanlı, sınıq-salxaq və hər cür məşəqqət doludur. Bunları görəndə,
əlbəttə ki, nəfsimizdən bir səs gəlir “asan və gözəl yolu seç”. Amma qəlbinin dərinliklərində də bilirsən ki, bu yolun sonu yoxdur, yalnız məhv olub, tükənməkdir. O biri yol nə qədər çətin olsa da, sonunda şəhərə çatmaq və rahatlanmaq var.
Bu təbii bir haldır. İnsanın nəfsi daim asanlığa, kefə və ləzzətə meyllidir. Həm də ağrısı və acısı olmayan bir ləzzətə. Qandalları sevmirik, həbs olunmağa nifrət edirik, istədiyimiz kimi hərəkət etmək, istədiyimiz yerə getmək istəyirik. Bu istəklər, Allahın bizi yaradarkən hər birimizin içində yerləşdirdiyi bir fitrətdir. Amma insan nəfsinin ipini buraxsa, nəfsini özü idarə edə bilməsə, nəfsi onu istədiyi kimi və istədiyi səmtə sürüyəcək. Ağıl isə işə müdaxilə edərək, nəfsə tabe olmamağa, qısa və müvəqqəti ləzzəti deyil, həmişəlik rahatlığı seçməyə çağırır. Müvəqqəti ləzzətin sonunda çox uzun və ağır bir acı var. Müvəqqəti çətinliyin sonu isə əbədi rahatlıqdır.
Əziz müsəlman qardaşlar, haqqında söhbət açdığımız bu iki yol sizində təxmin etdiyiniz kimi, cənnət və cəhənnəm yoludur. Cəhənnəm yolu çox ləzzətli, nəfsin istəklərinə uyğun, gözləri qamaşdıran gözəlliklərlə, şəhvani həvəslərlə, çərçivəsiz, hədsiz-hüdudsuz hərəkətlərlə doludur. İstədiyin kimi qazan, halalına haramına baxma, azad ol, həyatdan yalnız zövq al. Bütün bunlar nəfsin istəkləridir və sonu xusrandır. Amma gecələri yuxusuna haram qatan, gec yatan, imtahanlara hazırlaşan, əzizləri ilə çox zaman ünsiyyətdən məhrum olan, istədiyi qədər kompüterdə oynamayan, televizora baxmayan, yalnız dərsləri ilə məşğul olan şagirdin sonunda qiymətləri yaxşı olacaq.
Allah‐Təala iki yolu da qarşımıza qoymuş, daxilimizdə də haqqı-batildən ayırma bacarığını və iradəsini yerləşdirmişdir. Kim olur‐olsun, xeyirli iş görəndən sonra vicdanı sakit və rahat olur. Günah və səhv iş görən isə mütləq vicdan əzabı çəkir. Bu halı, nəyinki insanlarda hətta əksər hallarda heyvanlarda da müşahidə etmək mümkündür.
Uca Allah buyurur: “Biz ona iki yol göstərmədikmi?!” (Bələd, 10).
Bir başqa ayədə isə Rəbbimiz belə buyurur; “And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms, 7-8).
İki yolun üstündə, o yola çağıran və o yolun üstünlüklərindən bəhs edənlər də vardır. Haqq yolunun üstündə peyğəmbərlər göndərilmiş, şər yolunun üstündə də yorulmaq və bezmək bilməyən şeytan dayanıbdır. İnsanların əksəriyyəti şeytanın çağırışını qəbul etdikdən sonra, özləri də şeytanlaşır və getdikləri əyri yola başqalarını da çağırırlar. Peyğəmbəri dinləyib haqq yolu seçən insan da o yola çağırmağı bacarmalıdır. Çağırmazsa, şeytanlaşan insanlar getdikcə çoxalar. İnsan yaxşı yolu seçmişsə, hələ işi bitməmişdir, o sadəcə özü üçün yaxşıdır, amma passivdir. Aktiv olmalı, başqalarına da haqq yolu göstərməlidir. Çünki bütün insanların içində xeyir və şər potensialı vardır. Aktiv pislər, yəni şeytanlar o insanları azdırmadan, onların dadına çatmaq lazımdır. Ən təhlükəli olan tərəfi də odur ki, şeytanların çoxu aktiv olur və pis yolu seçənlərin əksəriyyəti aktivləşirlər.
Haqqa yolla getmək əslində o qədər də asan deyil. Nəfsin istəkləri və dünya ləzzətinə uymaq, axar çayın axdığı istiqamətdə üzmək kimidir. Sonu cənnət olan çətin yolla getmək isə axan çayın əks istiqamətinə tərəf üzmək kimidir. İslam, sonu xusran olan bu yolun təm-təraq və süni gözəlliklərini aldanmamaq üçün bəzi qaydalar qoyaraq insanı bu xüsrandan qoruyur. Nəfs isə bu qaydaları özünə qandal hesab edir, sıxılır.
Ticarətlə məşğul olan halal və çətin yolla qazanmaq istəmir, qısa, faiz və sələmə vermə yolu ilə qazanmağa razı olur. İşçi işini görməyə çətinlik çəkir, aldığı məvacibi az görür, bir anlıq rüşvət almaqla, maaşının iki-üç qatı pul əldə edir və öz ehtiyaclarını beləcə ödəyir. Günahlar həqiqətən çox şirin və ləzzətli olur. Qiybət dinləmək nəfsə xoş təəssürat verir. Niyə? Çünki qiybəti dinləyərkən və o söhbətə qoşularkən insan, özünü həmin an qiybəti edilən şəxsdən daha yaxşı kimi hiss edir. Oğurluq ləzzət edir nəfsə, heç bir əziyyət çəkmədən və vaxt itirmədən, bircə anda istədiyin şeyi əldə edirsən. Nəfis həmişə bu cür tez, ani ləzzətləri istəyir, asan yol axtarır. Əlbəttə ki bütün bunları dəf etmək, meyllənməmək bu yolun cah-cəlalına aldanmamaq çətin məsələdir, asan deyil. Əslində bu yolun çətin və dünyəvi təhlükələrlə dolu olması təbiidir. Çünki, Uca Allah bu yolun sonunda cənnət vəəd edir. O cənnət ki, ucuz deyil, bahalıdır. Çünki keyfiyyətlidir. Qiymətli bir şeyi əldə etmək təbii ki, çətin olacaqdır. Bunun üçün bu yol çətin və məşəqqətli bir yoldur. Əsas olan, səbr edib, təmkin göstərib bu yolu çətinliklə də olsa qət etməkdir.
7 Oktyabr/10 Zilqədə 1432
Qeyd: Xütbənin səsli (mp3) və yazılı (Word və PDF) versiyalarını www.minber.az saytından və ya www.facebook.com/minberaz səhifəsindən əldə edə bilərsiniz.