Nəhcül-bəlağədə iman məfhumu, onun şərt və xüsusiyyətləri
Gözəl məclis təşkil olunmuşdur. İnşallah ürəklər öncəkindən daha çox bir-biri ilə ünsiyyətdə olsunlar, bu ünsiyyət get-gedə artsın və bir-birindən qorxub qaçmasınlar. Bizim qəlblərimiz həmişə, xüsusən də bu ayın son ongünlüyünün çox faydalı günlərində ixtiyarımızda olan həqiqətlərdən qorxmasın və onlarla ünsiyyətdə olsun.
Ötən illərdə, həm qabaqkı, həm də indiki hökumət zamanı ramazan ayında biz adətən Nəhcül-bəlağədən bir cümlə oxuyub qısa şəkildə izah edirik. Mən bu il də həmçinin Nəhcül-bəlağənin müxtəlif yerlərindən iman haqqında bir neçə cümlə seçmişəm. Əlbəttə, şərafətli Nəhcül-bəlağə kitabında iman barədə daha çox sözlər var, lakin mənim kitabım iki cilddə çap olunmuş dördcildlik kitabdır və mən 30-40 ildir ondan istifadə edirəm. Buna görə, həmin cildlərdən birini seçib gətirməli idim və mən mərhum Əbdühün şərhi ilə çap olunmuş ikinci cildi - əslində üç və dördüncü cildləri gətirmişəm.
Həzrət Əli (ə) buyurur: "İman tam aydın bir yol və ən işıqlı çıraqdır".1 Bu cümlədə danışılan imanda məqsəd dini imandır; yəni Allah-Taalaya, qiyamət gününə, Peyğəmbərə (s) iman və dinlərin insanları dəvət etdiyi iman. Əlbəttə, imanın mütləq əhəmiyyəti bəllidir, çünki iman insanın əməl və hərəkətinin əsasıdır. İnsan bir şeyə könül verib inanmasa, hərəkət etməz. İman elmdən fərqli bir şeydir. İnsanın bəzən nəyəsə elmi olur, amma imanı olmur. Yəni imanda yalnız bilmək və doğruluğuna dair məlumatlı olmaq kifayət etmir, bundan əlavə bir şey lazımdır. Əlbəttə, elmsiz iman da mümkün deyil. İman şəkk və tərəddüdlə olmur, amma elm də təklikdə kifayət etmir. Siz Quranın Musa peyğəmbər (ə) və firondan danışarkən belə buyurduğunu görürsünüz: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər"2. Musa (ə) öz dəvətinə başlayanda fironun adamları onun doğru dediyini və haqq olduğunu bilirdilər. O özünün möhtəşəm möcüzəsini göstərəndə sehrkarların və cadugərlərin özləri – onlar Musanın (ə) işinin də bu tipdən olduğunu düşünürdülər - bu işin fərqli bir iş olduğunu etiraf etdilər, fironun təhdidinə rəğmən, səcdə edib Musaya (ə) iman gətirdilər və ölümü gözə aldılar. Bu zaman Musanın (ə) haqq olduğu hamıya aydın oldu, amma eyni zamanda onu inkar etdilər. Musanın (ə) doğru dediyinə yəqinləri vardı, amma inkar etdilər. Nə üçün? Çünki hegemonluqları, nəfsləri və zülm istəkləri onları təslim olmağa qoymurdu. İman gətirmək bir növ təslim olmaqdır; həqiqi təslim olmaq. Bəzən insan həqiqəti anlayır, amma qəlbini ona təslim etmir və onun qarşısında dayanır. Buna görə, elmin qarşı tərəfində cəhalətin və şəkkin durduğunu görürsünüz. İmanın qarşısında cəhalətdən danışmırlar, küfrdən, yəni həqiqəti örtməkdən danışırlar. İnsan bəzən həqiqəti qəbul edir, amma onu örtür və gizlədir. Örtməyin qarşı tərəfi imandır; yəni könül vermək, inanmaq, özünü ona tapşırmaq, həqiqəti bütün vücudu ilə qəbul etmək və ona təslim olmaq. Siz həqiqət saydığınız hər hansı bir şeyə iman gətirdikdə bu sizin əməlinizin əsası olur. Bu gün görürsünüz ki, bir qrup adam çox hərarətlə hansısa iqtisadi, yaxud ictimai proqramı müdafiə edir və onun üçün pullar xərcləyirlər. Daha aydın misal öz gənclik dövrümüzdə olan marksist təmayüllərdir. Sizin bəziləriniz o dövrü görmüsünüz. Bir qrup adam həmin marksist məfhumlar qarşısında həqiqətən canlarını verməyə hazır idilər. Bunlar könül vermiş və iman gətirmişdilər. Bu iman əməlin mənşəyidir, özü də belə bir çətin bir əməlin; mübarizə aparmaq, öldürmək və öldürülmək. Əgər bir əsasa iman olsa, o insan avtomatik olaraq həmin imanın məqsədlərinə sarı gedir, daim ona tapşırmaq lazım gəlmir. İmanın ardınca əməl gəlir. Sonrakı cümlədə buna toxunacağam.
Dedik ki, burada Əmirəlmömininin (ə) məqsədi dini imandır, batil bir şeyə, bütə və bütpərəstliyə iman deyil; şəriki olmayan Allaha, nübüvvətə, həqiqətə və qiyamətə imandır. Buyurur ki, bu imanın yolu çox aydındır. Əgər insan öz ağlı və fitrəti ilə bu yola qoşulsa, yolun aydın, şəksiz və şübhəsiz olduğunu görər. İnsan imanla saleh əməllərə nail olur. İnsanı dartıb saleh əməllərə sövq edən imandır. Sonra dərhal buyurur: "və saleh əməllər də imana yönəldir".1 Yəni onların arasında qarşılıqlı təsir vardır. Mənim fikrimcə, bu çox mühüm məqamdır. Biz öz imanımızı saleh əməllə gücləndirməliyik; necə ki, saleh əməli də iman vasitəsi ilə tanımalıyıq.
Siz Ühüd döyüşündə baş verən hadisəyə diqqət yetirin. Bu on dörd əsr boyunca bütün müsəlmanların nifrininə və gileyinə düçar olan o əlli nəfər müsəlman idilər, Peyğəmbərin (s) səhabələri idilər, onların çoxusu Bədr döyüşündə iştirak etmişdilər, pis adamlar deyildilər. Amma onlar həmin problemə düçar oldular, yəni qənimət toplamağa görə keçidi tərk etdilər, meydanı düşmənə verdilər və çoxlu pak qanların tökülməsinə səbəb oldular; bu əlli nəfərin səhlənkarlığına görə Həmzə Seyyidüş-şühəda kimi bir insanın qanı töküldü, Peyğəmbər (s) yaralandı, İslam hökuməti və yeni İslam quruluşu zəiflədi. Quran bu əlli nəfər barədə buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi".1 Yəni bunların etdiyi iş bundan öncə etdikləri səhvlərin nəitcəsi idi. Hər bir səhv öz növbəsində insanı başqa səhvlərə məcbur edir. Yəni imanın təməlini zəiflədir və imanın zəifliyi özünün pis təsirini bizim sonrakı əməllərimizdə göstərir. Biz səhvə yol verdikdə bu səhv hissolunmaz şəkildə olsa da, bizim imanımıza təsir edir: "Şeytan onları məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Bir nəfər öncə bir yanlış iş görür, sonra bu yanlışlıq onun imanına mənfi təsir göstərir, insanın özünün isə xəbəri olmur; çox zaman insanın bir vəziyyətdən başqa bir vəziyyətə düşdüyü, lakin öz vəziyyətinin dəyişikliyini hiss etmədiyi kimi.
Allah mərhum cənab Xatəmiyə rəhmət eləsin! Mən 1978-ci ildə sürgündən qayıdanda Ərdəkanda onu ziyarət etdim. O zaman təxminən 70 yaşı vardı. Deyirdi ki, mən özümü qoca hiss etmirəm; dilimdə deyirəm qocayam, amma qoca olduğumu əsla hiss etmirəm, özümü 30-35 yaşımdakı kimi təsəvvür edirəm. Mən illər sonra ondan soruşdum ki, siz bir zaman mənə belə bir söz dediniz, indi də elədirmi? Dedi ki, bəli, elədir. İndi bizim özümüz də eləyik. Biz ağsaqqalların və qocaların özümüz haqda təsəvvürümüz otuz il öncəki kimidir. Biz ömrün ötməsini, bütün hissolunan fiziki təsirlərinə rəğmən, baş vermiş böyük dəyişiklikləri dərk etmirik. İman dəyişikliyi də belədir, insan imanın azlığını hiss etmir. Onun hətta hissolunan fiziki təsirləri də yoxdur ki, insan anlasın və dərk etsin. Deməli, o səhv imana təsir göstərdi. İmanın azlığı bizim sonrakı əməllərimizə öz təsirini buraxır. Misal üçün, cihad və imtahan qarşıya çıxdıqda bizim imanımızın azlığı özünü göstərir. Çoxlu imanla hansısa bir yerdə yüksələ bilən, hərəkət edən və böyük iş görən bizlər həmin işin qarşısında qaldıqda əl-ayağımızın titrədiyini görürük. Misal üçün, bir şəxs gənclikdə ikimetrlik bir kanaldan atıla bilirdi, indi isə bacarmır. Əməlin iman və imanın əməl üzərindəki mənfi təsirinin nəticəsi Ühüd döyüşünün məğlubiyyəti olur, müxtəlif geriliklər olur. Nəticə bu olur ki, Peyğəmbərin (s) hicrətindən 60 il və o həzrətin vəfatından 50 il sonra Peyğəmbərin (s) ən əziz adamı və nəvəsi İmam Hüseyn (ə) Peyğəmbər canişininin hökuməti qarşısında dayanır və elə faciəli şəkildə şəhidliyə qovuşur. Mən bir dəfə dedim ki, bunlar tarixin ibrətləridir, dərsdən üstündür.
Dostları ilə paylaş: |