Ramazan ayında yaşamaq nemətinin şükrü
İlahi! Bütün vücudumuzla, bütün hiss və dərkimizlə Sənə şükür edirik ki, daha bir ramazan ayında yaşamaq, Sənin mübarək olan ilahi və mənəvi qonaqlığında bir dəfə də iştirak etmək səadətini bizə nəsib etdin. Əgər Allahın bu böyük lütf və mərhəməti bu dəfə bu ilahi ziyafətdən və ilahi nemətlər süfrəsindən həqiqətən bəhrələnmək uğuru ilə yanaşı olsa, ömrümüzün sonuna qədər dayanmadan bu nemət üçün şükür etsək də, lazımınca və həqiqi şükrü etmiş olmarıq. Bu ilahi ziyafətdə iştirak etməniz münasibəti ilə siz əziz qardaşları, əziz bacıları və namazda iştirak edənləri təbrik edirəm.
Bu gün birinci xütbədə əvvəla siz əziz qardaş və bacıların hamısını təqvaya çağırıram. Oruc tutmaqda məqsəd ilahi təqvadır. Ramazan ayının ən böyük səmərələrindən biri budur. Ümidvaram mən və siz bu ayın sayəsində öz rəftarımızda, danışığımızda, hiss və düşüncələrimizdə ilahi təqvanı və çox ehtiyatlılığı hakim edək və özümüzü insan kamilliyinə bir addım yaxınlaşdıraq. Bu gün bu mübarək ayda əsas vəzifə hesab olunan oruc haqda qısa söhbət edəcəyəm. Allah-Taala insanı tərbiyəyə ehtiyaclı yaratmışdır. İnsan həm xaricdən tərbiyə olunmalıdır, həm də daxildən özü-özünü tərbiyə etməlidir. Mənəvi məsələlər sahəsində bu tərbiyənin biri insanın düşüncəsinin və əqli qüvvəsinin tərbiyəsidir; bu tərbiyə təlim və təhsildən ibarətdir. Biri də nəfsin, insanda olan psixoloji qüvvələrin, qəzəb və ehtiras qüvvəsinin tərbiyəsidir; bu tərbiyənin adı mənəvi paklıqdır.
Əgər insan düzgün təlim görsə və mənəvi cəhətdən paklansa, zavodda gözəl formaya düşən xammal kimi olar, həm bu dünyada xeyrə, bərəkətə, dünyanın və qəlblərin abadlığına bais olar, həm də o biri dünyaya köçəndə, axirət aləminə qədəm qoyanda taleyi bütün insanların müştaq olduğu tale olar: yəni qurtuluş, əbədi və xoşbəxt həyat və cənnət. Məhz buna görə əvvəldən sona qədər bütün peyğəmbərlər təlimi və mənəvi paklamanı öz məqsədləri seçmişlər: "Onları mənəvi cəhətdən paklayan, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi"1. İnsanları həm ağıl və düşüncə cəhətindən tərbiyə edirlər, həm də ruhi cəhətdən.
Dostları ilə paylaş: |