Duanın beşinci faydası Allah-Taalaya məhəbbət yaratmaqdır. Dua ürəkdə Allah-Taalaya eşqi dirildir. Bütün gözəlliklərin və yaxşılıqların tərənnümü Pərvərdigarın müqəddəs zatıdır. Allah-Taala ilə danışmaq, dua və ünsiyyət ürəkdə bu məhəbbəti vücuda gətirir.
İnsana ümid və müqavimət ruhunun üfürülməsi
Duanın altıncı faydası insana ümid ruhunu üfürməsidir. Dua insana həyatın problemləri qarşısında müqavimət qüvvəsi verir. Hər kəs öz həyatında müxtəlif hadisələrlə rastlaşır və problemlər peyda olur. Dua insana qüdrət verir, onu hadisələr qarşısında bərkidir. Buna görə hədisdə dua silah sayılmışdır. Əziz Peyğəmbərdən (s) nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.1 Hadisələrlə qarşılaşdıqda Allah-Taalaya diqqət yetirmək mömin insanın əlində kəsərli bir silahdır. Buna görə, İslamın əziz Peyğəmbəri (s) döyüşdə bütün lazımi işləri görürdü, qoşunu düzürdü, əsgərləri sıralayırdı, onlara lazımi imkanları yaradırdı, lazımi tövsiyələri verirdi, öz komandanlığını icra edirdi, lakin eyni zamanda meydanın ortasında diz çöküb, əlini qaldırır, dua və münacat edir və Allah-Taala ilə danışıb ondan istəyirdi. Allahla bu əlaqə insanın qəlbini möhkəmlədir.