Gənclərin məsumlardan nəql olunmuş duaların tərcüməsinə diqqət yetirməsi
İmamlardan nəql olunmuş duaların faydalarından biri onlarda mövcud olan ilahi bilgilərdir. Kumeyl duası, Şəban münacatı, Əbu Həmzə Sumali duası və digər dualar ilahi bilgilərlə doludur. Əgər insan bunları oxuyub anlasa, Müqəddəs Allahla və Həzrət Haqla mənəvi əlaqədən əlavə, çoxlu belə məlumatlar da toplayar.
Mən gənclərə təkidlə tövsiyə edirəm ki, bu duaların tərcüməsinə baxsınlar. Bu Ərəfə və Əbu Həmzə duaları dini təlimlə doludur. Biz Kumeyl duasında belə oxuyuruq: "Allahım, cəzaları endirən günahlarımı bağışla! Allahım, duaları həbs edən günahlarımı bağışla!"2. Bütün bunlar ilahi təlimlərdir. Mənası budur ki, bizim etdiyimiz günahlar bəzən dualarımızın qəbul olunmasına mane olur. Bəzən elə günahlar edirik ki, onlar bəlanı bizə ərməğan edir. Bəzən günahların təsirindən ümumi və milli bəlalar yaranır. Təbii ki, hansı bəlanın hansı günah ucbatından baş verdiyi elan olunmur, amma düşüncəli insanlar bunu bilirlər. Bəzən əməllərin təsiri sürətli olur, bəzən isə fasilə ilə. Bunları dua bizə deyir. Yaxud Əbu Həmzə duasında deyirik ki, mənim Səni tanımağımın özü məni Sənə yönəldir və mənim Səni sevməyimin özü Sənin yanında mənə şəfaətçidir. Mən bu bələdçini görəndə özümün Səni tanımağımı, Sənə olan bu sevgimi görəndə onu Sənin yaratdığını görürəm, bilirəm ki, kömək edən Sənsən.1 Baxın, bu, insanın gözünü açır və bir təsəvvür yaradır. Bunlar ilahi bilgilər, ilahi yardım, ilahi uğur və ilahi səadətdir. Bunları dualarda tapmaq olar. Duanın qədrini bilin.
Dua Allahı çağırmaqdır. Bu fars dilində də ola bilər, öz dilinizdə də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun. Bəzən də istək dilənmir, yalnız Allahla ünsiyyət qurulur. İstəklər də müxtəlifdir. Bəzən insan Allah-Taaladan Onun razılığını, yaxud əfv etməsini istəyir. Bu bir cür istəkdir. Bəzən də insan maddi istəklər diləyir. Bunun eybi yoxdur. Nə olursa-olsun və hansı dillə olursa-olsun, Allahdan istəmək yaxşıdır və onlarda qeyd etdiyimiz xüsusiyyətlər - Allahla əlaqə və bəndəlik hissi vardır. Məsumlardan nəql olunan dualar ilahi bilgilərlə dolu olan ən gözəl formalı və ən yaxşı məzmunlu dualardır. Onların qədrini bilmək və onlardan yararlanmaq lazımdır.
Tehranın cümə namazı xütbələrindən: 2006.
Dostları ilə paylaş: |