Üç növ dözümün ictimai cəhəti
Burada başqa bir məsələ budur ki, bu üç növ dözüm bəzən yalnız şəxsi məsələlərdə olur. Bunun misalları qeyd olundu və hamımız bilirik. Amma bəzən də qeyri-şəxsi və ictimai məsələlərdədir; ümumi məsələlərdə, yaxud başqa sözlə desək, bir toplumun, bir ümmətin, bir xalqın və bir ölkənin taleyinə bağlı olan məsələlərdə. Fərz edin insanın dözməli olduğu itaət əməli bir ölkənin taleyinə bağlı əməldir, misal üçün, Allah yolunda cihad məsələsidir. Müqəddəs müdafiə dövründə cəbhəyə getməkdə, ölkəni və quruluşu müdafiə etməkdə dözümlü olmaq vacib bir iş və bir itaət idi. Müdafiədə dözümlülük yalnız insanın özünə aid olan məsələ deyildi. Döyüşə yollanan hər bir döyüşcü əslində öz getməsi və müqaviməti ilə ölkənin taleyini yazırdı. Bəzən itaət belədir. Yaxud siz məclis deputatının, nazirin, müdirin, hərbçinin, mədəni bir müəssisə işçisinin - harada çalışırsınızsa, görməli olduğunuz böyük iş bir itaətdir, Allaha itaətdir, bəndələrə xidmətdir. Allaha itaətin bu bir cəhəti İslam quruluşunda vəzifədir. Bu da Allaha itaətin başqa bir cəhətidir. Bu quruluşun, bu ilahi rejimin yuxarıdan aşağıya qədər bütün məmurlarının gördüyü işlər ilahi vəzifələrdir. Əgər siz polis, siz iqtisadi məmur, siz təhlükəsizlik məmuru, siz siyasi məmur yorulsanız, bu, dözümsüzlükdür. Bu, "Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin!"1 tövsiyəsinin ziddinədir. Dözümdən kömək istəyin.
Yaxud bir şey günahdır, amma elə bir günahdır ki, onun pis və xoşagəlməz nəticəsi yalnız sizə aid olmur: "Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verəcək) bəladan qorxun"2. Bəzən insan səhv bir hərəkət edir, bir yersiz söz danışır, bir yersiz iş görür, bir yersiz imza atır - biz məmurların vəziyyəti belədir - və onun nəticələri bir ölkəyə, əhalinin bir qisminə, yaxud bir təbəqəyə toxunur. Bu, günahdır. Məlum olur ki, belə yerlərdə günaha dözümlülüyün mənası daha böyük olur. Bu dözümlülük sizin məsələn, bir rüşvət qarşısında dözümlü olub rüşvət almamanızla fərqlənir. Rüşvət almamaq çox gözəl, çox böyük işdir, amma şəxsi bir günah qarşısında dözümlülükdür. Nəticəsi bütün cəmiyyətə toxunan günah qarşısında dözümlülük isə bundan da üstündür. Deməli, günaha dözümlülüyün belə geniş əhatəsi var.
Müsibətə dözümlülük də belədir. Müsibətlər bəzən insanın şəxsi müsibətləri olur, bəzən də ümumi müsibətlər. Məsələn, indi ölkə məmurları müxtəlif təxribat, ittiham, böhtan, təhqir və açıq iftiralarla üzləşirlər. Görürsünüz ki, bu nəhəng beynəlxalq informasiya resurslarında, xəbərlərdə, mediada, yazı və danışıqlarda nə qədər sözlər deyilir. İslama görə, inqilaba görə, hegemonizmin xoşuna gəlməyən amalların hər birinə görə, İslam Respublikasında çalışan və onların bəyənmədiyi bəzi şəxslərə görə - bunların hamısına görə İslam Respublikasının əleyhinə danışırlar. Yəni müxtəlif yollarla və müxtəlif cəhətlərdən İslam Respublikası əleyhinə hücumlar edilir. Bunlar müsibətdir və onlara dözmək asan deyil. Biz dünyanın bəzi başçı və məmurlarını yaxından görmüşük, bəziləri haqda eşitmişik. Elələri var ki, məhz həmin məsələlərə və təhqirlərə görə təsvir etdikləri məqsədlərdən və düz xətdən açıq şəkildə yayınırlar, onlara dözə bilmirlər. Bu da müsibət zamanı dözümlülük barədə.
Buna əsasən, dözümlülüyü bu üç sahədəki bütün əhəmiyyəti ilə birgə nəzərə almaq lazımdır; bir dəfə şəxsi məsələlərdə - bu mühüm məsələdir, mən və siz buna digərlərindən çox əhəmiyyət göstərməliyik - bir dəfə ictimai, siyasi, ümumi və milli məsələlərdə. Bu mənə və sizə məxsusdur. Yəni ümumi camaata aid deyil, onlarda belə şeylər yoxdur; bizə aiddir, dövlət rəsmisi olan, məhkəmə işində çalışan, parlament deputatı və məmur olan sizə məxsusdur. Hər iki mərhələdə və hər iki səviyyədə bu üç dözümlülük olmalı və ondan kömək almaq lazımdır. Əsas məsələ budur.
Üç hakimiyyət orqanının başçıları və quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2008.
Dostları ilə paylaş: |