Ramazan - insanın ruhən paklanması və mənəvi saflıq qazanma fürsəti
Quran ayəsinə əsasən, ramazan ayının orucunda məqsəd təqvadan və insanın bu mənəvi ehtiyatını artırmaqdan ibarətdir.
Bu ay ilahi ziyafət ayıdır. Bu ayda Allahın öz bəndələrinə mənəvi hədiyyəsi rəhmət və əfv qapılarını açmaq, bu ayda bəndələrin etdiyi xeyir əməllərin savabını artırmaqdır. Ramazan ayının orucu da Allahın böyük ziyafətinin nümunələrindən biridir. Bu, insanın mənəvi saflığına və oruc tutanın ruhən paklanmasına bais olur. İmam Səccad (ə) bir xütbədə buyurmuşdur ki, ramazan ayı mənəvi paklıq və əfv ayıdır.1 Çünki Allah-Taala bu ayda bağışlamaq məsələsinə ilin digər günlərindən daha çox önəm verir. Məhz buna görə bir hədisdə deyilir ki, Allahın rəhmət və əfv qapılarının insanların üzünə açıldığı ramazan ayında bağışlana bilməyən şəxs bəs nə zaman bağışlanacaq?2
Bu ilahi süfrənin və ziyafətin meyvələrindən biri qədr gecəsidir. Mən bu gün birinci xütbədə qədr gecəsinin vəzifələri haqda bir qədər danışmaq istəyirəm. "Qədr gecəsi min aydan xeyirlidir"3. Qədr gecəsi adlandırılan bu gecə ramazan ayında bir neçə gecədən biridir və min aydan üstündür. Mömin bəndə Qədr gecəsinin möcüzəvi saatlarından maksimum istifadə etməlidir. Bu gecədə ən yaxşı əməl duadır. Dua barədə bu gün siz qardaş və bacılara bəzi mətləblər deyəcəyəm. Əhya (səhərədək oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Qədr gecələrində müstəhəb əməl olan namaz da əslində dua və zikrdir. Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir.4 Yəni ibadətin məğzi, yaxud daha çox işlənən ifadə ilə desək, ibadətin ruhu duadır. Dua nədir? Dua - Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona deməkdir. Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi bildirməkdir. Bunların hamısı duadır. Mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biri duadır. Ruhun paklanmasında duanın belə rolu var.
Dostları ilə paylaş: |