Qədr gecəsi - ilahi mələklərin və Ruhun enmə zamanı
Namazda iştirak edən bütün qardaş və bacılara və özümə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Cümə namazının birinci xütbəsinin əvvəlindən öz qəlbimizə və ruhumuza təqva ruhu aşılayaq, ramazan ayının orucundan, bu ayın mənəvi ab-havasından və ruhani paklığından istifadə edək. Qoy bizim qəlbimiz böyük təqva xislətinə rəğbət göstərsin və sözün həqiqi mənasında təqvalı olaq.
Bu gün ramazan ayının iyirmi biri və çoxlu ehtimallara görə qədr günüdür. Həm qədr günüdür, həm də Əmirəlmömininin (ə) şəhid olduğu gün. Keçən gecə ilin ən üstün üç gecəsindən - qədr gecəsi olması ehtimal edilən gecələrdən biri idi. İlahi mələklərin və Ruhun enməsi ötən gecə, yaxud o biri iki gecədən birində baş verdi və ya verəcək. İlahi mələklərin enməsi ilə öz ruhlarını mələyə bənzədənlərin xoş halına: "O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər"1. İlahi mələklərin yer üzünə və bizim aramıza enməsi bizim mələk xislətlərinə yaxınlaşmamıza kömək etməlidir. Şübhəsiz, Allahın bəndələri arasında keçən gecəni yaxşı şəkildə keçirən şəxslər olmuşdur, onların həqiqəti görən gözləri və dərk edən ruhları qədr gecəsinin həqiqətlərini dərk etmişdir. Bəlkə də kimlərsə mələkləri gözləri ilə görmüşlər. Siz əziz xalq da hər yerdə on doqquzuncu və iyirmi birinci gecələri yaxşı keçirdiniz və inşallah iyrimi üçüncü gecəni də belə keçirəcəksiniz. Görürük ki, bizim xalqımız, gənclərimiz, qadın və kişilərimiz bu gecələrdə həqiqətən paklanmaq istəyirlər; ürəklər yumşalır, gözlərdən yaş axır, ruhlar incəlir və oruc da buna kömək edir. Biz ümidvar olmalı, dua etməli və bu gecələrdən öz mənəvi yüksəlişimiz üçün istifadə etməliyik. Namaz möminin meracı və yüksəliş vasitəsidir. Dua da möminin meracıdır, qədr gecəsi də. Gərək yüksəlməyə çalışaq və bütün dünyada çoxlu insanları əsir edən maddi zibillikdən özümüzü bacardıqca uzaqlaşdıraq. Vurğunluqlar, pis xarakterlər, qeyri-insani və antihumanist xüsusiyyətlər, təcavüzkar və tamahkar xislətlər, fəsad, pozğunluq, zülm, insan ruhunun zibillikləridir. Bu gecələr bizi bunlardan daha çox uzaqlaşdırmalı və ayırmalıdır.
Tehranın cümə namazı xütbələrindən: 2004.
Dostları ilə paylaş: |