Ramazan - bəndəlik tərənnümü, təqva yolu, günahların bağışlanmasının amili və qəlblərin işıqlanmasının səbəbkarı
Əvvəla fitr bayramı münasibəti ilə namazda iştirak edən siz əzizlərin hamısını, bütün İran xalqını və bütün dünya müsəlmanlarını təbrik edirəm. Namazın qünutunda bu bayram haqda deyilir: "Elə bir gün ki, onu müsəlmanlara bayram, Məhəmməd (s) və Əhli-beytinə (ə) ehtiyat, şərəf, hörmət və üstünlük etmisən".1
Mənim əzizlərim! Ramazan ayını orucla, ibadətlə, Quranla, zikrlə, münacatla və dua ilə keçirdiniz. Ramazan ayı Allah bəndəliyinin tərənnümü, təqvaya doğru gedən aydın yol, günahların bağışlanmasının və qəlblərin işıqlanmasının səbəbkarıdır. Bu ayda Allah-Taala bəndələri öz ziyafətinə qəbul edir və onlar Allaha yaxınlaşırlar. Bu, böyük bir aydır. Allah-Taala bu ayın əzəmətli mərasimini elə tənzim etmişdir ki, asanlıqla və sadəliklə bitmir. Bu ibadət ayının sonunda elə bir bayram təyin etmişdir ki, hamı bir yerə toplansın, böyük bir gün olsun, müsəlman qardaşlar bir-birini təbrik etsinlər, ramazan ayının uğurlarının qədrini bilsinlər, Allah qarşısında borclarını hesablasınlar və bu şərafətli ayda qazandıqlarını qorusunlar. Həmin gün fitr bayramı günüdür. Deməli, fitr bayramı günü bayram olsa da, namazla başlayan, dua, təvəssül və zikrlə bitən ibadət günü, Allahı xatırlamaq və Allaha yaxınlaşmaq günüdür. Bu günün qədrini bilin, təqva ehtiyatını qənimət sayın və fitr bayramını uca tutun.
Bu gün namazın qünutunda Allaha dörd dəfə dediniz: "Ey mənim Allahım! Mən Səndən saleh bəndələrinin dilədiyi xeyri diləyir və ixlaslı bəndələrinin sığındığından Sənə sığınıram".2 Siz Allahın razılığını, Allaha yaxınlığı, Allah üçün əməl və ilahi bəndəlik səadətini istədiniz. Siz nəfsə, Allahdan qeyrisinə bəndə olmaqdan və Allaha şərik qoşmaqdan Ona sığındınız.
Dostları ilə paylaş: |