Ramazan - ilahi mərhəmətdən faydalanmaq fürsəti
Ramazan ayı öz bərəkətləri və geniş ilahi süfrəsi ilə birgə sona çatmaqdadır. Bu böyük ölkənin öz vəzifələrini yaxşı yerinə yetirmək üçün həmişə ilahi qüvvədən kömək almağa ümid bəsləyən biz məmurları bu əziz ayı arxada qoyuruq, halbuki bu aydan, ondakı və qədr gecələrindəki ilahi lütf və mərhəmətdən nə qədər pay götürdüyümüzü bilmirik. Biz bu böyük xeyirdən, böyük mərhəmətdən vaz keçə bilmərik. Bizim işimiz ağır, yolumuz uzun və vəzifəmiz böyükdür. İlahi yardım olmadan bu ağır vəzifələri yerinə yetirmək olmaz. Odur ki, bu fürsətləri fövtə verməməliyik. Mənim bugünkü sözüm əsasən bu məsələ haqdadır.
Allah-Taala Quranda dəfələrlə, o cümlədən bu ayədə bağışlanmaq diləyib Allaha qayıtmağı bizə əmr edir. Tövbə qayıtmaq deməkdir. Bu qayıtmaq həm iman mərhələsindədir, həm də əməl və rəftar mərhələsində. Bizim səhlənkarlıqlarımız olub və var. Biz özümüzü islah etməliyik və bu birinci dərəcəli əhəmiyyətə malikdir. Mübarək Hud surəsi belə başlayır: "Bismillahir–Rəhmanir-Rəhim. Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır ki, siz Allahdan başqasına ibadət etməyəsiniz - ən sizi Allah tərəfindən qorxudan və müjdələyənəm - və Rəbbinizdən bağışlanmağınızı diləyə, sonra Ona tövbə edəsiniz"1. Yəni Quranın missiyası birinci növbədə tövhid məsələsidir, amma ondan sonra dərhal Allaha qayıtmaqdan və Allahdan əfv diləməkdən danışır. Bu, peyğəmbərlərdən tutmuş aşağı səviyyələrə qədər bütün təbəqələrə məxsusdur. Lakin bağışlanmaq istədiyimiz günah bizdə bir şeydir, pak və dəyərli insanlarda başqa bir şey. Onların da bağışlanma diləməyə ehtiyacları var. Onlar da məxluqdurlar. Onların da əfv istəməyə, bu nöqsanı və nisbi zəifliyi Allahdan bağışlanma diləməklə düzəltməyə ehtiyacları var. Bizim günahlarımız və mənfi cəhətlərimiz də bir-iki deyil. Bizim müxtəlif növ səhvlərimiz var. Bu bizim əsas sözümüzdür.
Burada bir hədis oxuyum: "Əfv diləməklə bəla qapılarını bağlayın".2 Həmin ayədə də belə deyilirdi: "Sizə yaxşı gün-güzəran versin"3. Yəni həyatdan yaxşı faydalanmaq Allah-Taaladan əfv diləməklə və tövbə ilə hasil olar.
Dostları ilə paylaş: |