Ramazan ayının digər aylardan üstünlüyünün səbəbləri
Allahın köməyi olmadan heç bir şəxsə və xalqa heç bir başucalığı və səadət nəsib olmaz. İlahi yardımın da şərtləri və amilləri var. Duada deyirik ki, İlahi, Səndən rəhmət amillərini istəyirəm.1 İlahi rəhmətin ən mühüm amillərindən biri də ölkə məmurlarının, müxtəlif sahələrin icraçılarının Allah-Taala və xalq qarşısında öhdəlik hissinə malik olmasıdır. Bu hiss nə qədər çox olsa və öz ardınca daha yaxşı və daha güclü fəaliyyət gətirsə, şübhəsiz, ilahi rəhmət bizə daha çox şamil olacaq. Biz ilahi niyyətlə, Allaha yaxınlaşmaq qəsdi ilə hərəkət etməli və bilməliyik ki, bu zaman Allahın yardımı və lütfü qaçılmaz olacaq. İndi ramazan ayı və əlverişli fürsətdir. Ümumiyyətlə Allah-Taala orucu təqvalı olmaqdan ötrü vacib etmişdir. Ən azı orucun bu ayda vacib olmasının məqsədlərindən biri və bu ayın mühüm səciyyəsi təqva qazanmaqdır. Gündəlik namazlardan sonra oxunan duada deyirik: "Bu, digər aylardan əzəmətli, böyük, şərafətli və fəzilətli etdiyin aydır".2
Allah-Taala bu ayı digər aylardan üstün etmişdir. Onu üstün edən amillərdən biri orucdur, biri Quranın nazil olmasıdır, biri qədr gecəsidir. Bunlar həmin duada bu ayın səciyyələri kimi qeyd olunmuşdur. Ramazan ayı bizim inkişafımız üçün əlverişli mövsümdür, bahar fəsli kimidir. İlin hər bir fəslinin təbiətə xüsusi təsiri olduğu kimi, bəzi gündüzlərin, gecələrin, həftələrin və ayların da insanların mənəvi inkişafı, fəaliyyəti və onların yüksəlişi üçün xüsusi təsiri vardır; cümə axşamının bir xüsusiyyəti var, cümə gününün bir xüsusiyyəti. Buna təəccüb etmək lazım deyil. Bəzi zamanların maddi təbiətə xüsusi təsiri olduğu kimi, mənəvi təbiətə, insan ruhuna, insan yüksəlişinə, əməllərin qəbul olunmasına və ibadətlərə də xüsusi təsiri vardır. Qeyd etdik ki, cümə günü, şəbanın on beşinci gecəsi və xüsusən müqəddəs şəriət tərəfindən təyin olunmuş zamanlar belədir. Bu günlər təsadüfi seçilməyib. Məsələn, ramazan ayı təbiət və təsir baxımından rəcəb, yaxud zilqədə ayı ilə eyni deyil. Xeyr! İlin fəsilləri kimi, onların da öz xüsusiyyətləri var. Bundan istifadə edin.
Bir hədisə görə əziz İslam Peyğəmbəri (s) ramazan ayı ərəfəsində xalqa müraciətlə buyurdu: "Sübhanəllah! Görün siz nəyi qarşılayırsınız və sizi nə qarşılayır!"3. Bu, ramazan ayının uca tutulmasıdır. Əziz Peyğəmbərin (s) həqiqəti və batinləri görən gözü ramazan ayının faydalarını görür. Oruc bir fürsətdir. Onun təsir və faydalarını eşitmisiniz və bilirsiniz.
Dostları ilə paylaş: |