İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Bağışlanma istəyinin həqiqi və zahiri növlərinin fərqi



Yüklə 391,59 Kb.
səhifə83/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   79   80   81   82   83   84   85   86   ...   226
Bağışlanma istəyinin həqiqi və zahiri növlərinin fərqi

Bir məsələ də budur ki, həqiqi və ciddi bağışlanmaq istəyi təsirli olur. Fərz edin sizin böyük bir probleminiz var və Allah-Taaladan onun həll olunmasını istəyirsiniz. Məsələn, Allah eləməmiş, əzizlərinizdən biri üçün bir problem yaranmışdır. Siz adi yollarla onun problemini həll etməyə çalışmış, amma bacarmamısınız. İndi isə Allah-Taalaya üz tutub dua edir və yalvarırsınız. Görün insan belə bir halda, məsələn, övladının, yaxud əzizinin bir xəstəliyə tutulduğu, Allahın qapısına getdiyi və onda dua halının yarandığı zaman Allahdan necə istəyər?! Günahlarınızın bağışlanmasını Allahdan belə istəyin. Bağışlanmağı həqiqətən istəyin və həmin günahı bir daha təkrar etməməyə qərar verin.

Əlbəttə, insanın günah etməmək qərarı ola və sonradan yenə də onu təkrarlaya bilər. Bu zaman yenə tövbə etməlidir. Əgər insan yüz dəfə tövbəsini sındırsa da, yüz birinci tövbənin qapısı da açıqdır. Lakin tövbə edən və bağışlanmaq istəyən insanda əvvəldən həmin səhv və günah işi təkrarlamaq qərarı olmamalıdır. Belə olmaz.

Kitabda imamların birindən belə bir hədisin söyləndiyini gördüm: "Dili ilə bağışlanmaq istəyən, amma qəlbində günahına görə peşman olmayan şəxs özünü məsxərə etmişdir". Yəni qəlbində günaha görə peşman olmayan və çox sevinən, amma dili ilə "əstəğfirullah" deyən şəxs özünü ələ salır. Bu neçə bağışlanmaq istəyidir?! Bu, bağışlanmaq istəyi deyil. Bağışlanmaq istəyi odur ki, insan qayıtsın; həqiqətən və ciddi şəkildə Allah-Taaladan onu bağışlamasını istəsin. Bu zaman insan həmin işi təkrarlamaq niyyətində ola bilərmi?! Belə bir insanın Allah-Taaladan bağışlanma diləməyə üzü gələrmi?!

Bu necə bağışlanmaq istəməkdir?! Bu bağışlanmaq istəyi kifayət etmir. Bağışlanmaq istəyi ciddi və həqiqi olmalıdır. Bağışlanmaq istəyi müəyyən bir qrupdan olan insanlara məxsus deyil ki, deyək onlar çox günah etmişlər və bağışlanmaq istəməlidirlər. Xeyr! Bütün insanlar, hətta peyğəmbərlər də bağışlanmaq istəməlidirlər. "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq". Peyğəmbər (s) də bağışlanmaq istəməlidir.

Bağışlanmaq istəyi ya bizim etdiyimiz günaha görədir, ya da əxlaqi günahlara görə. Fərz edin bir insan heç bir günah etməmişdir; nə yalan danışmış, nə qeybət etmiş, nə zülm etmiş, nə qanunu pozmuş, nə ehtiraslara uymuş, nə bir kəsi aşağılamış, nə xalqın malına təcavüz etmişdir. Sözsüz ki, belə insanlar çox azdır. Lakin bu növ fiziki günahları etməyən insanların çoxu da duyğu günahlarına - əxlaqi günahlara düçar olurlar. Əgər heç bir günah etməyən həmin adam xalqa baxıb "bu bədbəxt camaatın hamısı günah edir, amma biz Allahın lütfü ilə özümüzü saxlamışıq və günah etmirik" - desə, yəni özünü onlardan üstün hesab etsə, bunun özü bir günah, tənəzzül və süqutdur və onun üçün bağışlanma diləmək lazımdır. İnsanları təhqir etmək, özünü digərlərindən üstün tutmaq, öz işinə xalqın işindən daha çox dəyər vermək, yaxud insanlarda olan bəzi pis əxlaqi xarakterlər, məsələn, paxıllıq, tamahkarlıq və eqoizm üçün də bağışlanma diləmək lazımdır.

Fərz edək bu günahları etməyən bir insan da var, amma məsələn, tövhid elmini yüksəldə bilməmişdir. Bu bir qüsurdur və onun üçün bağışlanmaq istəməlidir. Tövhid və Allaha etiqad elmi məhdud və bağlı bir sahə deyil, sonsuz yoldur. Bütün peyğəmbər və övliyalar bu yolda inkişaf və təkamüldə olmuş, Pərvərdigarın müqəddəs zatı və Həzrət Haqqın kamal sifətləri barədə daha çox məlumat toplamağa çalışmışlar. Belə şəxslər bu yolda nə qədər inkişaf etməsələr, bu bir qüsur, gerilik, mənəvi acizlikdir və onun üçün bağışlanmaq istəmək lazımdır.

Bağışlanma diləmək hamı üçündür. Görürsünüz ki, bu dualarda imamların necə yanğısı var. Bəziləri elə bilirlər ki, İmam Səccad (ə) digərlərinə öyrətmək üçün belə yanğılı dua etmişdir. Bəli, işin həm formasında, həm də məzmununda digərlərinə öyrətmək var, lakin məsələnin məğzi bu deyil. Məsələnin məğzi bu saleh bəndənin, uca və böyük insanın özünün istəmək halətidir. Bu yanğı onun özünə aiddir. Allah qarşısında belə yalvarış onun özünə aiddir. Allah əzabından bu qorxu, Allaha yaxınlaşmağa və Allahın razılığına meyl onun öz hissləridir. Bu bağışlanmaq istəyi və Allahdan diləmək həqiqətən onun özünə aiddir.

O ucalıqda olan bir insanın nəzərində həyatın halal işlərinə - halal ləzzətlərə və halal işlərə diqqətin də bir növ süqut və tənəzzül hesab olunması mümkündür. Ürəyi istəyirdi ki, maddi və fiziki zərurətlər çərçivəsində qərarlaşmasın, həyatın halallarına və adi məsələlərinə bu yarımçıq baxışı da olmasın, mərifət yolunda, ilahi razılığa və ilahi dərkin cənnətinə sarı sonsuz vadidə daha çox irəliləsin. Bu baş tutmadıqda isə, bağışlanmaq istəyir. Buna əsasən, bağışlanmaq hamı üçündür.

Mənim əzizlərim! Bağışlanmaq istəyi üçün ramazan ayını qənimət sayın, Allah-Taaladan əfv diləyin. Bizim xalqımızın bu fədakar ruhiyyəsinə, göstərdiyi bu müqavimətə, gördüyü bu böyük işə, malik olduğu bu nurlu və yaxşı gənclərə, - bizim cəmiyyətimizdən başqa heç bir yerdə bu qədər gənc yoxdur - bu qadınlara, kişilərə, analara və bu xalqın göstərdiyi müxtəlif fədakarlıqlara görə maddi və mənəvi, dünya və axirət sahələrində onun böyük inkişaf potensialı vardır. Bu xalq bağışlanmaq istəyi ilə ilahi rəhməti özünə cəlb etməlidir.

Hamınız bağışlanmaq istəyin. İbadət adamı olanlar, ibadətdə orta səviyyədə olanlar, hətta ibadət işində zəif olan və yalnız vacib əməllərlə kifayətlənənlər, hətta hərdən Allah eləməmiş, bəzi vacib ibadətlərini də tərk edən şəxslər - hamı və hamı bilməlidir ki, işləri aparan amil onlarla Allah arasındakı bu əlaqədir. Allah-Taaladan bağışlanmaq istəyin, əfv diləyin, Allahdan bu günah maneəsini götürməsini, Özünün lütf və mərhəmət günəşinin önündən buludları qaldırmasını, lütfünü bu qəlblərə və ruhlara saçmasını diləyin. O zaman inkişaf və irəliləyişi görəcəksiniz.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin