İKİNCİ Kİtab 1917-ci ildə Bİr neçƏ SÖZ



Yüklə 0,99 Mb.
səhifə10/16
tarix22.10.2017
ölçüsü0,99 Mb.
#11298
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

14
Axşam yeməyindən sonra Zina nazlanaraq:

  • Ah, bir dondurma olsa da! - deyə Vanyanın üzünə baxdı. Vanya gülümsündü; lakin heç bir təşəbbüsdə bulunmadı. Zina darılan kimi:

  • Eh, siz fəna kavalersiniz, - dedi və ağzını büzdü. Bu sözlərdən sonra Boris yerindən qalxıb, balkondan aşağı endi. Bunun getməsinə kimsə əhəmiyyət vermədi. Rüstəmbəy:

  • Aydın gecədən istifadə etməmiz yaxşı olmazmı? - deyə meydana bir təklif fırlatdı. Sanki ruhlardan xəbər verdi. Əməkdaşlar qalxıb bağa endilər. Xiyaban basırıq və bürkü idi. Taxıl tarlasına çıxdılar. Uzaqdakı meşəlik təpəyə qədər uzanan tarla dərz tayaları ilə möhtəşəm bir şəkil almışdı. Havada ruh oxşayan bir sərinlik vardı. Ayaqların altında xışıldayan küləş bir ritm vücuda gətirərək, bədirlənmiş aya qarşı duakar hisslər duydurar kimi görünürdü. Təbiətdə əsrarəngiz bir cazibə vardı. Bu cazibə gənclərin qəlblərində əks edərək, hərəsini tənha bir guşəyə sövq edirdi. Rüstəmbəylə Musya sağ tərəfdə yüksələn bir təpənin ətəyinə sığınaraq, gözəl mənzərənin tamaşasına daldılar. Zina ilə Vanya yavaş addımlarla uzaqlaşırdılar; Kasparyanla Olesya qaib olmuşdu.

Rüstəmbəy təbiətdən nəşələnərək:

  • Musya, - dedi, - bu yer xoşunuza gedirmi?

  • Ah, çox gözəldir!

  • Burada bir neçə gün istirahət edərik; ev sahibləri də qonaq sevəndirlər, qalmağımıza məmnundurlar.

  • Yol bizi çox yordu. Doğru, mən hüdudumuzu keçənə qədər qorxurdum.

Rüstəmbəy gülümsəyərək Musyanın əlini əlinə aldı:

  • Nədən? Mən sizinlə deyilmi idim?

  • Orası düz, ancaq sizi hələ dürüst tanımırdım... Lakin sizə o qədər inanırdım ki, "öl" deyəydiniz, ölməyə hazırdım...

Musyanın səmimi sözləri Rüstəmbəyin hisslərinə toxundu. Musyanın ucları soyumuş barmaqlarını dodaqlarına götürüb öpdü və sonra yanağına söykəyərək, qızın aşağıya doğru baxan gözlərinə tamaşa etməkdən çəkinə bilmədi. Bir neçə sakit dəqiqə keçdi. Musyanın Rüstəmbəyin yanağına söykənmiş nəbzi yuvasını itirmiş, quş kimi çırpınırdı. Rüstəmbəy onun əlini təkrar öpərək yavaş səslə:

  • Musya, - dedi, - indiyə qədər eşq nə olduğunu duydunuzmu?

Musya hüznlü baxışla Rüstəmbəyi süzərək:

  • Son günlərə qədər belə bir hissi duymamışdım... Musyanın sözləri qırıldı, səsi titrədi. Nəbzi daha da çırpındı. Rüstəmbəy də vücudunda bir titrəyiş duydu. Bir də sol tərəfində oturan Musyanı özünə tərəf cəlb edib üzünü onun alovlu yanağma qovuşdurdu... Odlu damlalar üzünü islatdı. Rüstəmbəy məst bir halda çəkilib Musyanı süzdü və onun göz yaşlarından doğan səadətə qarşı atılaraq, dodaqları ilə dodaqlarını buldu. Sanki qətrə çoxdan həsrətində bulunan dənizə qovuşaraq, sakit oldu. Bütün maddi varlıq nisyan qarşısında əriyib yox oldu. Bədirlənmiş ay belə iczindən susmuşdu...

Borisin qısqanc erkək fəğanları ilə dolu səsi Rüstəmbəyi ayıltdı:

  • Musya, - dedi. - görürsən, Boris Zinanı arayır.

Musya:

  • Tühafdır, bu Zina ərini sevmirmi?

Rüstəmbəy istehza ilə:

  • Sevir, Vanyanı ondan daha çox sevir, - deyə güldü.

  • Bunu anlaya bilmirəm: iki adam sevilərmi?

  • İştə, görürsən, sevilir.

  • Bu, əxlaqsızlıqdan başqa bir şey deyil!..

Borisin şərqisi fəğanlar yaymaqda davam edirdi. Buna cavab olaraq:

  • Boris! Boris! Ey!.. Buraya gəl! - deyə Zinanın səsi eşidildi.

Bir az sonra Kasparyan da uzaqdan səsləndi. Rüstəmbəy cavab verdi.

  • Vaxtdır! - deyə təkrar Kasparyanın səsi eşidildi. Rüstəmbəy ayağa qalxıb, Musyanı da qaldırdı. Yavaş-yavaş Zinanın səsi gələn dərəyə doğru yürüdülər. Oraya çatdıqda tühaf bir mənzərəyə rast gəldilər. Borislə Vanya ağlayırdılar. Boris deyirdi:

  • Vanya, sən mənim dostum və yoldaşımsan; səni bilirsən, sevirəm...

Vanya da göz yaşlarını silərək:

  • Mən də səni sevirəm... Zinaya qarşı da eyni hiss bəsləyirəm...

Rüstəmbəy bunların xüsusi işlərinə qarışmaq istəməyərək, geri döndü və rast gəldikləri Kasparyanla Olesyanı da geri çevirdi.

Hər kəs keçirdiyi axşamın təsirinə düşərək sükut içində idi.

Evə gəldikdə masanın üzərində bir qab dondurma gördülər - Borisin at üstündə qəsəbədən gətirdiyi bəlli oldu.

15
Ev sahibi balkonda oturan əməkdaşlara yanaşıb salam verdi. Yer göstərdilər, oturdu. Ev sahibi gündəlik siyasi məsələlərlə çox maraqlanırdı və paytaxt qəzetlərini yenicə gözdən keçirib gəlmişdi.

Rüstəmbəy:



  • Yeni nə xəbəriniz var? - deyə sorduqda ev sahibi gülümsündü.

  • Hələlik yaxşı xəbər yoxdur, - dedi.

Vanya heyrətlə:

  • Nə üçün? - deyə sordu.

Ev sahibi söyləyəcəklərinin haqlı olduğunu duydurar bir tərzlə:

  • Cəbhədə müvəffəqiyyətsizlik, daxildə anarxiya. Daha, yaxşı nərədə qaldı? Asayiş o qədər pozulmuşdur, evdə oturmağa belə qorxuruq mujik qoyulan qanunu tapdalayıb keçir...

Vanya bir az sərt:

  • Mujik acdır, mujik torpaqsızdır, mujik qazanır, ağalar yeyir - bu düzdürmü?.. Mujik onu əzən qanunu tapdalamağa haqlıdır; işçi onu boğan qanunu ləğv etməyə haqlıdır. İnqilabın tələbi budur!

Ev sahibi qarşısındakının hansı məsləkə mənsub olduğunu duyaraq, bir az cəsarətsiz:

  • Oğlum, siz gəncsiniz, mən də gəncliyimdə belə əqidədə idim... Ancaq... bu fikirlər dildə və yazıda xoşdur, işə gəldikdə yaxşı bir nəticəyə varmır...

Vanya etiraz etdi:

  • Qərb dövlətləri inqilab yapmadımı? - dedi.

  • Yapdı; lakin bizim kimi baltanı dibindən vurmağa qalxışmadı!

  • Bağışlayın, balta hələ dibindən vurulmamışdır. İndı hələ müdaraçalıq dövrüdür: sosialistlər kadetlərlə, onlar fabrikçilərlə uzlaşıb baş tovlayırlar. Əsil inqilab proletariatın iş başına gəlməsində olacaq.

Ev sahibi məyus bir halda susdu. Bir az başını bulayıb gülümsədi:

  • Hər bir fikri həyata keçirmədən əvvəl məmləkətin vəziyyəti və xalqın əhvali-ruhiyyəsi də nəzərə alınmalıdır, zənn edirəm. Vəhşi xalq hürriyyətin qədrin bilərmi? Mujik tənbəldir, əxlaqsızdır, yıxıcıdır. O, başına buraxılsa, aləmi qana döndərər. Rusun bütün dövlət adamları və mütəfəkkirləri bu fikrə şərikdirlər.. Siz Rusiyanın müqəddərətını bunlara tapşırmaq istəyirsiniz...

Vanya hiddətləndi:

  • Bu sözləri çox eşitdik. Bu yalnız sizə və mənsub olduğunuz sinfə fayda verən bir fikirdir. Siz, təbii, mülkünüzü və imtiyazlarınızı yenə əlinizdə saxlamaq istəyirsiniz. Siz zəhmətsiz yemək istəyirsiniz; lakin bu artıq keçməz.

Vanya sözlərini bitirib, müzəftər bir surətdə gülməyə başladı.

Rüstəmbəy ehmal bir səslə söhbətə girişdi:



  • İstibdad dövrü bitmiş hesab olunmalıdır, - dedi. - Geriyə dönmək yoxdur. Çar idarəsinin uyğunsuzluqları heç bir fikir və mülahizə ilə doğruldula bilməz. Zəhmət şüarı hər şeydən yüksəkdir. Mülkədarların müftəxorluğuna nəhayət verməlidir. Rus əməkçi xalqının əzilməsi göz önündədir. Rus əzildikdə bizim kimi qeyri xalqlar iki dəfə əzilir. Siz boğulduğunuzdan şikayətlənirsiniz, biz məhv olduğumuzdan... Belə bir hal davam edə bilməz!..

Başqaları da söhbətə girişərək, münaqişə alovlandı. Kasparyan erməni və Olesya Ukrayna məsələlərini irəli sürərək, köhnə idarəyə qarşı küfrlər yağdırdılar. Ev sahibi Ukrayna məsələsinin süni olaraq meydana çıxmasını iddia etdi. Erməni və türk məsələlərinə vaqif deyilmiş, ancaq bu xalqların tam hüquqa malik olmalarını eşitmiş imiş. Yəhudi məsələsi mövzui-bəhs oldu:

  • Yəhudilər istismarçı bir millətdirlər, - dedi. - Bunları hər ölkədən qovmuşlar. Bunlara hüquq verilsə, bütün Rusiyanı istismar edərlər.

  • Yəhudilər bir millət olaraq hüquqdan məhrum edilə bilməzlər, - deyə fikirlər yürüdüldü... Bir saatdan artıq davam edən münaqişə kimsəni məsləkindən daşındırmadı. Nəticədə ev sahibinin irticapərvər olduğunu hər kəs təsdiq etdi.



16
Proskurov şəhərinə qədər bir düşərgə qalmışdı. Onu da mədəni bir polyak ciftliyində keçirdilər. Ər, arvad və qızlarından ibarət bu ailə təhsillərini xarici ölkələrdə görmüş, bir neçə dillərə vaqif adamlardı. Olduqca nəzakətli və qonaqpərvər idilər. Malik olduqları geniş torpaqdakı kəndlilər itaətsizlik göstərməyə başlamışdılar. İzinsiz olaraq meşəni kəsib, mülkədarın taxılını biçmişdilər. Bu vəziyyətdən təşvişə düşən mülkədar təsadüfən evinə gələn qonaqları buraxmaq istəmirdi. Zemstvo əməkdaşlarının gəlməsi bunları olduqca sevindirdi. Qonaqlara ayrıca otaqlar təxsis olundu, təmiz yataqlar verildi və orada qaldıqları üç günün müddətində gözəl yeməklərlə ikram olundular.

Hələ bölükləri yerləşdirməmişdilər; fraklı qoca lakey onları nahara dəvət etdi. Yuyunub getdilər. Ev sahibi gül-çiçəkli geniş terrasda bunları qarşılayıb, yemək otağına götürdü. İyirmi dörd adamlıq yemək masasının ətrafinda ev sahiblərindən başqa üç də zabit vardı. Ev sahibi müsafirləri dolğun qadınına, sarışın sadə geyinmiş qızına və zabitlərə təqdim etdi. Oturdular. Otağın kübar üslublu mebeli vardı. Divarlardan iyirmiyə qədər əcdada mənsub rəsmlər asılmışdı; boyük Yekaterina dövrünə aid qiyafələr də görünürdü. Masanın zəngin servizləri, bir-bırini mütəaqib verilən əlvan yeməklər əməkdaşları heyrətə gətirirdi; çox xörəkləri həyatlarında ilk dəfə görür və yemək qaydasını belə bilmirdilər. On beş-iyirmi növ içki vardı.

Əməkdaşlar içəri girdikdə Rusiya almanlarına dair bəhsə təsadüf etdilər. Gənc bir zabit deyirdi:


  • Rusiyada yaşayan almanlar vətən yolunda lazımi sədaqət göstərdilər, zənnindəyəm. Mən alman olaraq, üç ildir cəbhələrdə vuruşuram, iki dəfə də yaralanmışam; çünki Rusiyanı özümə həqiqi vətən bilirəm. Mənim bir yoldaşım vardi- Bu, orduya cəlb olunar-olunmaz özünü öldürdü; buraxdığı məktubda: Rusiyaya xəyanət, yoxsa alman millətinə qarşı düşmənçilik? - bu iki yolun heç birisi ilə gedə bilmədim - deyə yazmışdı... İkiüzlülük alçaqlıqdır.

O biri zabit sönük səslə:

  • Saray işi xarabladı. Çariça həm öz xanədanını, həm də Rusiyanı batırdı.

Üçüncü zabit qeyzlə:

  • Çariçanın, - dedi, - qəbahəti yoxdur; biz alman kimi, yüksək texnikalı bir millətlə müharibə etməyə hazır deyildik. Bunu sabiq hərbiyyə naziri Kuropatkin də söyləmişdi. Buna baxmayaraq, ingilis hiyləsinə aldandıq. Çariça müttəfıqlərdən ayrılaraq, sülh yapmağı irəli sürürdü. Başqa çarə də yoxdu. Elə olsaydı, həm xanədanı, həm də ölkəni bu günkü biabırçılıqdan qurtarardıq. Satqın nazirlər, axmaq deputatlar işi xarabladı. Nəticədə böyük Rusiya şərəfsiz bir hala gəldi. Bu işlərin sonunu belə düşünməyə ağlım irmir...

Zemstvo əməkdaşları ilə hərbilərin arasında olan uçurum sayəsində söhbət zabitlərdən başqasını qaplamadı. Yeməklərin ləzzəti söhbətə qələbə çaldı.

Uzun müddət davam edən nahardan sonra qəhvə ilə likör verildi. Ev sahibi bufetdən bir qutu Havay sığarası çıxarıb, qonaqlara təklif etdi.

Nahardan sonra çiçəkliyə, oradan da meyvə bağına keçildi. Buralarda da zabitlərlə əməkdaşlar bir-birinə qarışmırdı: ev sahibi əməkdaşları, qızı da zabitləri təşyi edirdi.

Zabitlərdən biri köşkün təsərrüfat cəhəti ilə maraqlandı. Ev sahibi bunları götürüb, təsərrüfat maşınlarını, heyvanların son sistem axurlarını, pendir və pivə zavodlarını göstərdi. Oranjereyanın mükəmməliyyatı, döl heyvanlarının saxlanılması - bütün təsərrüfatdakı nizam bər kəsin heyrətinə səbəb oldu. Ev sahibinin təsərrüfata böyük marağı varmış - Qərbdən və Amerikadan iyirmiyə qədər məcmuə gətirib, kənd təsərrufatındakı bütün yenilikləri təqib edirmiş.



17
Zadəganların dəbdəbəli saraylarını görən Rüstəmbəy mujik damlarını da dolaşmağı qərara aldı. Vanyaya təklif etdi, o, əllərini havada fırlayaraq:

Sabah çaydan sonra Rüstəmbəy Musya ilə bərabər köşkü tərk etdi. Ev sahibi xanım ağacın altında oturmuşdu. Gəlib keçən bəzi kəndli qadınlar onun əlini öpürdülər.

Kənd köşklərdən bir az aralı idi. Tozlu yolla getdilər. Hasarların arasında toz qopdu: iki-iki bir-birinin önünə qoşulmus altı gözəl at və arxada şıq bir brek göründü; köşk sahibi qızı ilə bərabər sabah gəzməyindən dönürdü. Şapka qalxdı keçdilər. Kəndin geniş bir küçəsi vardı. Bütün daxmalar bu küçə uzunu yapılmışdı. Daxmaların küçəyə qarşı kiçik bağçaları vardı. Cağların başına küpələr çevrilmişdi. Hər yeri günəbaxan və gülxətmi bürümüşdü. Ağarılmış bir komaya girdilər, iki otaqdan ibarətdi. Birində kərpic divar sobası vardı. İri yastıqlı bir taxt qoyulmuşdu. Otağın küncü ikonalarla dolu idi. Burası qonaq otağı, ya rəsmi otaqmış; o birisi olduqca kirli, tör-töküntü idi. Ev sahibləri arvad və uşaqlar hərə bir işlə məşğuldu. Burnunun önünə milçəklər yığılmış bır qız çocuğu çörək gəvələyirdi. Müşəmbəsi neçə yerdən cırılmış masanın üzərinə kartof və soğan tökülmüşdü. Kirli döşlüklü arvad nahar hazırlayırdı.

Qonaqları görcək arvad müti bir surətdə əllərini döşünə daraqlayıb təzim etdi.

Rüstəmbəy məqsədini gizləyərək:



  • Buradan bir bölük əsgər keçəcək, onlara mənzil axtarırıq, - dedi.

Qadın tabe bir halda:

  • Bircə otağımız var, bəyənsəniz, tutun.

Rüstəmbəy:

  • Bir az dincəlmək olarmı? - deyə müsaidə istədi.

  • Buyurun!

Rüstəmbəy və Musya oturdular. Rütubət iyi damaqlarına çökdü.

  • Əriniz hanı?

  • Dəyirmana buğda aparmış.

  • Buğdanız çoxdurmu?

  • Allaha şükür, qışımızı görər. Ancaq... yalnız çörəklə iş bitmir. Bir inəyimiz vardı, gəbərdi; təzəsini almağa pulumuz yoxdur.

  • Kartofunuz boldurmu?

  • Allaha şükür, görər.

Rüstəmbəy dərin bir maraqla:

  • Yayı işləyirsiniz, bəs qışda nə qayırırsınız?

  • İş olanda ərim ağalıqda işləyir.

  • Gündə neçə qazanır?

  • On qəpik.

  • Taxılınız olmayan il olurmu?

  • Olur.

  • Onda nə edirsiniz?

  • Eldən borc alırıq. Bəzən burada yəhudilər və müamiləçi ruslar var, onlardan nisyə olaraq satın alırıq. Xırmana qədər gözləyirlər.

  • Bahamı satırlar?

  • O, çox! Bəzən birə üç qiymətə. Onların borcundan çıxmaq çətin olur; çünki öz torpağımız azdır, ağadan icarəyə götürürük: məhsulun yarısı da ağaya çatır.

Rüstəmbəyin marağı bir az söndü. Qadından razılıq edib, ağır havalı komanı tərk etdi. Bağçanı bürüyən günəşli hava üzünə çarpıb onu sevindirdi. Gilənar ağaclarının altında titrəşən sarı ləkələr ona olduqca yeni və cazibəli göründü.

Rüstəmbəylə Musya bir neçə komaya da girdilər. Bir-birinin eyni. Yalnız bəzisi təmiz, bəzisi isə olduqca kirli idi. Bir neçə yerdə mujiklər samoqon arağı çəkirdilər. Keflilərə də rast gəldilər. Həftələrcə içənlər varmış.

Kəndin ortasına çatıb, kilsənin yanında oturdular. Bir-iki dilənçi gəlib bunların qarşısında diz çökdü və Rüstəmbəyin əlindən öpmək istədi. Rüstəmbəy əlini kənara; çəkərək, ciddi səslə:


  • Ayağa durun, sonra məramınızı anladın! Dilənçilər qalxıb, xaç çəkərək təzim etdilər. Rüstəmbəy onlara pul verib yola saldı və sonra Musyaya müraciət edib:

  • Musya, - dedi, - bu mujiklərin qulcasına davranmalarını heç də sevmirəm. İdarədə də belədirlər; sözlərini demədən əvvəl masanın qarşısında dizi üstə düşüb əl öpərlər.

  • Təbii deyilmi? Əsrlərcə qüvvətlilərə qul olmuşlar. Üzərlərində əsarətin izini daşıyırlar.

  • Mujiki xəşin deyə təsvir edirlər. Bu nə qədər doğrudur?

  • Mədəni olmayanların hamısı belə deyilmi?

  • Yox. Rus mujikinin başqa bir xüsusiyyəti varmış: yıxıcılıqla məşhur imiş. Hər halda mujiki ətrafı tanıyan rus münəvvərləri bunları mənə belə tanıdıblar. Cəbhədə gördüklərim məndə bu qənaəti qüvvətləndirdi.

  • Deyirlər, mujik üçün ibadətlə cinayət eyni məna ifadəsi imiş: mujik ibadətini buraxıb cinayət yapar, sonra ibadətinə davam edərmiş...

Musya məyus bir halda ağzını burdu..

  • Nə deyim? - dedi. - Mən şəhərliyəm, mujiki yaxşı tanımıram. Ancaq mujik haqqında rəylər ələləksər mənfıdir. Mujik yalançı, ikiüzlü, hiyləgər, tənbəl və oğrudur deyirlər. Amma yüz milyonluq mujikin hamısımı belədir? Rus klassikləri biləks bunları müsbət və Allah qorxusu daşıyan kimi təsvir edirlər.

Evə dönənə qədər mujik ətrafında danışdılar. Rüstəmbəy sektantlardan bəhs açıb, onların hakimiyyətə zidd olduqlarını söylərək:

  • Məncə, - dedi, - bunlara yalnız şiddətli bir hökumət intizam öyrədə bilər. Liberal hökumət mujik inadına qalib gələ bilməz!..

Musya susaraq Rüstəmbəyi dinləyib, ağlı irmədiyi məsələlərin həllinə qalxışmırdı. Daha doğrusu, Musya şən, könülaçan söhbətlər dinləmək istəyirdi.

18
Proskurovun ətrafındakı yollarda qaçıb dağılan əli tüfəngli soldatın sayı-hesabı yoxdu. Üç ildən bəri bir zümrənin faydası üçün cəbhədən-cəbhəyə sürüklənən işçi və kəndli, nəhayət, bir imkan bulub, müharibə dəhşətlərindən yaxasını çəkərək, evinə, pərişan ailəsinə qovuşmaq istəyirdi. Bütün verilən vədələr, coşdurulan vətən hissi, təhdid və cəza bu böyük axına qarşı sədd çəkməyə qadir deyildi. Baş komandan Kornilovun ölüm cəzasını ehya etməsi kimsənin nəzərini belə cəlb etmir, papaqlarında kəllə əlaməti olan "ölüm alayları" da hərc-mərcliyin önünü almaqdan acizdi.

Cəbhədən qaçanlar Proskurova toplanırdılar; şəhər və ətrafı cür-bəcür idarələr və təşkilatlarla dolmuşdu. At, araba, avtomobil, ənva alaylara mənsub süvari və piyada qoşun hissələrinə hər addımda rast gəlinirdi. Bir düzəngahda düşərgə yapan "vəhşi diviziya"nın bir bölüyü hər kəsi maraqlandırırdı. Bunlar dairə təşkil edərək, zurna çalıb oynayırdılar. Ətraflarında böyük bir izdiham vardı. Bunların ləzgi qiyafəsi, mahir rəqsləri, bağırtı və şənlikləri Musyanı olduqca maraqlandırmışdı. Qəzalağı saxladıb qozluya söykənərək, tamaşa edirdi. Arabir içini çəkərək Rüstəmbəyin qolundan dartır və rəqs edənləri göstərib, sevincindən az qala bayılırdı.

Rüstəmbəy isə maraq deyil, nifrətlə tamaşa edirdi. Bunların Qafqaz şəhərlərindəki sərsərilərdən olduğunu və cəbhədə düşməndən çox sülhpərvər əhaliyə qan uddurduqlarını bilirdi. Qalitsiyanın hər bir kəndlisi onları dəhşətlə xatırlayırdı.

Rüstəmbəy vəhşilərin "fəzilətlərini" çox eşidib bıkmışdı. Odur ki, Musyanı məmnun buraxmaq üçün arabir gülümsəyir, lakin üzündən kin yağırdı. Azərbaycan türklərinin bunlara qarşı ümidlər bəslədiyini xatılrlayaraq, yasa batdı və atları çevirib, karvanı izləməyə başladı.

Karvan Proskurovda yer tapmayıb, açıq havada qalmışdı. İrəliki gün yağış yağmış, palçıq dizə çıxırdı. Buna baxmayaraq, düşərgə qərar verilib, zemstvo baş idarəsi aranılmağa qoşuldu.

Şəhərdə un, qənd, ayaqqabı, at ticarəti böyük meydan almışdı. Dəllallar köçlərin arasını dolaşaraq, zəmin hazırlayır, gecələr də mal qaçırırdılar. Ərzaq böhranlarından istifadə edərək, dövlət malları əldən ələ keçirdi.

İkinci gün Musya ilə Olesya baş idarələrini tapıb, Kiyevə dönmələrinə əmr almışdılar. Bundan əvvəl Musya Rüstəmbəylə şəhərə getdi. Musya anasına teleqraf göndərəcəkdi. Bir-iki saat şəhəri dolaşdılar. Musya Rüstəmbəyi ən gözəl, iki tərəfı çiçək bağçalı küçələrdən apararaq onu eşq və hörmətlə dinləyirdi... Lakin Rüstəmbəy Musyanın verdiyi suallara düşünərək cavab verib onu qane etmirdi. Rüstməbəyin yoldakı rəftar və hərəkəti Musyanın ürəyində bir ümid doğurmuşdu. İndi Musya bu ümidin bir söz, bir vədlə təsdiq edilməsini gözləyirdi. Rüstəmbəy isə buna yanaşmırdı.

Nəhayət Musya açıq olaraq:



  • Sabah mən gedirəm, siz bir az da olsa mənim yoxluğumdan kədər duyacaqsınızmı? - deyə mənalı baxışla Rüstəmbəyi süzdü.

Rüstəmbəy gülümsünərək:

  • Musya, bu suala cavab vermək üçün bir müqəddimə etməliyəm. Mən dosta, bilxassə qadın dostuma tez alışıram; lakin bu alışmanın özündə bir acı duyuram: çünki qəlbim deyəni ağlım və ağlım deyəni qəlbım inkar edir. İştə bu dəruni təzad məndə əzab hissi doğurur. Sizinlə ilk görüşəndən bəri əzab içindəyəm. Bu əzabın yeganə əlacı... ayrılıqdır...

Musya izəəti-nəfsinin xətərlənməsini duyaraq, sərzənişlə:

  • Deməli, ayrılmamızı səbirsizcəsinə gözləyirsiniz, - dedi və gözləri yaşardı.

Rüstəmbəy Musyaya təsəlli verərək:

  • Yox, əzizim, - dedi, - fikrim anlaşılmadı. Hər bir fərd söylədiyi sözü və hərəkəti üçün məsuldur. Qəti bir söz söyləsəm, yerinə yetirməliyəm. Boş vədləri sevmirəm...

Musya yenə qeyri-məmnun bir halda onun sözlərini kəsdi:

  • Deməli, bu on beş günlük dostluğumuz, hərəkətimiz və ifadələrimiz yalnız boş bir əyləncə imiş.

Rüstəmbəy cəld:

  • Yox, nə üçün? Hiss coşmazmı? Coşdu... Qəlblər yuvalarından uçub bir budağa qondu... Gəncliyin iqtizası bu.

  • Deməli qəlblər yenə yuvalarına dönməli; çünki boş-boşuna uçmuşlarmış...

Rüstəmbəy etdiyi müqayisəni canlı olaraq təsəvvür edib gülməyə başladı. Gülüşü Musyanı büsbütün dilgir etdi. Hiddətindən əlini Rüstəmbəyin qolundan çəkib, bir neçə addım ön tərəfə yürüdü. Rüstəmbəy arxadan onu süzdü. Musyanın yolda əzilmiş paltarı, ənsəsində sual işarəsi kimi qıvrılmış tükü, palçıqlı, bir az da dabanı getmiş uzunboğaz çəkməsi ona olduqca gülünc göründü. İçində bir acı duydu.

Mətanətsiz addımlarla bir müddət yürüdülər. Bir az sonra Musya ayaq saxlayaraq, geri çöndü. Qara kirpikli parlaq gözləri ilə Rüstəmbəyə baxdı, alt dodağını dişlədi. Gülləri solduran yanağında lətif bir çökək zühur etdi: "Qəlbim, həyəcanım, bütün varlığım həp sənindir!" - deyən kimi oldu.

Rüstəmbəyin üzü parladı. Ürək çarpıntılarından eşidilməz bir ıfadələr qoparaq Musyanın həyəcanlarına qarışdı. Qadın hissi qane olmuşdu. Qollar bir-birinə yenidən sarıldı və mətin addımlar onları düşərgəyə doğru sövq etdi.

19
Qazalaq Musya ilə Olesyanı vağzala gətirdi. Rustəmbəy və Kasparyan onları təşyi edirdilər. Şeyləri vaqona qoyub, platformaya endilər. Rüstəmbəy vaqonun bir başında, Kasparyanla Olesya da bir az uzaqda durmuşdular.

Musya əli ilə Rüstəmbəyin qoluna təmas edərək:



  • Rüstəmbəy, - dedi, - bax, tez-tez yazınız! Gözləyəcəyəm.

  • Yazaram. Hələlik Nikolay küçəsindəki meyvə mağazasına yazın, otaq tutduqdan sonra yeni adresimi bildirərəm.

  • Yaxşı!.. Yol elə ağır keçəcək ki...

Rüstəmbəy Musyanın səsindəki hüznü duyaraq:

  • Keçməz. Öyrənərsiniz. İnsan hər bir şeyə qələbə çalan bir məxluqdur, - dedi.

Musya bu fikrə şərik olmayan bir tərzdə:

  • Yox, Rüstəmbəy, mən o məxluqdan deyiləm, - dedi, gərdənini bir az əydi və çocuq kimi dabanının üzərində sol və sağa fırlanmağa başladı. Rüstəmbəyə baxaraq, üzündəki hüzn əlamətləri şadlıqla əvəz olundu.

Bir də Rüstəmbəyin frençinin düyməsindən yapışıb:

  • Mən ölərəmsə, ağlarsınızmı? - deyə dodaqlarında tühaf bir təbəssüm oynatdı.

Rüstəmbəy gözləmədiyi bir suala qarşı:

  • Mən sizi, - dedi, - daima gənc, şən, lətif həyəcan da cilvələnən təsəvvür edirəm. Sizə matəm süsü yaraşmır...

Musya peşman kimi:

  • Yox, yox, zarafat edirəm, - deyə ayaqlarının ucları ilə yarımdairə yapdı.

Rüstəmbəyə bu mövzu o qədər xoş gəldi ki, bu sahədə mülahizələr yürütməyə başladı:

  • Gənc həyat elə böyük bir qüvvədir ki, mətin qayanı belə yıxar. Gənc olduğumu idrak edən dəqiqələr özümü kainatın hakimi zənn edirəm...İnsan özünün baqi olmadığına ınanarmı? Gündə yüz minlərlə ölülər belə görsəm, öləcəyimə qane ola bilmirəm. İnsan təbiəti tühaf bir zehniyyətə malikdir...

Musya Rüstəmbəyin məntiqi, aydın və nikbin sözlərini dərin bir eşqlə dinləyirdi. İkinci zəng vuruldu. Haman ikisi də hazır bir vəziyyət aldı. Rüstəmbəy sağ əlini irəli uzatmaq istəyirdi, Musya sıçrayıb onun boynunu qucaqladı və dodaqlarından öpdü. Sonra günah işləmiş kimi qaçıb vaqona çıxdı. Olesya içəri girər-girməz pəncərədə göründü. Musya isə bir az ləngidi. Üçüncü zəng vurulana yaxın başını pəncərədən çıxardı, gözləri yaşlı idi. Tez-tez çəkilir, arxada ağ dəsmalı ilə gözlərini silirdi.

Qatar tərpəndi. Musya gözlərindən ayırdığı dəsmalını salladı:



  • Unutmayın! - deyə hayqırdı.

  • Yaxşı yol! Salamat gedin!

Tren getdikcə dəsmal havada yellənir, üzərində daşıdığı göz yaşlarının sirlərini Rüstəmbəyə duydururdu.

Artıq son vaqon da gurultu ilə keçib getdi. Kasparyan yanaşıb Rüstəmbəyin qoluna girdi, bir yerdə qazalağa doğru getdilər.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin