Ramazan - təqva qazanmaq ayı
Ramazan ayı təqva qazanmaq ayıdır. Bu ayda bütün il və bütün ömrümüz üçün dəyərli təqva ehtiyatı toplamaqdan ötrü Allah-Taaladan kömək istəyək.
Bu gün birinci xütbədə Əmirəlmömininin (ə) bir cümləsi haqda danışmaq istəyirəm. Bu cümlə o həzrətin övladlarına və yaxınlarına vəsiyyətindəndir. Nəhcül-bəlağədə deyilir ki, bu vəsiyyət hamıya ünvanlanmışdır. Yəni biz də Əmirəlmömininin (ə) bu sözlərinin müraciət tərəfiyik. Bu, məşhur bir vəsiyyətdir. İmam vəsiyyətin bir-iki sətrindən sonra buyurur: "Siz iki oğlumu, bütün övladlarımı, ailəmi və yazımdan xəbərdar olan hər bir kəsi Allah təqvasına, işlərdə nizam-intizama və mehribanlıq yaratmağa çağırıram".1 Bu vəsiyyətnamədə təxminən iyirmi məsələ qeyd olunmuşdur. Təbii ki, böyük bir insanın ömrünün son saatlarında yazdığı vəsiyyətnamə onun fikrincə çox mühüm mətləbləri ehtiva edir. Əmirəlmöminin (ə) bu vəsiyyətnaməni İbn Mülcəmin sui-qəsdindən sonra yazmışdır. Bu vəsiyyətnamədə qeyd olunan təxminən iyirmi məsələ mühüm məsələlərdir: dünyagirlik, Quran, həcc, cihad, yetimlər, qonşular və digər mövzular. Mən bu gün söhbət üçün həmin iyirmi məsələdən ikisini seçmişəm: biri işlərdə nizam-intizam, ikincisi isə mehribanlıq yaratmaq. Bundan anlamaq olar ki, bu iki məsələ Əmirəlmömininə (ə) görə çox mühüm məsələlərdir.
Dostları ilə paylaş: |