Quran əzbərləməyin onu dərk etməyə təsiri
Bizə Quran təfəkkürünü bəxş edən amillərdən biri Quranı əzbərləməkdir. Bizdə Quran hafizi azdır. Mən əvvəllər demişdim ki, ölkəmizdə ən azı bir milyon Quran hafizi olmalıdır. Bir milyon bizim əhaliyə nisbətən kiçik rəqəmdir. İndi Allahın lütfü ilə dostlar hazırlıq işlərini gördüklərindən və Quran əzbərləməyə dair proqramlar hazırladıqlarından bizim də ümidimiz çoxalmışdır və deyirik ki, bizdə on milyon Quran hafizi olmalıdır.
Əlbəttə, yaddan çıxarmayın ki, Quranı əzbərləmək birinci addımdır. Əvvəla bunu qorumaq lazımdır. Buna görə Quranı əzbərləyən şəxs onu daim oxumalıdır ki, yadından çıxmasın. Sonra bu əzəbərləmək təfəkkür məsələsinə kömək etməlidir. Bu belədir. Hifz həqiqətən təfəkkürə kömək edir. Quranı əzbər bilən şəxs onu təkrarlayıb oxuduqda Quran ayələri üzərində dərindən düşünmək imkanı qazanır.
Təbii ki, ayənin məqsədini izah edən təfsirlərlə tanışlıq da çox lazımdır. Əzbərləmək, təfsirlə tanışlıq və təfəkkür olduqda bizim cəmiyyətimizdə gözlənilən hal, yəni Quran çiçəklənməsi baş verəcək. Təsəvvür edin, ölkəmizdə Quran təlimləri ilə tanış olan on milyon, on beş milyon insan olsa, görün nə qədər dəyərli olar! Onlar Quranın təlimlərini, dərslərini, nəsihətlərini, təhdid və müjdələrini yadda saxlasınlar, xatırlasınlar və öz qəlblərinə oxusunlar. Bu zaman polad kimi möhkəm bir xalq yaranar. Xoşbəxtlikdən, buna əlverişli şərait vardır. Bu gün də bizim xalqımızın iradəsi polad kimidir, amma cəmiyyətin sözügedən Quran forması o zaman baş verəcək. Biz ümidvarıq ki, buna müvəffəq olacağıq. Quranla ünsiyyət quran, Quran adamı olan, Quran oxuyan, gözəl səslə Quran qiraətinə müştəri, yaxud özləri həmin qiraətçilərdən olan siz gənclər öz qədrinizi bilin. Allah-Taala sizə böyük qarşılıq verəcək. Siz həqiqətən cəmiyyətin bu ümumi hərəkətinin ön sıralarındasınız. Çətinliyi kimi, bunun Allah yanında əcri və savabı da çoxdur.
İlahi! Bizi bütün ömrümüz boyu Quranla birgə et! İlahi! Bizi dünya və axirətdə Qurandan ayırma! İlahi! Bizi qiyamətdə Quranın sayəsində saxla! İlahi! Bizə Quran həyatı, ilahi həyat və İslamın ideal həyatını bəxş et! İlahi! Məhəmməd (s) və Ali-Məhəmməd (ə) hörmətinə, dövrün imamının müqəddəs qəlbini bizdən razı et! Bizi Quran və Əhli-beytdən (ə) ayırma!
Quran qiraətçiləri, hafizləri və müəllimləri ilə görüşdə çıxışından: 2011.
Dostları ilə paylaş: |