Quran qiraətçilərinə tövsiyələr
Mən adətim üzrə əziz qiraətçilərimizə tövsiyələr edirəm. Builki tövsiyəm budur ki, bu avaz və ahənglər yaxşıdır. Bunlar Quranı könül oxşayan edir və təsirini artırır. Lakin belə gözəl səslərlə Quranı iki cür oxumaq olar. Biri budur ki, oxuyan sırf xanəndəlik edir. Bu bir cürdür. Məşhur Misir qiraətçiləri arasında bəziləri belədirlər, sırf xanəndədirlər. Yaxşı oxuyurlar, səsləri də yaxşıdır, avaz və ahəngləri də yaxşıdır. Biri də budur ki, Quranı həmin səslə, həmin avaz və ahənglə, amma elə oxuyur ki, ürəkdə Allaha təzim hissi yaranır və insan Allahı yada salır: "Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar"1. Bu yaranmalı, qiraət insanda Allaha təzim hissi yaratmalıdır. Belələri də var. Məşhur qiraətçilərdən bəziləri belədirlər; oxumaqla Allahı yada salırlar. Buna riayət etmək lazımdır. Xüsusən siz gənclərin Allahın lütfü ilə həm yaxşı səsiniz var, həm yaxşı bacarırsınız, həm də oxuduğunuz ayələrin mənası ilə tanış olduğunuzu anlayıram. Əvvəllər - inqilabın ilk onilliyində belə deyildi. Yaxşı səsi olanlar vardı, oxuyurdular, amma çox zaman mənalarına fikir vermirdilər. İndi Allaha şükür olsun ki, bu inkişaflar gənclərin səviyyəsini yüksəltmişdir. Bunlar yaxşıdır. Lakin buna da riayət edin və bunu da qiraət qaydalarınıza salın. Ayələr qarşısında zikr və təzim halı yarananda ürək Quran hidayətindən təsirlənir. Siz görürsünüz ki, insan bəzi ürəklərə nə qədər Quran ayəsi, Quran sözü oxuyursa, təsir etmir. Bəziləri isə təsirlənirlər: "Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, (sıxıntının şiddətindən) sanki göyə çıxar"1. Allah-Taaladan istəyək ürəyimizi elə etsin ki, Quran hidayəti və Quran işarəsi qarşısında dərs götürsün və təsirlənsin.
Quran ayələrini o qədər oxuyuruq, deyirik, bir-birimizə təkrarlayırıq, siz mənə deyirsiniz, mən sizə deyirəm; nəhayət ürəyi bu məfhumlardan təsirləndirməliyik. Misal üçün, deyirik ki, "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın"2. Quranın bu təlimini dəfələrlə təkrarlamışıq və daim oxuyuruq. Bu şərafətli ayə ilahi ilham kimi bizim qəlbimizə girsə və ürəyimizə hopsa, birlik məsələsi bizim üçün əsaslı bir məsələ olar, şəxsi qərəz və məqsədlərimiz naminə böyük milli birlikləri pozmarıq. Baxın, təsiri burada görünür. Əgər Quran ayələri insanın qəlbinə girsə və ürəyinə hopsa, o zaman bizə "Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər"3 deyəndə bunu qəbul etmək asan olar, kafirlərə qarşı tələbkar və sərt olarıq. Bunun mənası o deyil ki, insan düşməni tamamilə tapdayıb əzməlidir. Xeyr! Bəzən əzmək lazım olur, bəzən isə olmur, amma istənilən halda düşmən qarşısında sərt olmaq lazımdır. Düşmən qarşısında səngəriniz zəif olmamalı, düşmən bu tərəfə keçib təsir göstərə bilməməlidir. Digər tərəfdən isə "bir-birinə (öz aralarında) mərhəmətlidirlər". Biz-birimizlə mehriban olmalı, bir-birimizlə yumşaq davranmalıyıq. Baxın, bu bir Quran göstərişidir. Nə üçün buna əməl etmirik? Nöqsan haradadır? Nöqsan budur. Əgər qəlblərimiz Quranın rəhmət və hidayətini qəbul etsə, qəlbimizi Qurana tapşırsaq, bu iş asan olar, şəxsi məqsədlər, qərəzlər, maddi mənafe, hakimiyyət hərisliyi, pul hərisliyi və dostbazlıqlar insanın bu Quran tövsiyəsini və Quran hidayətini unutmasına, əldən verməsinə, ona arxa çevirməsinə bais olmaz.
Baxın, Quranı açmaq, eşitmək və oxumaq bizi mənzil-mənzil buraya çatdırmalıdır. Belə olmalıdır. Səmavi kitab olan Quranın xüsusiyyəti belədir. Quran adi kitab deyil ki, insan bir dəfə oxusun. Çox gözəl! Oxuyub öyrəndik, indi isə bağlayıb qoyaq yerinə. Xeyr! Bu, içməli su kimi həyat amilidir, ona həmişə ehtiyac var. Onun təsiri tədricən və zaman boyu görünür. Onun təsrinin və hidayətinin sonu yoxdur. Siz Qurandan nə qədər öyrənsəniz, açmalı yeni bir qapı, çözməli başqa bir düyün, öyrənməli başqa bir məchul qalacaq. Quran belədir. Odur ki, daim Quran oxumaq lazımdır. Bunun üçün də Quranla ünsiyyətdə olmalıyıq. Bizim gənclərimiz yaxşı səsləri və avazları ilə Quran oxusunlar və onun müxtəlif şərtlərinə riayət etsinlər. Qeyd etdiyimiz kimi, Allahı yada salmağı da yaxşı qiraətin əsas şərtlərindən etsinlər.
İlahi! Bizi Quranla yaşat, Quranla öldür, Quranla dirilt! İlahi! Bizim qəlblərimizi Quran hidayətini və mərifətini qəbul edən et! Bizi tövhid əhli et! İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bu ramazan ayını bizim xalqımıza və müsəlman ümmətə faydalı ramazan ayı et! İlahi! Quran təlimlərini İslam ümməti arasında günbəgün rəvac ver və yay! İlahi! Öz rəhmət və əfvini bizim ölənlərimizə şamil et!
Ramazan ayının birində Quran qiraətçiləri ilə görüşdə çıxışından: 2009.
İmamın dəyərli yadigarı olan Qüds gününün əhəmiyyəti
Gələn cümə Qüds günüdür. Bu bizim əziz imamımızın ən dəyərli yadigarlarındandır. Bu, inqilabın və bizim xalqımızın şərafətli Qüds hadisəsinə və Fələstin məsələsinə sevgi əlamətidir. Qüds günü sayəsində biz bu adı hər il dünyada yaşada bildik. Çoxlu hökumət və siyasətlər Fələstin məsələsinin unudulmasını istəyirdilər, buna çalışdılar, pul xərclədilər. Əgər İslam Respublikasının səyi olmasaydı, əgər İslam Respublikasının bütün qüvvəsi ilə bu xəbis siyasətin qarşısında müqaviməti olmasaydı, Fələstin məsələsini tədricən gündəmdən çıxarıb ümumiyyətlə unutdurmaları mümkün idi. İndi də hegemonizmin və xəbis sionistlərin özləri etiraf edir, düşünür və narahatdırlar ki, İslam Respublikası Fələstin bayrağını ucaldıb və istədikləri sazişlərlə Fələstin məsələsini sıradan çıxarmağa qoymur. Qüds günü bu xatirənin və bu adın yaşadılması günüdür. Bu il də ilahi yardımla, ilahi hidayətlə bizim böyük xalqımız Tehranda və digər rayonlarda Qüds gününü uca tutacaq, yürüş keçirəcək. Digər ölkələrdə də bir çox müsəlmanlar Qüds günündə İran xalqı kimi edirlər. Qüds günü Qüds məsələsinə aid bir gündür və eyni zamanda İran xalqının birlik əlamətidir. Ehtiyatlı olun ki, kimlərsə Qüds günündə bu toplantılardan təfriqə yaratmaq üçün istifadə etməsinlər. Təfriqədən qorxmaq lazımdır. Təfriqə ilə mübarizə aparmaq və vuruşmaq lazımdır. Təfriqə yaranmamalıdır. İran xalqı o zaman Qüds bayrağını fəxrlə ucalda bilər ki, bir olsun. Bütün bu illərdə bunu pozmağa çalışıblar, amma Allaha şükür olsun ki, bacarmayıblar, inşallah bundan sonra da bacarmayacaqlar.
Tehranın cümə namazı xütbələrindən: 2009.
Dostları ilə paylaş: |