Qiyamət günü insanın Allahın hüzuruna gəlməsi
Şərafətli ayə qiyamət barədə buyurur: "Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə haqq olduğunu bilərək ondan qorxuya düşərlər"2. Qüreyş kafirləri Peyğəmbərə (s) deyirdilər ki, bizi qorxutduğun qiyamət və cəhənnəm haradadır? Quran buyurur: "İnananlar haqq olduğunu bilərək ondan qorxuya düşərlər". İman gətirənlər qiyamətdən qorxurlar. Qiyamət həqiqətən belədir. Qiyamətdən qorxmaq, onu unutmamaq lazımdır. Bu bizim qorunmağımıza zəmanət verir. Qiyamət Allah hüzuruna gəlmək günüdür: "Onlar Rəbbinin hüzuruna cərgə-cərgə gətiriləcəklər"3. İnsan öz həqiqəti, qəlbi, nəfsinin oturuşmuş xarakterləri ilə Allah-Taalanın hüzuruna gələcək. Burada da Allah-Taala bizim daxilimizi görür, amma orada daha heç bir pərdə olmayacaq. Bizim özümüz də anlayacaq, görəcək, özümüz özümüzü qınayacağıq. Həmin gün cəza və cavabdehlik günüdür; sözün həqiqi mənasında cavabdehlik, yersiz boyundan atmağın mümkün olmadığı cavabdehlik. Orada insanın yalançı və əbəs bəhanə gətirməsi ümumiyyətlə mümkün deyil. İnsan Allah-Taalanın qarşısında duracaq və O, insanın yalanını biləcək. Qiyamət güzəştsiz hesab günüdür. Bizim hamımız mühakimə olunacağıq. Qiyamət dilin bağlandığı gündür. Burada mümkün olan dillilik orada mümkün olmayacaq: "Bu (qiyamət) elə bir gündür ki, danışa bilməzlər, onlara üzr istəməyə izin də verilməz"4. Dil bağlanır, insanın xarakterləri və bədən üzvləri danışır. Əgər qəlbimizdə ədavət, paxıllıq, bədbinlik, bədxahlıq, müxtəlif mənəvi xəstəliklər, saleh insanlara qarşı kin-küdurət, günahlara rəğbət və həvəs gizlətmiş olsaq, orada hamısı aşkara çıxacaq. Qiyamət qəribə bir gündür: "Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barədə onların əlləri Bizimlə danışır və ayaqları şəhadət verir"1.
Dostları ilə paylaş: |