Fitr bayramı – yaxşı əməl sahiblərinin mükafat aldığı və pis əməl sahiblərinin ziyan gördüyü gün
Fitr bayramı çox əzəmətli və mühüm bir gündür. Birinci xütbədə siz əziz qardaş və bacılara Əmirəlmöminindən (ə) bu gün haqda bir hədis söyləyəcəyəm. Ümidvaram ki, həm özümə, həm də sizə nəsihət olacaq.
Şeyx Səduq İmam Sadiqdən (ə) və o da babalarından nəql edir ki, fitr bayramında Əmirəlmöminin (ə) camaata buyurdu: "Ey insanlar! Bu gün yaxşı əməl sahiblərinin mükafat aldığı və pis əməl sahiblərinin ziyan gördüyü gündür".1 Ramazan ayını ibadətlə və mənəvi işlərlə keçirənlər bu gün Allah-Taaladan öz mükafatlarını alırlar. İxlaslı orucun, Quran oxumağın, gecə yarısı yuxudan oyanmağın, münacatın, duanın, maddi yardımların, ehsanın, siz əziz gənclərin və İslam həqiqətləri ilə tanış olan siz mömin xalqın mübarək ramazan ayında gördüyü bütün işlər bu gün ruhani aləmdə sizə təqdim olunur.
"Bu gün qiyamət gününə ən çox bənzəyən gündür"2. Bu gün yaxşı əməl sahiblərinin mükafat aldığı və pis əməl sahiblərinin ziyan gördüyü gün olduğundan qiyamət gününə bənzəyir. Dünya həyatını yaxşı əməllə keçirənlər qiyamətdə savab görəcək, qəlbləri və gözləri ilahi nəzərlə işıqlanacaq, lakin dünyanı qəflət içərisində, pis işlərlə, zülmkarlıqla, Allah-Taalaya itaətsizliklə, ehtiraslarla, eqoistlik və xudpəsəndliklə keçirənlər o gün ziyan görəcəklər.
Əmirəlmöminin (ə) bu bənzətmədən və bu zərif məqama toxunduqdan sonra belə tövsiyə edir: "Bayram namazı qılmaq üçün evinizdən çıxdığınızda Rəbbinizə sarı getmək üçün qəbirlərdən çıxacağınız günü yada salın; namazda ayaq üstə durduğunuzda (qiyamət günü) Rəbbiniz önündə duruşunuzu yada salın; (namazdan sonra) evinizə qayıdarkən (qiyamət günü) cənnətdəki mənzillərinizə qayıtmanızı yada salın"3. Bu gün olduğu kimi, o gün də yaxşı əməl sahibləri üçün savab və mükafat günü, günahkarlar üçün isə zərər və ziyan günü olacaq.
Ömrün hər bir anının qədrini bilin. Ömrünüzün saatlarından yaxşı işlər üçün istifadə edin, özünüzü Allaha yaxınlaşdırın. vaxtınızı Allah yolunda çalışmaqla keçirin. Həyatın saatları, illəri ildırım sürəti ilə ötür. Qiyamət günü bu anları xatırlayacaqsınız. Xoş yaxşı əməl sahiblərinin halına və yazıqlar olsun ziyankarların halına!
Fitr bayramı namazının xütbələrindən: 1998.
Dostları ilə paylaş: |