İkinci kitab Bir neçə qərinə sonralar dünya



Yüklə 0,79 Mb.
səhifə11/14
tarix25.10.2017
ölçüsü0,79 Mb.
#12479
1   ...   6   7   8   9   10   11   12   13   14

Burada İran haqqında danışmağın asan olmadığını Eltürk Metexana da yazmışdı. Yazmışdı ki, biz o tay deyəndə adamlar söhbətin İrandan getdiyini başa düşürlər. İranın qorxulu siyasət apardığını deyəndə isə adamların qaşları düyünlənir, bizləri qardaşlarımıza biganə yanaşmaqda qınayırlar. Onda Metexan bir sicilləmə məktub yazıb yollamışdı Eltürkə. O məktubda öndər çox həqiqətlərin üstünə işıq salmışdı. Qeyd eləmişdi ki, birinci növbədə insanlara İranın və cənubi Azərbaycanın fərqli bir məkan olduqlarını başa salmaq lazımdır. Duyğusu olan insanların hamısına o tayda qalan qardaş və bacılarımızın nədən bizdən aralı düşdüklərini anlatmaq, tarixi gerçəyi onların gözləri önündə canlandırmaq bizim əsas görəvimizdir.

Əslində Metexanın hazırlayıb yaydığı milli konsepsiyada da bunlar haqqında ümumi məlumatlar verilmişdi. Bu məktubunda isə o, ən xırda məqamlara belə aydınlıq gətirmişdi. Məktubun axırında Metexan Eltürkə və onun əqidədaşlarına əmrə bənzəyən sözlər də ünvanlamışdı. “Sizlərin hər hansı bir çətinliklərdən qorxmağa, geri çəkilib gözləmə mövqeyində dayanmağa haqqınız yoxdur! Hər an səni öldürməyə məqam gəzən düşmənlə mübarizə aparmağa və lazım gəlsə, vətən yolunda ölməyə hazır olmalısınız! Qorxanlar hər zaman məhvə məhkumdurlar! İçərimizdə olan qorxunu öldürüb, əbədilik diri qalmağı bacarmasaq, hər zaman kölə qalacağıq, qollarımızdakı zəncirləri qıra bilməyəcəyik, köləliyin qaranlığında əzabla can verə-verə dünyadan gedəcəyik.”

Təbrizin edam meydanında baş verənlərlə Metexanın məktubu arasında əlaqənin olub-olmadığını Eltürkün özü də bilmirdi. Ancaq ona məktub gələndən iki gün sonra onu Dövlət Təhlükəsizliyi Komitəsinin rayon şöbəsinə çağırdılar. Oraya gedənə qədər buraya nə üçün çağırıldığını dürüstləşdirməkdə əziyyət çəkirdi. Axı onun burada nə işi vardı? Əvvəldən bu komitə ilə ehtiyatlı davranırdı Eltürk. Köhnə dövlətdən bu komitəyə qarşı onda qəribə bir ikitirəli hisslər var idi. Atası o dövlətdə bu komitənin gördüyü iyrənc işlərdən danışanda onun tükləri ürpəşərdi. Eltürk uşaq təfəkkürünü işə salıb o qarışıq dövləti başqa üsullarla saxlamağın mümkün olmadığını atasına deyəndə, atası özündən çıxardı. “Bala, dövlət saxlamağın da bir ədəb-ərkanı olar. Belə zalımlıqla saxlanılan dövlətin də elə yetmiş ildən çox ömrü olmaz.” Atasının sözlərini beyninə vuranda görürdü ki, o, düz deyir. Amma öz sözlərini də qəribliyə salmağa ürəyi gəlmirdi. Bir damın altına axı necə yetmiş bir milləti yığıb, qoluqandallı saxlamaq olardı?

Komitənin əməkdaşı ona məktub haqqında danışanda Eltürk dəhşətə gəldi. O məktub gizli yollarla göndərilmişdi. Bəs komitə bu məktubdan necə xəbər tutmuşdu? Bunları ürəyində götür-qoy edəndə əməkdaş onun nələr düşündüyünü başa düşdü. Əda ilə yerindən qalxıb, Eltürklə üzbəüz oturdu.

-Elə bilirsiniz dövlət işləmir?

-Yox, əsla,biz elə düşünmürük. Sığındığımız bir dövlətimiz var, o da işləməsə, onda vay bizim halımıza. Ancaq mənim üçün çox maraqlıdır, o məktub barəsində məlumatı hardan almısınız?

Əməkdaş gülümsəyib, qupquru nəzərləri ilə düz Eltürkün gözlərinin içinə baxdı.

-Hə, aydındı. Həyəcanını boğa bilmirsən.

Elə o anda Eltürk çox mənasız və yersiz sual verdiyini anladı.

-Üzr istəyirəm. Son günlər çox gərginlik içərisində yaşadığıma görə hisslərimə hakim ola bilmirəm.

-Gərginlik içərisində? Nə olub ki?

-Bu bizim dövlətlə bağlı deyil.

-Cənubi Azərbaycan məsələsidir?

-Bəli, cənab əməkdaş.

-Axı sizin oralarda nə işiniz var? Zülmlə bir dövlət qurmuşuq, niyə qoymursunuz bu dövləti əmələ, ərsəyə gətirək?

-Qoymuruq?

-Bəli, qoymursunuz. Sizlər başa düşmürsünüz ki, İran güclü dövlətdir, onun daxili işlərinə qarışanda o dövlət qıcıqlanır. Zərbəsi bizə dəyir.

Eltürk daxilində əsəbiləşsə də, ciddi-cəhdlə bunu üzə vurmamağa və əməkdaşdan gizlətməyə çalışdı.

-Cənab əməkdaş, siz məndən yaxşı bilirsiniz ki, biz onların yox, onlar bizim işlərimizə qarışırlar. Müstəqil dövlətimizin olmağını İran dövləti həzm edə bilmir.

-İran dövləti necə həzm eləsin? Cənubla Şimal birləşib, bir dövlət qursa, regionda ən qüdrətli dövlətə çevrilər. Sən İranın yerində olsan, bunu qəbul edərsən, belə dövlətin yaranmağına imkan verərsən?

Eltürk bir an özünü itirdi. Əməkdaşa cavab qaytarmağa söz tapmadı. Bundan istifadə edən əməkdaş söhbəti bir az da uzaqlara apardı.

-Təsəvvür elə ki, sənin dövlətinin ərazi bütövlüyünə böyük təhlükə var. Onda sən o ərazi bütövlüyünü parçalamaq istəyən dövlətlə hansı münasibətdə olarsan?

-Sizin sözünüzdən belə çıxır ki, biz əli-qolu bağlı oturub, sonumuzu gözləməliyik. Yaşı ötmüş adamın oturub əzrayılı gözlədiyi kimi.

-Yox, elə deyil, sənin müqayisəndə o qədər də uyğunluq görmürəm.

-Cənab əməkdaş, yəqin siz məndən də yaxşı bilirsiniz İranda baş verən prosesləri? Eləcə də, İranın bizim dövlətimizə göstərdiyi təhdidlərdən də xəbəriniz var. Bəs onda biz Azərbaycan vətəndaşı olaraq nəyi gözləyirik?

-Sizi bilmirəm, ancaq biz onu gözləyirik ki, dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini qoruyub, saxlaya bilək.

-Ərazi bütövlüyünü? Siz bilirsinizmi, Azərbaycan nə qədər torpaqlarını itirib? Xətainin, Təhmasibin vaxtında...

-Yaxşı, yaxşı, mənə tarix dərsi açma. Xətainin, Təhmasibin o qədər səhvləri olub ki. O səhvlər ucbatından ucsuz-bucaqsız torpaqlar əldən gedib. Siz istəyirsiniz o səhvləri biz də edək? Onlar kimi dövlətçilik tariximizi saxlaya bilməyək?

-Nə fərqi var, indi də torpaqlarımızı başqa formada itiririk. Qarabağı qoyuram qırağa, o yerlərin erməni torpağı olacağına heç zaman inanmamışam. Ancaq o boyda cənubi Azərbaycan ilbəil, həftəbəhəftə, günbəgün əlimizdən gedir. Biz vətən oğulları isə oturub düşmənlərdən nicat gözləyirik.

Əməkdaş ayağa qalxdı. Pəncərənin qarşısına gəlib, nəfəsliyi açdı. Siqaret yandırıb, tüstünü acgözlüklə sinəsinə çəkdi. İki-üç qullab vurandan sonra siqareti külqabında söndürdü. Yenə yerində oturdu. Bayaqkı ciddi görkəmlə yenə Eltürkün gözlərinə baxdı.

-Siz elə bilirsiniz biz bunları bilmirik? Kabinetlərdə oturub xumarlanırıq? Vətənin başına gətirilən müsibətlərə laqeyd və biganəyik? Elə düşünməyin, cənab Eltürk Arazlı. Biz vəzifə sahiblərinin də qəlbi var və o qəlb vətən üçün döyünür... Ancaq mənim üçün çox maraqlıdı, siz Qumda təhsil almamısınızmı?

-Bəli, Qumda oxumuşam.

-Yarımçıq oxumusunuz?

-Bəli.


-Sonra isə...

-Yəqin ki, baş verənlərin hamısından xəbəriniz var?

-Bəs onda İran dövlətinə qarşı niyə sevginiz yoxdur? Axı orada təhsil alanların hamısı İran aşiqi olurlar.

-İran aşiqi olmurlar, cənab əməkdaş, zəif iradəli insanların beynini yeyib, onlarda İran sevgisi yaradır, sonra bu taya göndərirlər. Göndərirlər ki, müstəqil dövlətimizə arxadan zərbə vursunlar. Elə bir zərbə ki, bu dövlət bir daha istiqlal haqqında düşünə bilməsin.

-Bəs onda sizdə niyə bu sevgini yarada bilmədilər?

-Dedim axı, zəif iradəli insanların beynini yeyirlər. Mən zəif iradəli insan deyiləm.

-Zəif iradəli insan deyilsiniz? Bəs onda narkotik qəbul etməyiniz necə, zəif və iradəsizliyin əlaməti deyil?

Eltürk yerindən sıçrayıb, ayağa durdu. Səsini ucaldıb, az qala qışqırmaq istədi.

-Necə? Mən narkotik qəbul edirəm?

-Hətta, onun kütləvi satışını da təşkil edirsiniz.

-Onu kim deyir, cənab əməkdaş?

-Hər halda, bizə gələn məlumatlarda belə yazılır.

-Siz o məlumatlara inanırsınız?

-Məlumat verilir ki, siz hər dəfə İran ərazisinə keçəndə oradan küllü miqdarda narkotik maddə gətirirsiniz. Bu işdə sizə həyat yoldaşınızın qohumları da kömək edirlər.

-Ola bilər, cənab əməkdaş, həyat yoldaşımın o qədər qohum-qardaşı var ki, onların təklifindən imtina edə bilmirəm.

-İstehzanızı başa düşmədim.

-Axı siz hadisələrin necə cərəyan elədiyini yaxşı bilirsiniz. Onun qohum-qardaşları olsaydı, onlar məni narkotik alverçiliyinə yox, mən onları vətən fədailiyinə dəvət edərdim.

Deyəsən, bu söz əməkdaşın xoşuna gəldi. Bir qədər qımışdı. Ağzını doldurub, nəsə demək istədi. Ancaq gələn sözü boğazından geri qaytarıb başqa söz dedi.

-Hər halda, bizə çatan məlumatlarda belə qeyd olunur. Bizim o məlumatları yoxlamağımız vəzifə borcumuzdur.

-Mən onu başa düşürəm. Lakin sizin də məni başa düşməyinizi təvəqqə edirəm.

Əməkdaş şkafın siyirməsini açıb xeyli kağız-kuğuz götürdü. Gətirib masanın üstünə, düz Eltürkün gözlərinin qabağına qoydu.

-Bax, bu kağızlar sizin haqqınızda komitəyə daxil olan məlumatlardır. Hələ bu məlumatların cüzi hissəsidir.

-O məlumatlarda nə yazılır?

-Yazılır ki, siz İran-Azərbaycan dostluğuna ziyan vuran işlərlə məşğul olursunuz. Qonşuluq və qardaşlıq əlaqələrinin qurulmasına əngəl törədirsiniz. İrandan gələn mollaların fəaliyyət göstərməsinə imkan vermirsiniz. Bu işlərin sonucda hansı fəsadlar törədəcəyinin fərqindəmisiniz?

-Cənab əməkdaş, biz dövlətimizə ziyan vuran heç bir işlə məşğul olmuruq. Şəxsən bu mənim ailə tərbiyəmə uyğun gəlmir. Ancaq siz məndən də yaxşı bilirsinz ki, o taydan gələn mollalar din pərdəsi altında nə işlərlə məşğul olurlar.

-Biz onları yaxşı bilirik. Amma yadında saxlamağını xahiş edirəm, bu iki dövlət arasında münasibətlər olduqca kövrək bünövrə əsasında dayanıb. Bir tufan, bir qasırğa bu bünövrəni dağıdıb aparar, qardaş-bacılarımız yenə bizdən aralı düşər. Bu uzun illərin həsrəti, hicran ağrıları bəs deyilmi?

-Bu gözəl sözlərinizə görə sizə təşəkkür edirəm. Amma İranın antiazərbaycan siyasətinin bizləri məhv edəcəyindən qorxuram. Ona görə də bizə etibar edin və müqəddəs işlər görməyimizə mane olmayın.

-Bəs bu məktubları nə edək?

-Məktublara görə məni həbs edin, məhbəslərdə saxlayın, lakin qurulan birliyimizi o məktublara görə məhv edib, gələcəyimizi sual altında saxlamayın.

Əməkdaş yenə ayağa qalxdı. Siqaret qutusundan siqareti götürüb damağına qoydu. Amma yandırmadı. Barmağının arasında saxlayıb, ani xəyala daldı.

-Yaxşı, onda belə edək. Sizin İrana getməyinizə yasaq qoyuruq. Burada da bir müddət özünüzü kölgədə saxlayın. Çalışın ki, İran mollalarının, buradakı İran aşiqlərinin gözünə girməyəsiniz. Əks halda, sizin həbs olunmağınız haqda sanksiya imzalamağa məcbur olacağıq...

Eltürk sağollaşıb, komitə binasından uzaqlaşdı. Kəndə gedən işlənməyən, dədə-baba yoluna sarı üz tutdu. İstəyirdi ki, bu gərgin vaxtlarında kimlərləsə görüşməsin. Burdan kəndə qədər özü ilə əməkdaş arasında olan söhbəti müzakirə eləsin.

Bu yolları ot-ələf basmışdı. Bəzi yerlərdə qıyıq otlar adamın dizindən də yuxarı qalxırdı. Bir vaxtlar bu yolların qapqara cığırları onun dədə-babasını kəndə aparar, gətirərdi. Bu qapqara cığırlardan daşınan üyüdülməmiş buğda kənd camaatını aclıqdan xilas eləmişdi. Kəndin ən ağır vaxtlarında cığıra dönmüş bu yol adamların yeganə ümid yerinə çevrilmişdi. Ermənilərlə dava olanda bu yoldan kəndə silah-sursat daşıyardılar. Minlərlə insanları bu yollar aparmışdı. Qayıdıb gələnlər də olmuşdu, birdəfəlik gəlməyənlər də... İndi bu yolun cığıra dönməyi Eltürkün ürəyini sıxırdı. Bir tərəfdən də o birisi qəşəng, geniş yola baxanda təskinlik tapırdı. Axı bütün yollar sonda cığıra dönür. Və cığırların da dönüb yenidən yol olmaq ümidi var. Bütün insanlar kimi kimsəsiz qalan cığırlar da ümidsiz qala bilməzlər.

Əməkdaşın dediyi sözlərin hər biri cümlə-cümlə Eltürkün xəyalında canlanırdı. Ancaq narkotik haqqında dedikləri cızılmış köhnə val kimi bir neçə dəfə beynində səsləndi. “Siz hər dəfə İran ərazisinə keçəndə oradan küllü miqdarda narkotik maddələr gətirirsiniz.” Bunlar nə demək idi? Hansı vicdansız bu yalan məlumatları yazıb komitəyə göndərmişdi? Onların özləri də bunların yalan olduğuna inanırdılar. Yoxsa kim idi onu eşiyə buraxan? Hiss olunurdu ki, onlar bütün məlumatları səlis və dəqiq öyrənmişdilər. Və bəzi məqamlarda əməkdaşın vəzifə səlahiyyətlərini unudub, onunla bir qədər şirin təmas eləməyi Eltürkün qəlbinin incə tellərini duyğulandırmışdı. O anlarda bu komitəyə qarşı olan kölgəli inamsızlıq yerini inam və etibarla əvəz eləmişdi.

Lakin Eltürk bilirdi, bilirdi ki, ondan belə tez əl çəkən deyillər. İran aşiqlərinin son vaxtlar çoxalmaları, sistemli şəkildə fəaliyyətə keçmələri onun kimi adamların rahat yaşamasına və vətən sevgisi ilə yaşayıb, onun dərdinə məlhəm qoymalarına imkan verə bilməzdilər. Son vaxtlar onların həm də olduqca radikal, döyüşkən ruha köklənmələri Eltürkün nəzərindən qaçmırdı. Hətta bu barədə onun İran agenti ilə mübahisəsi də olmuşdu.

-Siz bilirsiniz, nə işlərlə məşğulsunuz?

-Biz o dünyamızı qururuq.

-O dünyanı belə qurmazlar. Siz o dünyanızı gündə bir kərpic uçurursunuz.

-Hətərən-pətərən danışırsan, Qılmanoğlu.

-Yadınızda saxlayın, sizlər heç nəyə nail olmayacaqsınız!

-Biz nail olmayacağıq?

-Bəli, sizlər, başqa dövlətin marağına xidmət edənlər arzularına çatmayacaqlar.

-Sənin dünyadan xəbərin yoxdu, qafil insan, bir əmrlə minlərlə mücahidimiz meydanlara çıxa bilər. Onda sizin meydanınız çox dar və cılız görünər.

-O ayağa qalxan minlərlə insan kimlərin marağına xidmət edir, bunu bilirsinizmi?

-Allahın, həzrəti Məhəmmədin, on iki imamın.

-Düz demirsən! Sizlər haqqa arxa çevirənlərə, həqiqəti deməkdən qorxanlara, vicdansız və şərəfsizlərə xidmət edirsiniz!

O adam qəribə-qəribə gülmüşdü. Onun gülüşündə şeytani bir varlığın oturması Eltürkün nəzərlərindən yayınmamışdı. Və Eltürk uzaqlaşıb getmişdi...

Şər adamının o vaxt dediyi sözləri gərək komitənin əməkdaşına deyəydi. Deyəydi, onlar özlərini o qədər güclü, yenilməz hesab edirlər ki. Hələ desən, lazım gələn anda xeyli sayda ölümdən qorxmayan adamları meydanlara çıxarmağı da dillərinə gətirir, bu sözləri deməkdən qorxmur, sözün məsuliyyətini dərk etmirlər. Yox, o sözləri əməkdaşa deməyin yeri yox idi. Bu, olsa-olsa özünü müdafiə kimi görünərdi. O biri yana qalanda, görünür ki, onların bütün olanlardan xəbərləri var.

Elyar Qurbanoğlu İran tərəfinin təkidi ilə arzuolunmaz şəxs elan edilib, geri qayıdanda və Eltürklə görüşəndə onların bu haqda geniş söhbətləri olmuşdu.

-Məni bilirsənmi niyə İrandan qovdular? Ona görə ki, səhvlərini, günahlarını böyük məmurların üzünə şax deyirdim. Düzdü, siyasət elmi elə bir elmdir ki, orada həqiqəti də yalan kimi deməlisən. Ancaq mən dözə bilmirdim. Onların əməlləri məni yandırırdı. Bu üç-dörd il ərzində o qədər dəhşətli faktlarla rastlaşdım ki, o faktların qarşısında hərəkətsiz dayanıb qalmaq insandan dəmir dözüm, iradə tələb edirdi... İndi düşünürəm ki, gərək məni daxilən məhv edən hisslərimi boğmağı bacaraydım, biruzə verməyəydim. Beləcə, bəzi işləri görüb başa çatdırmaq, vətənin dərdinə azca da olsa, məlhəm qoymaq olardı... Məni ən çox odsuz-alovsuz yandıran öz millətimizdən olan məmurların əməlləri idi. Onlar elə qalın manqurt köynəyi geyiniblər ki, dərilərinə vətən küləyinin havası dəymir... Təbrizdə birinə dedim, dedim, qəflət yuxusunda yatdığınızdan xəbəriniz varmı? Qayıdıb mənə nə desə yaxşıdır? Dedi, bütöv İran qurulmayınca sizlərə xeyri yoxdur, elə-belə boş-boşuna zarıyıb qalacaqsınız... Deyəndə düşmənini tanı, o məmurlar bizləri göstərirlər. İnan, canımı birtəhər onların əlindən qurtardım. Yoxsa, məni də dar ağacına çəkib, meyidimi ərmağan kimi ailəmin üstünə göndərəcəkdilər. Arxamca da min cür sözlər quraşdırıb, qəbirdə rahat yatmağıma da imkan verməyəcəkdilər...

Elyar Qurbanoğlunun sözlərini düşünəndə Eltürkün yadına əməkdaşın danışdığı sözlər düşdü. Onda Eltürk gülümsəməkdən özünü saxlaya bilmədi. O boyda vəzifə sahibini narkoman adı ilə dar ağacına çəkirlər. Camaat meydana yığılır, ağzını şirin edir və o taydan gələn vəzifə adamının necə asıldığını öz gözləri ilə görüb, şad-xürrəm geri qayıdır...

Elyar Qurbanoğlu onların bilmədikləri çox işlərdən xəbərdar idi. O işlərdən ki, sonu vətən torpağımızı cəhənnəm qaranlığına aparırdı. Ona görə fədailəri xəbərdar edir və dönə-dönə tapşırırdı, deyirdi ki, bir an da sayıqlığı əldən vermək olmaz. Yoxsa, vətənsiz qala bilərik. Deyirdi, bizim bir böyük azarımız var. O azarın da adı biganəlikdi. Azarın adına yaddaşın küt olmağı da demək olardı. Amma bu söz adama ağır gəldiyindən dilinə gətirmək istəmirdi. Axı küt yaddaşla gələcəyə getmək olmazdı. Küt yaddaş sənə dədəndən, babandan, ağbirçək nənələrindən xəbər gətirib çatdıra bilməzdi. Elə olanda isə keçmişindən xəbərin olmazdı. Elə bilərdin bir göbələksən, yaz yağışında xam torpaqda cücərib, baş qaldırmısan... Onun dediklərindən çox qorxulu sabahların işarəsi duyulurdu. Belə məlum olurdu ki, düşmənlər istədiklərini həyata keçirə bilsələr, qədim torpaqlarımız bir az müddətdən sonra bizlər üçün yad məkanlara çevriləcək. Ostanların yaradılması belə təhlükələrin anonsu idi. O ostanlara hissolunmayacaq tərzdə başqa millətlərin, hətta, ermənilərin köçürülməsi real təhlükənin yaranmağından xəbər verirdi. Dilimizin qətrə-qətrə yanıb, yavaş-yavaş külə dönməsi də millətin oyanıb, özünümüdafiə taktikası seçməsinə məcburiyyət işığı yandırırdı. O məcburiyyət işığı ki, insanlarımız yanıb-sönən həyəcan siqnalını görərək ayağa qalxmalıydılar... Elyar Qurbanoğlu bu həqiqətləri dilinə gətirdiyinə görə oyundankənar vəziyyətə salınmışdı. Gərək o, da çoxları kimi gördüyünə göz yumaydı, eşitdiyini eşitməzliyə vuraydı, gedib tacirliyini edəydi, beşdən, ondan qazanıb ailəsini saxlayaydı. Belə olsaydı oralarda onun üçün gözəl şərait yaradardılar. Ona bir-iki nəfər qulluqçu da ayırardılar ki, onun qulluğunda dayansın. Biznes şəbəkəsi yaratmağına da mane olmazdılar. Təki o, başını siyasi məsələlərə qoşmasın. Qoşanda da ancaq İranın mənafeyini düşünsün. Başqa cür düşünsə... Onda güzəranı indiki kimi olmalıydı. Eşitdiyinə görə, sərhəddə ona qarşı sui-qəsd planı da hazırlanıbmış. Fədailərin çevikliyi və işbirliyi onu bu labüd ölümün əlindən qurtarmışdı... Onda Eltürk Elyar Qurbanoğlundan soruşmuşdu:

-Bəs bu ölümə görə İran hökuməti məsuliyyət daşımayacaqdımı?

-Yox, onların məsuliyyət hissi deyilən damarları çoxdan quruyub. Hələ mənim ölümümə siyasi don da geydirəcək, İran-Azərbaycan qardaşlığına zərbə vuran bir mürtəce kimi gorumu lənət yağışına tutacaqdılar...

Eltürk üçün çox maraqlı idi. O hökumət beynəlxalq təsisatlar qarşısında hesabat verəndə o vərəqlərə nələri yazıb göndərirlər. Bəlkə xalqa olduğu kimi o təşkilatlara da yalan-palan uydurub, onları da aldatmağa çalışırlar? Yox, xalqa yalan demək olardı, çünki xalqın müqavimət gücünü sındırıb, xıncım-xıncım eləmişdilər. Beynəlxalq təşkilatlara isə yalan demək keçmirdi. Belə olmasaydı, bu dövlət o demokratik qurumların siyahılarında həmişə axırıncı yeri tutmaz, qara, qapqara adı çıxmazdı. Adı qara siyahılara düşən bu dövlət xeyli sayda beynəlxalq sanksiyalara da məruz qalırdı. Elə bu işlərinə, bu əməllərinə görə...

-Bu tayda da məndən əl çəkmədilər. Dostlarım, qohumlarım elə xəbərdarlıq edirdilər, deyirdilər, səni vuracaqlar, öldürəcəklər. Deyirdim, qoy öldürsünlər. Bir Elyar ölsə, qanından min elyarlar törəyər. Təki vətən mənə oğul desin. Öləndə də vətən üçün şəhid olum. Qoy onlar ölməkdən qorxsunlar ki, vətənin namusunu şərəfsizlərə satırlar. Belələrinə ana torpağın qucağında yer yoxdur!.. O ölüm saçan qırmızı gülləni mənim Bakıdakı evimin pəncərəsinə tərəf atanlar da o şərəfsizlərdən biri olub. Məni öldürməyinə görə, yəqin o dövlətdən qızıl kisəsində ənamlar alacaqdı. Ancaq o güllə mənə dəymədi. Xeyirxah mələklərim məni qorudular. Amma hər an məni öldürüb, o ənamı almaq üçün məqam gözləyirlər.

Rayona gələndə Elyar Qurbanoğlu ilk növbədə fədailərlə görüşürdü. Onlara ümumi vəziyyətdən danışırdı. İmummilli Müqavimət Hərəkatının son durumu və gördüyü işlərdən söhbət açır, onların fəaliyyəti ilə maraqlanırdı. Hər dəfə də söhbətin bir hissəsi Metexana həsr olunurdu. Metexan haqqında danışanda fədailər gözqırpmadan ona qulaq asırdılar. Bu güclü, fədakar və yorulmaz insanın vətən daşı olmağından danışanda, onun o tay, bu tay üçün gördüyü müqəddəs işlərdən söhbət açanda fədailərin bəziləri həyəcandan boğulur, hıçqırıqlarını saxlaya bilmirdilər. “Bu insan doğulandan bir abidədir. Hələ bir gün də özü üçün, ətrafı, qohum-qardaşı üçün yaşamayıb Metexan. Onun bütün damarlarında vətənin qanı axır. Elə bir oğlu olan torpağın uçacağına, yıxılıb, param-parça olacağına inanmağım gəlmir!”

Elə bu anda Eltürkün qəlbindən Metexanı görmək, onun yanında olmaq, ağır-batman sözlərini eşidib, təpərlənmək, dayaqlanmaq arzusu keçdi... Və dərindən köks ötürüb, elə bil, qərib duyğular dəryasına düşdü. Ona o taya keçməyi qadağan eləmişdilər. Doğrudanmı bundan belə o, canı qədər sevdiyi Arazın o üzünə gedə bilməyəcəkdi? Belə bir şey ola bilərdimi? Onun üçün yenəmi həsrət nəğmələri çalınacaqdı? Ürəyi bu ayrılığa dözə bilərdimi? Bəlkə o əməkdaş o sözləri elə-belə dilinə gətirdi? Vəzifəsinin xətiri üçün. Bir görəv olaraq. Belə olarsa, o əməkdaşın alnından öpərdi. Əgər dediyi sözlər həqiqətən bir məqsəd idisə... Onda o adam onun gözündən düşərdi.

Başqa bir ağrılı hiss ürəyindən keçəndə ayaqlarının giziltisindən yeriyə bilmədi. Bir qırağa çəkilib, üstü mamır bağlamış daşın üstündə oturdu. Onun o taya gedən yolunu bağlasaydılar və o, bununla razılaşmayıb, hər hansı bir yolla o taya gedib çıxsaydı bunun sonu daha pis olmazdımı? Onda əvvəllər olduğu kimi qara məftillərdən sərhəd çəkib, bunları onlara, onları da bunlara həsrət qoymazdılarmı? Bəs getməsəydi necə? Bəs onda fədailərin işini o tayda kimlər görəcəkdi? Axı Elyar Qurbanoğlu dönə-dönə tapşırırdı ki, o tayı tənha qoymayın. Gedin, gəlin, ürəyiniz bəzi olaylardan sıxılsa da, o tayı yalqız saxlamayın. Əlinizdə nə işiniz olursa-olsun, hərdən işinizi saxlayın, gedib o tayın telinə sığal çəkin. Sonra qayıdın, gəlin, işinizlə məşğul olun. Görürsünüzmü, qara-qura işlərlə məşğul olan vətənin şərəfsiz balalarını? Onlar həftədə bir dəfə, ayda bir dəfə o tərəfə keçməsələr, gedib ağalarına lazım olan məlumatları çatdırmasalar yata bilməzlər. Yumurtası tərs düşən toyuq kimi o yana, bu yana çırparlar özlərini... Sizlər isə o taya bir dünya işıq aparın. Bütün qaranlıqları yox etmək üçün...

O tayda Metexan kimi, Yurdanur kimi vətən övladları var idi. Onların sayı bu iki nəfərlə məhdudlaşmırdı. Təkcə Əhməd Yavuzun “şinelindən” çıxan o qədər məğrur, dönməz, iradəli, qorxmaz, sınmaz, əyilməz döyüşçülər yetişib, ərsəyə çatmışdı ki, onların qabağında qurulan dar ağacları, edam kötükləri də aciz və gücsüz görünürdü... O işıq gücləri birləşəndə isə...

Göydaşlı artıq görünürdü. Bir azca da bu ayağa dolaşan yabanı otlarla bacara bilsəydi, kəndin qapıları onun üzünə taybatay açılacaqdı. Elə bu anda Eltürk sıçrayıb qırağa çəkildi. Otların arasından yekə bir ilan başını qaldırıb ona baxırdı. Eltürk ilanlardan qorxmazdı. Canlı təbiətin bir hissəsi olan heyvan və həşəratlardan ən çox qurdları, bir də ilanları sevərdi. Onlar haqqında əlinə nə keçərdisə oxumamış yerinə qoymazdı. Onların yaşayış tərzindən bəhs edən filmlərə baxmaqdan doymazdı. Ancaq indi ilanı görəndə əti ürpəşdi. Ona elə gəldi ki, canında qorxulu hisslər baş qaldırıb. Və bir də onu düşündü ki, deyəsən, ilan onu ovsunlayır, nəfəsi ilə onu yeriməyə qoymur. Qeyri-ixtiyari gücünü toplayıb, yerdən iri bir daş götürdü. Asta-asta ilana tərəf addımlamağa başladı. Bu an onun bütün gücü ancaq qollarında cəmlənmişdi. Bir az da belə getsəydi, o ilanın başı əziləcəkdi. İlan hələ də başı dik dayanmışdı. Ancaq, deyəsən, yerimirdi. Elə bir halda dayanıb, tez-tez dilini eşiyə çıxarır, tez də qaytarıb ağzına aparırdı. Eltürk onunla nəfəs-nəfəsə dayanmışdı. Bir an da ötəcək və əlindəki iri daş o xallı ilanın başını əzəcəkdi. Birdən Eltürkün qolları sustaldı. Beləcə hərəkətsiz dayandı. Bütün şüurunu cəmləyib, düşünmək istədi. Axı bu ilanı niyə vururdu? Nə idi bu ilanın günahı? Özünü müdafiə eləmək üçün başını qaldıranın başını əzərlərmi? Bir anda başının şah damarından bəzi paralellər keçdi. Bəzi insanlarla bu ilanı müqayisə elədi. Və qolu gəldikcə əlində tutduğu iri daşı kolluğa tərəf tulazladı. Bəs ilan ona hücum eləsə necə? Yox, onlar ancaq özlərini qoruyurlar. Başqalarının həyatını məhv eləmək onların xislətinə uyğun gəlmir.

Eltürk bir xeyli beləcə dayanıb ilana baxdı. Aranı dağa, dağı arana apardı. Və gözləri ilə ilanla sağollaşıb, yoluna davam elədi.

Morisin qaldığı ev buradan aydınca görünürdü. İndi yəqin Moris kəndin din bilənlərindən bir-ikisini götürüb, evlərinə aparıb. O din bilənlər ağızları köpüklənə-köpüklənə İslamın qayda-qanunlarından danışırlar. Onların dediklərini Janna alman dilinə çevirdikcə Morisin rəngi ağarır, özünə yer tapa bilmir, necə oturacağını, necə duracağını müəyyən eləməkdə çətinlik çəkirdi.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin