İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi
Zonalararası Təcrübə Mübadiləsi
Mövzu: İcma Layihələrində qadın iştirakı
Təqdimatçı: Səxavət Hidayətova, Oğuz rayon Padar İcma Qrupunun üzvü, Bələdiyyə sədri
Fasilitatorlar: Əşrəf Nəsirov, AzKİL2 Muğan-Salyan RƏO, İnformasiya və Əlaqələr üzrə işçi
Yenigül Gülmalıyeva, AzKİL2 LKH, Təlimçi
Tarix: 21 sentyabr 2013
İcma: Oğuz rayonu, Padar icması
AzKİL-LİQ, Layihə Köməkçi Heyəti və Muğan-Salyan RƏO icmalarda layihələrin icrası zamanı əldə olunmuş təcrübələrin bölüşdürülməsi məqsədilə Muğan-Salyan, Şimal, Şimal-Qərb və Naxçıvan zonalarının Sabirabad, Saatlı, Beyləqan, Ağcabədi, Biləsuvar, Yevlax, rayonlarının Nemətabad, Axısxa, Şıxsalahlı, Surra, Yuxarı Ağalı, Kamallı, Aşıqlı-1, Günəşli, Hüsülü, Köyük, Təzəkənd, Muğanlı icmalarının nümayəndələrinin iştirakı ilə Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası təşkil etdi. Səfər 20-25 sentyabr 2013-cü il tarixlərində keçirildi. Bu səfər zamanı 21 sentyabr 2013-cü il tarixdə Oğuz rayon Padar icmasında İQ və səfərdə iştirak edən Muğan-Salyan zonasını təmsil edən seçilmiş müxtəlif İQ üzvləri arasında görüş təşkil edildi. Görüşün məqsədi Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi vasitəsi ilə icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, inteqrasiya və işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və informasiya mübadiləsinin təşkilidir.
Görüşdə qonaq icmaların hər birindən seçilmiş 1 və ya 2 nəfər İQ üzvü, Oğuz rayonu Padar icmasından isə 7 nəfər İQ üzvü, icma sakinləri, həmçinin AzKİL LİQ Köməkçi Heyətin Təlimçisi Yenigül Gülmalıyeva, Muğan-Salyan RƏO İnformasiya və Əlaqələr üzrə işçişi Əşrəf Nəsirov və MS RƏO proqram mütəxəssisi Fəridə Eminova iştirak edirdilər.
Padar İQ və Monitorinq Qrupu üzvləri ilə qonaqlar arasındakı tanışlıqdan sonra Fəridə Eminova “İcma Layihələrində qadın iştirakı” mövzusunda çıxış edərək sözü Padar İQ-nin üzvü Səxavət xanıma verdi. Səxavət xanım Oğuz rayonundan başlayan təcrübə mübadiləsi haqqında xoş sözlər söyləyərək qonaqları salamladı və bu səpkidə tədbirlərin İcma İnkişafına müsbət mənada böyük təsir göstərəcəyini vurğuladı.
Sonra təqdimatçı Səxavət xanım “İcma Layihələrində qadın iştirakı” mövzusunda təqdimat etdi. Təqdimatçı icma haqqında ümumi məlumat verdikdən sonra AzKİL-lə əməkdaşlıqdan danışdı. Bildirdi ki, Padar İQ “Yolun bərpası” layihəsini artıq başa çatdırmışdır. Təqdimat zamanı İQ-nin seçilməsi, onun tərkibinə müxtəlif sosial qrupların, həmçinin qadınların cəlb edilməsi və bütün bunların icma layihəsinə verdiyi müsbət təsirlər xüsusi qeyd olundu. Bundan başqa təqdimatçı icma layihəsinin həyata keçirilməsində qadınların əməyindən, onların faydalı ideyalarından, bu ideyaların işin ağırlığının xeyli azalmasına səbəb olduğundan danışdı. Səxavət xanım qeyd etdi ki, onların qrupundakı qadınların hər biri liderdir. Qadınların həm cəmiyyətdə, həm də evdə böyük hörmətə malik olduqlarını vurğuladı. Müzakirə əsasında Sabirabad rayonu Axısxa İQ üzvü Urman müəllim də bu fikirlərə qoşularaq qeyd etdi ki, həqiqətən icmanın səfərbər olunmasında, töhfənin yığımında, hətta dayanıqlığın qorunmasında onların əziyyəti çox olmuşdur. Şıxsalahlı İQ lideri Elnur isə öz çıxışında qadınların problemlərə daha fərqli və daha maraqlı baxdıqlarını iştirakçıların nəzərinə çatdırdı. Qadının həyatımızda rolu çox böyükdür və qadınların iştiraklılığı təmin olunduqda problemlər həlli yolunu daha sürətli və daha keyfiyyətli formada tapır. Ümumiyyətlə, qadınların fəaliyyətini örnək kimi qeyd edə bilərik. Xüsusilə AzKİL2 çərçivəsində qadınlar öz bacarıqlarını daha fəal formada nümayiş etdirirlər. Səxavət xanım İcma Qrupuna dəyərli məsləhətlər verdiklərinə görə AzKİL2 əməkdaşlarına dərin təşəkkürlərini bildirdi. Qeyd etdi ki, bunun nəticəsi olaraq layihəmiz vaxtında və uğurla başa çatmışdir. AzKİL ilə əməkdaşlıq icmanın həyatında psixoloji və mənəvi dəyişikliklərə, insanlarda özünə inama səbəb oldu.
Uğurlar:
-
İQ icmanın tam etimadını doğrultmuş;
-
İcmanın ən vacib probleminin köklü həllinə nail olunmuş;
-
Düzgün verilmiş qərarlar və uğurlu mühəndis işi nəticəsində minimum vəsaitlə maksimum nəticə qazanılmış;
-
Qadınların bütün proseslərdə iştirakı icmanın bütün sosial qruplarının fəallığına təkan vermiş;
-
Layihə icrası zamanı qadınların iştirakı əmək töhfəsinin vaxtında və keyfiyyətli təşkilinə təkan vermişdir.
Sual-cavab:
Sual: Yeganə Məmmədova, Beyləqan rayon Aşıqlı-1 İQ lideri
İcma layihəniz icmanın bütün küçələrini əhatə etmir. Bəs bütün icma sakinlərini bu layihənin gerçəkləşməsinə necə razı sala bildiniz?
Cavab: Səxavət Hidayətova, Oğuz rayon Padar İQ üzvü
Bütün icma sakinlərinə izah edildi ki, bu layihə ayrı-ayrılıqda sakinlərin deyil, bütün icmanın mənafeyini təmin etməlidir. Odur ki, icma sakinlərinin ən böyük ehtiyacı olan və daimi istifadə olunan yolların əsaslı təmir edilməsi sakinlər tərəfindən razılıqla qəbul edildi.
Sual: Kəmalə Qasımova, Ağcabədi rayonu Təzəkənd İQ üzvü
Layihə icrası zamanı qadınların iştirakı hər hansı bir nəticə verdimi?
Cavab: Səxavət Hidayətova, Oğuz rayon Padar İQ üzvü
Əmək töhfəsinin təşkili zamanı qadınlar xüsusi ilə fəallıq göstərirdilər. Onlar icma sakinləri ilə söhbətlər aparır, hər bir sakinin bu prosesə qoşulmasına təkan verirdilər. Bu səbəbdən əmək töhfəsi vaxtından əvvəl təşkil olunmuşdu.
Dostları ilə paylaş: |