İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Əmirəlmömininin (ə) şəxsiyyətinin mühüm cəhətləri



Yüklə 391,59 Kb.
səhifə118/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   114   115   116   117   118   119   120   121   ...   226
Əmirəlmömininin (ə) şəxsiyyətinin mühüm cəhətləri

Mən burada oxumaq üçün bir hədis seçmişəm. Bu hədis Şeyx Müfidin İrşad kitabındandır. Mən hədisin mətnini çox böyük imamımızın gözəl kitabı olan qırx hədis kitabından nəql edirəm, lakin İrşadla müqayisə etmişəm. Hədisi Şeyx Müfid nəql edir. Rəvayətçi deyir ki, biz İmam Sadiqin (ə) yanında olarkən Əmirəlmöminindən (ə) söz düşdü və o, Əmirəlmöminini (ə) tərifləməyə başladı. İmamın dediklərini bu rəvayətçi yadında saxlamış, yaxud həmin məclisdə və ya sonradan yazmışdır. Mən baxıb gördüm ki, bu hədisdə söylənənlərin hər biri Əmirəlmömininin (ə) həyatının təxminən bir cəhətinə işarədir; o həzrətin zahidliyinə, ibadətinə və indi oxuyacağım digər xüsusiyyətlərinə. Bu hədisə görə İmam Sadiq (ə) Əmirəlmöminini (ə) tərifləyərkən birinci cümlədə belə buyurur: "And olsun Allaha! Əli ibn Əbu Talib (ə) dünyanın bir haram tikəsini də yemədi".1 Yəni haramdan çəkindi, haram maldan və haram mənfəətdən çəkindi. Burada məqsəd həqiqi haramdır, hökmü haram olan yox. Yəni belə çıxır ki, şübhəli tikəni də ağzına aparmadı (və bilmədən olsa belə, haram yemədi). Baxın, bunları əməl və ondan da üstünü, düşüncə örnəyi kimi bizə bəyan etmişlər. İmam Sadiq (ə), İmam Baqir (ə) və İmam Səccad (ə) etiraf edirlər ki, biz belə yaşaya bilmərik. Növbə mənim kimilərə çatdıqda isə müsibətdir. Söhbət bundan getmir ki, mən, yaxud siz belə yaşayaq. Xeyr! O həyat tərzi zirvənin həyat tərzidir, zirvəni göstərir. Bunun mənası odur ki, hamı o səmtə hərəkət etməlidir. Zirvəyə kim çata bilər ki?! Bir hədisdə İmam Səccad (ə) buyurur: "Mən belə yaşamağa qadir deyiləm".

İmam Sadiq (ə) hədisin davamında buyurur ki, Əmirəlmöminin (ə) üçün hər ikisi Allahın razı olduğu, hər ikisi halal, yaxud ibadət olan iki iş və iki seçim qarşıya çıxanda o, çətini seçirdi. Əgər iki halal xörək vardısa, daha pisini götürürdü; iki halal paltar vardısa, daha pisini götürürdü; iki halal iş vardısa, daha çətinini seçirdi. Baxın, bu, adi bir natiqin söhbəti deyil, bu hədisə görə, danışan İmam Sadiqdir (ə); yəni sözündə dəqiqdir. Görün həyatda və dünya nemətlərində özünə qarşı tələbkarlıq nə qədər əhəmiyyətli məsələdir.

Buyurur ki, Peyğəmbərin (s) mühüm bir işi olanda birinci onu çağırırdı. Çünki ona etimadı vardı və əvvəla, işi yaxşı yerinə yetirəcəyini, ikincisi, çətin işdən qaçmayacağını, üçüncüsü isə Allah yolunda mübarizəyə hazır olduğunu bilirdi. Məsələn, Peyğəmbərin (s) məxfi şəkildə Məkkədən Mədinəyə getdiyi gecə kimsə onun yatağında yatmalı idi. Peyğəmbər (s) bu işi Əliyə (ə) tapşırdı. Döyüşlərdə Əmirəlmöminini (ə) öndə göndərirdi. Mühüm işlərdə - qarşıya çıxan hər bir əsaslı və önəmli məsələdə birinci Əlini (ə) səsləyirdi. Çünki ona etimadı vardı, onun qayıtmayacağını, qorxmayacağını, işi yaxşı yerinə yetirəcəyini bilirdi. Baxın, söhbət bundan getmir ki, mənim kimi kiçik və zəif adamlar belə işləmək istədiklərini iddia etsinlər. Xeyr! Söhbət bundan gedir ki, biz bu istiqamətdə hərəkət etməliyik. Əlinin (ə) davamçısı olan müsəlmanın xətti bu olmalı və bu xətdə bacardığı qədər irəliləməlidir. Sonra buyurdu: "Bu ümmətdə ondan başqa heç kəs Allahın rəsulu (s) kimi rəftar etməyə qadir deyildi".1 Peyğəmbər (s) kimi hər yerə gedən o idi. Başqa heç kim Peyğəmbərin (s) ardınca gedə və o həzrət kimi hərəkət edə bilmirdi. Allahın bəyəndiyi bütün bu böyük və mömin işlərlə yanaşı, o, qorxu və ümid arasında idi. Allahdan elə qorxurdu ki, sanki onu cənnət və cəhənnəmin arasında saxlamışdılar, bir tərəfdə cənnəti görürdü, bir tərəfdə cəhənnəmi: "Bunun savabına ümid bəsləyir və onun əzabından qorxurdu". Bu cümlənin xülasəsi odur ki, bütün bu işlərlə, bütün bu maddi yardımlarla, bütün bu ibadətlərlə məğrur olmurdu. Biz indi iki rükət müstəhəb namaz qılanda, bir neçə cümlə dua oxuyanda, yaxud gözümüzdən iki damla yaş axanda tez məğrur oluruq ki, bəli, biz beləyik. Amma Əmirəlmöminin (ə) bu qədər saleh əməllərə rəğmən, məğrur olmurdu.

Əmirəlmöminin (ə) kimi, Peyğəmbər (s) kimi, İmam Səccad (ə) kimi şəxslər - Allah ümumiyyətlə cənnəti belə insanlardan ötrü yaratmışdır - nə üçün cəhənnəm odundan qorxub Allaha sığınırdılar? Bunun özü xüsusi bir mövzudur. Biz kiçikik, baxışımız qüsurludur, yaxıngörənik. Biz ilahi əzəməti dərk etmirik, nəhəng bir elmi şəxsiyyətin qarşısında oynayan kiçik və azyaşlı uşaqlar kimiyik; gəlib-gedir, onun isə vecinə də deyil, çünki kim olduğunu bilmir. Amma atasının ağlı ondan yüz qat artıqdır və həmin şəxsiyyətin qarşısında hörmət ifadə edir. Allah-Taala qarşısında bizim vəziyyətimiz də belədir. Biz uşaq kimi, qafil və kiçik bir insan kimi ilahi əzəməti dərk etmirik, amma ilahi əzəmət elm mərhələsindən iman mərhələsinə, iman mərhələsindən şühud mərhələsinə və şühud mərhələsindən Allahda fani olmaq mərhələsinə çatanların gözlərində elə cilvələnir ki, nə qədər saleh əməl etsələr də, gözlərinə görünmür, deyirlər biz nə etmişik ki. Onlar özlərini müqəddəs Rəbbin zatına həmişə borclu bilirlər.

Hədisin davamında deyilir ki, Əmirəlmöminin (ə) Allahın razılığını qazanmaq və özünü cəhənnəm odundan uzaqlaşdırmaq üçün öz şəxsi malı ilə aldığı min qul və kəniz azad etmişdir. Xərclədiyi pullar da müftə əlinə keçməmişdi. İmam Sadiq (ə) bu hədisdə buyurur ki, o, alın təri ilə və çox zəhmətlə onları qazanmışdı. O həzrət həm Peyğəmbərin (s) dövründə, həm 25 illik fasilə çağında, həm də xilafəti dövründə - bəzi əsərlərdən Əmirəlmömininin (ə) xilafəti dövründə də işlədiyi anlaşılır – işləyir, tarla əkir, kanal çəkir, pul qazanır və bu pulları Allah yolunda xərcləyir, o cümlədən tez-tez qul alıb azad edirdi. O bu minvalla min qul azad etdi. Əmirəlmömininin (ə) evində adi yeməklər bunlar idi: zeytun, sirkə, ortabab, yaxud keyfiyyətsiz xurma. Bunlar bizim indiki cəmiyyətimiz üçün məsələn, qatıq-çörək, yaxud pendir-çörək deməkdir. Onun geyimi çuval bezindən idi; qolu bir qədər uzun olsaydı, qayçı götürüb kəsirdi. Yəni hətta qolunun artıqlığına da razı olmurdu, deyirdi bu artıqdır, bunu haradasa işlətmək olar. O zaman parça da çox az idi, camaatın geyim problemi vardı və bir parça çuval bezi də işə yaraya bilərdi.

İmam Sadiq (ə) sonra həzrətin ibadəti haqda danışır. O həzrət İslamın zirvəsi, müsəlmanların örnəyidir. İmam Sadiq (ə) deyir ki, bütün Əhli-beytdə (ə) - Peyğəmbərin (s) ailə və övladları arasında belə rəftar, zahidlik və ibadət baxımından Əli ibn Hüseyn (ə) qədər heç kəs Əmirəlmömininə (ə) bənzəmirdi. İmam Səccad (ə) ona daha çox bənzəyirdi. İmam Sadiq (ə) İmam Səccadın (ə) ibadəti haqda danışandan sonra buyurur ki, bir gün atam həzrət Baqir (ə) öz atasının otağına daxil oldu, atasının çoxlu ibadət səbəbindən çox halsız olduğunu gördü. Deyir ki, yuxusuzluqdan rəngi saralmış, ağlamaqdan gözləri batmış, ayaqları şişmişdi və sair. İmam Baqir (ə) atasının bu vəziyyətini gördükdə ona ürəyi yandı. Deyir ki, atamın otağına daxil olub onu bu halda görəndə özümü saxlaya bilmədim, bərkdən ağlamağa başladım. İmam Səccad (ə) düşüncələrə dalsa da, - təfəkkür də bir ibadətdir - oğlu Baqirin (ə) nə üçün ağladığını anladı. Ona əməli bir dərs vermək məqsədi ilə başını qaldırıb dedi: "Ey oğlum! Əli ibn Əbu Talibin (ə) ibadəti haqda yazılmış kitabı buraya gətir". Güman ki, imamlarda İmam Əli ibn Əbu Talibin (ə) qəzavətlərinə, həyatına və hədislərinə dair yazı və kitablar olmuşdur. Rəvayətlərdən başa düşülür ki, imamlar müxtəlif yerlərdə bu kitablardan istifadə edirdilər. Burada da həzrət oğlu İmam Baqirə (ə) buyurdu ki, Əli ibn Əbu Talibə (ə) aid olan yazını gətir. İmam Baqir (ə) buyurur ki, mən onu gətirib atama verdim. O bir qədər bu yazıya baxdı. İmam Səccad (ə) burada həm İmam Baqirə (ə) dərs verir, həm İmam Sadiqə (ə), həm də mənə və sizə. Deyir ki, məyus halda onu yerə qoyub buyurdu: "Kim Əli ibn Əbu Talib (ə) kimi ibadət edə bilər?!" İmam Səccad (ə) o qədər ibadət edir ki, İmam Baqirin (ə) ürəyi yanır, nəinki mənim və sizin; çünki bizim gözümüzdə bunlardan azı da böyük görünə bilər. İmam Baqir (ə) isə özü imamdır, uca məqamlara sahibdir, amma eyni zamanda Əli ibn Hüseynin (ə) ibadətindən sıxılır, ona ürəyi yanır və özünü saxlaya bilməyib ixtiyarsız halda ucadan ağlayır. Digər tərəfdən, Əli ibn Hüseyn (ə) də deyir ki, kim Əli (ə) kimi ibadət edə bilər. Yəni özü ilə Əli (ə) arasında böyük fərq görür.

Bizim aşiq olduğumuz, dünyanın aşiq olduğu, barəsində məsihinin kitab yazdığı, əməldə dini göstərişlərə çox da tabe olmayan adamın mədh etdiyi bu Əliyə (ə) siz nə üçün uzaqdan baxırsınız? Yaxınlaşın. Dəmavənd dağının zirvəsinə uzaqdan baxan hər kəs deyir ki, bəh-bəh, nə qəşəngdir! Bu dolanbaclarla bir qədər qalx görək nəkarəsən. Yaxınlaşmaq, yola düşmək, hərəkət etmək lazımdır. Bu gün bəşəriyyətin Əmirəlmömininin (ə) bayraqdarı olduğu bu xislətlərə ehtiyacı var. Bu xislətlər elm və texnologiyanın inkişaf etməsi ilə, dünyada yeni həyat üsullarının yaranması ilə köhnəlmir; ədalət köhnəlmir, insaf və haqsevərlik köhnəlmir, hegemonizmə düşmənlik köhnəlmir, Allahı ürəkdən sevmək köhnəlmir. Bunlar insan varlığının tarix boyu dəyişməz rəngləridir. Əmirəlmöminin (ə) bu bayraqları ucaldırdı. Bu gün bəşər bu sözlərə və bu həqiqətlərə təşnədir. Yol nədir? Yol yaxınlaşmaqdır. Mənim və sizin haradasa haqq üçün bir söz danışmamız nəzərimizdə çox və böyük görünməsin. Xeyr! Əli (ə) budur! Əgər axşam, gündüz, yaxud gecə bir saat ibadət edə biliriksə, gözümüzə böyük görünməsin və bizi qürurlandırmasın. Əli budur! Əgər təhlükəli bir işə atılırıqsa, özümüzü böyük görməyək. Əli budur! Nə qədər bacarırsınız yaxınlaşın. Ey oruc tutanlar! Ey namaz qılanlar! Ey nafilə qılanlar! Ey Allah yolunun mücahidləri! Ey təhlükəli meydanlara atılanlar! Ey dünyanın zahidləri! Ey gündüzün aslanları! Ey gecənin abidləri! Xoş sizin halınıza! Siz Əliyə (ə) daha yaxınsınız. Amma bundan da artıq yaxınlaşa bilərsiniz.

İslam dünyası və hətta bütün sağlam bəşəriyyət onun qarşısında baş əyir. Tarixdə bunların təsiri qalır. Onun zahidliyi, ibadəti, şücaəti, Allah yolunda qətiyyəti göz önündədir. Lazım olanda xəncərlə haqq düşmənlərinin, din düşmənlərinin, Allah düşmənlərinin canına düşür və heç nədən qorxmurdu: "Heç kimin məzəmməti onu Allah yolundan saxlamırdı".1

Allaha doğru hərəkət yolunda sapqın, zərərli və əngəl törədən bir insan olanda onun xəncəri son sözü deyirdi. Harada bir məzlum vardısa, haqqı tapdanmış vardısa, Əmirəlmöminin (ə) ən yumşaq insana çevrilirdi. Rəvayətə əsasən, Əmirəlmöminin (ə) öz əli ilə yetimləri o qədər yedirdi ki, böyük ehtimalla yeniyetmə olan bir nəfər "Kaş biz də yetim olaydıq və Əmirəlmöminin (ə) bizə də belə mərhəmət göstərəydi" dedi. Tanınmaz şəkildə yoxsulların evinə, yolda və çətinlikdə qalanlara o qədər baş çəkdi ki, o həzrətə sui-qəsddən sonra həmin mehriban insanın kim olduğunu bildilər.

Onun sözü Nəhcül-bəlağədir - ərəblər arasında ən fəsahətli insan sözü. Nəhcül-bəlağə incəsənət və gözəlliyin zirvəsində durur, gözəl sözün və gözəl mənanın zərif kompozisiyasıdır. İnsan heyran olur. Heç bir böyük ərəb şairi və yazıçısısı özünü Nəhcül-bəlağəyə ehtiyacsız bilməmişdir.

Tehranın cümə namazı xütbələrindən: 1999.




Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin