İslam inqilabı - cəmiyyətdə Quranın qürbətini aradan qaldıran amil
Bu gün Allaha şükür olsun ki, İslam quruluşunun sayəsində ölkəmizdə Quran sədası ucalmışdır. Bizim əziz gənclərimiz bilsinlər ki, bir zaman Quran bu ölkədə sözün həqiqi mənasında qərib idi. Təkcə Qurana əməl etmək və ona sayğı göstərmək yox, hətta Quranın oxunuşu da qərib idi. Bəzən nümayişkarlıq üçün bir tərəfdə bir hərəkət görünürdü. Amma Quran ölkə xalqı, xüsusən də bizim gənclərimizin arasında ideal və hakim cərəyan deyildi. Bu gün mən baxıb görürəm ki, Quran oxunuşunu lazımi həddə yerinə yetirən gənclərin və hətta yeniyetmələrin sayı çoxdur. Bu gün burada Quran oxuyan əziz gənclərin hamısı doğrudan da çox yaxşı oxudular. Bu Quran hərəkatı ölkədə tədricən güclənmişdir.
Mən dəfələrlə demişəm, yenə də deyirəm: Biz bu ölkədə Quranla ünsiyyətin və Quran qiraətinin xalq arasında ümumiləşməsindən ötrü Quranın peşəkar qiraətinə önəm veririk. Mənim əzizlərim! Quranla ünsiyyət qurun. Bizim dilimiz Quran dili deyil, amma Quranın tərcüməsinə müraciət edə bilərik. Quran məzmunlarının dərinliyi isə yalnız tərcüməyə müraciətlə əldə olunmur, necə ki, onun mənasını başa düşən adamlar üçün Quranın mətnini oxumaqla da həmişə əldə olunmur. Bunun üçün təfəkkür etmək və dərindən düşünmək lazımdır.
Quranın bizim qəlbimizdə əks olunması üçün onu təmiz, şəffaf və parıltılı bir güzgü kimi bilmək lazımdır. Quran bizim canımızda əks olunmalıdır. Bu həmişə və hamı üçün deyil, qəlblərini mənəvi saflıqla təmizləyənlər üçündür. Qurana iman və inamla yanaşmaq lazımdır. Çünki Quranın sədası, kəlamı və sözü inadkar qəlbi olan, eşitmək və anlamaq istəməyən şəxslərə təsir etmir: "Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, iman gətirməzdilər"1. Bəzi adamlar üçün yeri-göyə calasan da, inanmaz və paslı ürəkləri yaxınlaşmaz və iman gətirməzlər. Odur ki, Quranı da oxuyur, amma ona yaxınlaşmır.
Qurana yaxınlaşmaq lazımdır. Siz əziz gənclər və ölkədə bu sözü eşidən bütün gənclər! Bilin ki, Quranda hikmət var, nur var, şəfa var və dünyanın maddi problemləri səbəbindən qəlbdə və ruhda yaranan düyünlər Quran hikməti ilə açıla bilər. Bu həqiqətdir; ürəkləri açır, səbir və dözümlülük verir, ümid verir, nur verir, düzgün yolda hərəkət etmək üçün güclü iradə verir. Quranla üzləşmək və bunları götürmək lazımdır.
Biz dünyaya qərq olanda özümüzü məhrum edir, sanki güzgünü bulaşdırırıq. Bəllidir ki, bir şey görünməyəcək. Biz özümüzü Qurandan məhrum etməməliyik. Təəssüf ki, bu gün İslam dünyası özünü Qurandan məhrum etmişdir. Biz İslam ümməti özümüzü Qurandan məhrum etmişik. Buna görə Quran ayəsini oxuyurlar, onun Allahdan qeyrisinə bel bağlamağa, Allaha şərik qoşmağa, qeyri-ilahi cinah və düşərgələrə qoşulmağa necə qəzəbli yanaşdığını görürlər, amma eyni zamanda ürəkləri Amerika ilə, dünya hegemonları ilə, sionist və qeyri-sionist korporasiyalarladır. Əgər İslam dünyası inkişafa doğru lazımi hərəkəti etmir və lazımi təkanı götürmürsə, həmin problemlərə görədir.
Bu gün xoşbəxtlikdən, müsəlmanlar oyanmışlar. Bu gün bütün dünyada İslam oyanışı hiss olunur. İnşallah bu oyanış və müsəlmanlar arasında qardaşlıq günbəgün artacaq.
Qurani-kərim qiraətçiləri ilə görüşdə çıxışından: 2005.
Dostları ilə paylaş: |