Bağışlanmaq istəyi və onun faydaları
Bəzi adamlar ramazan ayından bu şəkildə tam faydalanırlar, bəzi adamlar isə bir şeydən faydalanır, bir şeydən yox. Bu ayda müsəlman bu ilahi ziyafətdən maksimum bəhrələnməyə, ilahi rəhmətə və əfvə qovuşmağa çalışmalıdır. Mən burada bağışlanma diləyi üzərində dayanmaq istəyirəm; istər kiçik, istər böyük günahlardan, səhvlərdən bağışlanma diləmək. Bu ayda qəlbləri paslardan təmizləmək, çirkablardan yumaq çox mühüm məsələdir və bu, bağışlanma diləməklə mümkündür. Elə buna görə müxtəlif hədislərdə göstərilir ki, ən yaxşı dua bağışlanma diləməkdir. Bağışlanma diləyi də hamı üçündür. Uca insan olan əziz Peyğəmbər (s) də bağışlanmasını istəyirdi. Bizim kimilərin bağışlanmaq istəyi bir növ günahlara görədir - bizim vücudumuzda olan bu adi və normal günahlara, heyvani təmayüllərə, açıq-aşkar günahlara görə. Bəzilərinin bağışlanmaq istəyi isə belə günahlara görə deyil, daha yaxşını tərk etdiklərinə görədir. Bəziləri daha yaxşını da tərk etmirlər, amma bağışlanma istəyirlər. Bu bağışlanma istəyi Pərvərdigarın müqəddəs zatının əzəməti qarşısında bir məxluq olan insanın mahiyyətcə və təbiətcə qüsuruna görədir, kamil dərkin olmamasına görədir. Bu, övliyalara və böyüklərə məxsusdur.
Biz günahlarımızdan ötrü bağışlanmamızı istəməliyik. Bağışlanma istəyinin böyük faydası bizi öz barəmizdə qafilikdən çıxarmasıdır. Biz bəzən özümüz haqda səhv düşünürük. Bağışlanma fikrinə düşdükdə isə günahlar, səhvlər, dikbaşlıqlar, nəfsə etdiyimiz itaətlər, aşdığımız hədlər, özümüzə və digərlərinə etdiyimiz zülmlər gözümüz önündə canlanır və nə etdiyimizi xatırlayırıq. O zaman qürur və təkəbbür etməz, özümüzdən xəbərsiz olmarıq. Bağışlanma istəyinin ilk faydası budur. Sonra da Allah-Taala söz verib ki, həqiqətən dua edib Allah-Taaladan bağışlanmasını diləyən və günaha peşman olan insanı bağışlasın: "Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər"1. Allah-Taala tövbəni qəbul edəndir. Bu bağışlanmaq istəyi Allaha sarı qayıdış, səhvlərə və günahlara arxa çevirməkdir. Və əgər bağışlanmaq istəyi həqiqi olsa, Allah bunu qəbul edər.
Yadınızdan çıxarmayın ki, insan dili ilə dəfələrlə "Allah məni bağışla" - desə, amma fikri oyan-buyanda olsa, bunun faydası yoxdur. Bu, bağışlanma diləmək deyil. Bağışlanma diləmək bir duadır, istəkdir. İnsan həqiqətən Allahdan əfv diləməlidir: İlahi, mən bu günahı etmişəm, mənə rəhm et, günahımı bağışla. Günahların hər birinə qarşı belə bağışlanma diləmək, şübhəsiz, bağışlanmaya səbəb olar. Allah-Taala bu qapını açıq qoymuşdur.
Əlbəttə, müqəddəs İslam dinində digərlərinin yanında günahı etiraf etmək qadağandır. Bəzi dinlərdə ibadətgahlara gedir, ruhani və keşişin yanında oturub günahı etiraf edirlər. İslamda belə bir şey yoxdur və bu qadağan olunmuşdur. Digərlərinin qarşısında özünü rüsvay etmək, öz sirlərini və günahlarını açmaq yasaqdır. Bunun faydası da yoxdur. Həmin mövhumatçı və təhrif olunmuş dinlərdə deyirlər ki, keşiş günahı bağışlayır. Xeyr! İslamda günahı bağışlayan yalnız Allahdır. Hətta peyğəmbər də günahı bağışlaya bilməz. Şərafətli ayədə buyurur: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər"2. Yəni orada Peyğəmbər (s) onlar üçün bağışlanma diləyir, özü isə günahı bağışlaya bilməz. Günahı yalnız Allah-Taala bağışlamalıdır. Bağışlanma diləmək həqiqətən mühüm məsələdir. Bu ayda bağışlanmanızı diləməyi yaddan çıxarmayın. Xüsusən axşam və gecələrdə ramazan ayının dualarını mənalarına fikir verərək oxuyun.
Allaha şükür olsun ki, bizim cəmiyyətimiz mənəviyyatlı bir cəmiyyətdir. Bizim xalqımız arasında dua, ibadət, təvəssül və münacat geniş yayılmışdır, xalq bunları sevir. Bizim gənclərimizin pak və işıqlı qəlbləri Allah zikrinə meyllidir. Bunların hamısı mühüm məsələlərdir. Ramazan ayı da bizim ixtiyarımızda qoyulan bir ilahi fürsətdir. Bu mübarək aydan istifadə edin. Çox böyük olan bu fürsətdən istifadə edib qəlbləri Allaha yaxınlaşdırın, Allahla tanış edin. Bağışlanma diləməklə qəlbləri və canları paklayın, istəklərinizi Allah-Taalaya deyin. Bizim xalqımızın Allah-Taala ilə mənəvi əlaqəsi böyük işlər görmüşdür. Ramazan ayı da bunun üçün möhtəşəm bir fürsətdir. Bu fürsətdən istifadə etmək lazımdır.
Allah-Taala bu ramazan ayında vücudumuzun mələk cəhətini heyvani cəhətə qalib etmək üçün bizim hamımıza kömək etsin! Bizim bir mələk cəhətimiz var, bir də maddi və heyvani cəhətimiz. Nəfsin istəkləri maddi cəhəti mələk cəhətinə hakim edir. İnşallah bu ramazan ayında o ruhaniliyi və mənəviyyatı maddi cəhətə hakim edək, onu bir ehtiyat kimi saxlayaq və ramazan ayından il boyu bizə köməkçi olacaq bir təlim dövrü kimi istifadə edək.
Tehranın cümə namazı xütbələrindən: 2007.
Dostları ilə paylaş: |