Nəml surəsinin Allah qarşısında kiçilməyə dair zərif dərsləri
Mən mübarək Nəml surəsinə baxırdım. Süleyman peyğəmbərin (ə) çox möhtəşəm əhvalatının bir qədəri bu surədə qeyd olunmuşdur. Təxminən bütün hadisələr həmin mövzu ətrafında baş verir. Surə Musa peyğəmbərlə (ə) başlayır, təkəbbürlü firondan danışır. Yəni bir insan öz zahiri gücü və qüdrəti ilə elə öyünür ki, ondan firondan yaranan bir dünya yaranır. Sonra dərhal Süleyman (ə) və Davuddan (ə) söz açır: "Biz Davuda və Süleymana (ə) elm əta etdik".1 Allah-Taala bunlara elm, hakimiyyət və qüdrət verdi. Süleyman (ə) ətrafındakı insanlara müraciət edərək dedi: "Bizə hər şeydən verildi".2 Yəni Allah-Taala bir hakimiyyətə lazım olan bütün imkanları Süleymana bəxş etmişdi. Süleyman (ə) mülkü, Süleyman (ə) hökuməti Bəni-İsrailin bir neçə yüzillik səyinin məhsuludur; yəni haqq Musanın (ə) firona təklif etdiyi haqdır. Bəni-İsrailin uzun illər can atdığı bu haqqın və tövhid hakimiyyətinin timsalı Davudun (ə) hökumətidir. Ondan sonra isə Süleyman (ə) peyğəmbərin möhtəşəm hakimiyyəti başladı.
Süleyman peyğəmbərin (ə) bu surədə qeyd olunan bütün əhvalatı təxminən bu məqam ətrafındadır ki, yalnız maddi və adi qüvvələrin yox, hətta mənəvi və qeyri-adi qüvvələrin də açarlarına malik olan, ondan öncə və sonra heç kimin sahib olmayacağı hökumətə, gücə və əzəmətə malik olan bu insan qüdrətin zirvəsində də Allah qarşısında kiçilir və təzim edir: "Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi".3 Allah Quranın çoxlu ayələrində - Nəml, Səbə, Sad, Bəqərə surələrində Süleymanın adını çəkmiş və onu "əvvab" - yəni Allah qarşısında kiçilən, Allaha sığınan və bütün işlərini Allaha tapşıran bir bəndə kimi təsvir edir.
Süleyman peyğəmbərin (ə) Nəml surəsində qeyd olunmuş əhvalatının bu hissəsində də elədir. Əvvəlcə qarışqalardan başlayır: "Onlar nəhayət qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"4 Bir qarışqa digər qarışqalara deyir ki, Süleymanın (ə) əsgərləri bilmədən və diqqət yetirmədən sizi tapdayarlar. Süleyman peyğəmbər (ə) bu sözləri başa düşür. Bu, ilahi qüdrətdir. Bu peyğəmbər qarışqanın insan üçün dərkediləsi olmayan səsini necə eşidə bilər?! Bu, ilahi qüdrətdəndir. Süleyman peyğəmbər (ə) quşların da dilini bilir, sözlərini anlayırdı. Bunlar elm inkişaf etdikcə, quşların, canlıların və bitkilərin xüsusiyyətləri öyrəndikcə, daha çox başa düşüləcək və qəbul olunacaq.
Bir zaman bu sözlərin hansı deyilirdisə, adi camaat və hətta alimlər onu rədd edirdilər. Təxminən yüz il öncə Hindistanda və Misirdə 19-cu əsr Avropasının təfəkkürləri ilə yaxından tanış, tamamilə materialist təfəkkürlərə malik olan və mənəviyyatı inkar edən təfsirçi və ziyalılar vardı. Bunlar buna bənzər nə görürdülərsə, başqa mənaya yozurdular. Halbuki buna heç bir ehtiyac yoxdur. Elmin inkişafı bizə bu qəbildən olan çoxlu məsələlərin mümkünlüyünü isbat etmişdir. İddia etmişlər ki, onları da anlamışlar və dərkolunasıdır. Hər halda, Quranın konkret məzmunlu ayəsində şübhəyə yer yoxdur və biz onu qəbul edirik. Bu, bizim üçün dərkolunasıdır.
Əzəmətli hakim qarışqanın sözünü eşidəndə təbəssüm etdi.1 Bu çox şirin və simvolik bir şeydir. Qarışqa zəiflik və kiçiklik tərənnümüdür, Süleyman (ə) isə insani qüdrət və əzəmətin tərənnümü. Bundan böyük əzəmət yoxdur. O, ən kiçik məxluqun tənəli sözünə qəzəblənmir və intiqam almaq istəmir. Bu çox böyük ruhiyyədir. Əlbəttə, peyğəmbərdə belə ruhiyyələr gözləniləndir, amma adi insanlar üçün bu qədər səbir və mənəvi dözümlülük mümkün deyil.
Süleyman peyğəmbərə (ə) aid olan bu əhvalatlarda diqqətəlayiq bir məqam var, Qurani-kərimdə bunun üzərində təkid olunmuşdur. Həmin məqam da bu istiqamətdədir. Dedim ki, bu surədə Süleymana aid olan hissənin sanki hamısı həmin məsələ ətrafındadır: yəni qüdrətli insanların Allah-Taala qarşısında necə kiçilməsi, özlərini görməməsi, öz heysiyyətlərini və qürurlarını saymaması, Allah qarşısında heç olması və bunun insani kamilliyə səbəb olması.
Süleyman (ə) Səbə padşahı Bilqeysin hökumətindən xəbər tutan kimi ona elçi göndərdi ki, mənə qarşı təkəbbür göstərməyin və müti halda yanıma gəlin.2 Yəni bu qalib ilahi qüvvə bütün firon qüvvələri, şəxsi və şeytani gücləri məhv, hamısını Allah-Taala qarşısında təslim edir. Səbə şəhəri təxminən Yəməndə, yaxud Şimali Afrikanın yaxınlığında bir yer idi. Onun yeri dəqiq bilinmir. Süleyman (ə) Bilqeysə xəbər göndərir ki, mənə təslim olmalısan. Bilqeys Süleymana (ə) hədiyyə göndərir, lakin o, hədiyyəni rədd edərək məsələnin maliyyə mübadiləsi və bazarlıq məsələsi olmadığını, Allah qarşısında təslimçilik və iman məsələsi olduğunu göstərir.
Bilqeys Süleymanın (ə) sarayının yerləşdiyi yerə daxil olanda Süleyman (ə) ixtiyarında olan fövqəltəbii qüvvə ilə şüşədən bir qəsr, eyvan və böyük bir yer düzəltməyi əmr edir: "Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər... düzəldirdilər"3. Şüşədən bir qəsr, yaxud möhtəşəm bir eyvan düzəltdilər. Bilqeys ora girmək istəyəndə şüşələrin parıltısından onların su olduğunu düşündü. Amma buna məcbur olduğundan girərkən paltarını bir qədər qaldırdı ki, islanmasın. Bu zaman Süleyman (ə) ona buyurdu: "Bu, büllurdan tikilmiş bir saraydır".1 Bunlar su deyil, şüşədir və paltarını qaldırmana ehtiyac yoxdur.
Burada elmə, qüdrətə, izzətə, sərvətə və hər şeyə malik olan Süleymanın (ə) əzəməti birdən-birə Bilqeysin qürurunu sındırdı. Onun müsəlman olması və iman gətirməsi üçün əsas maneəni ortadan götürdü. Hər halda, o da padşah və qüdrətli bir şəxs idi. Qüdrətli insanlar bir-birinin qarşısında durduqda daha çox təkəbbür edir, təkəbbürlü ruhlarına və azğın nəfslərinə daha çox sərbəstlik verirlər. Hər halda, qarşılıqlı rəqabətdir. Rəqabət zamanı insanın firon xisləti daha çox zahir olur. Bu vəziyyətlə Bilqeysin iman gətirməsi imkansız idi. Əgər iman gətirsəydi də, süni və qorxudan olacaqdı. Nə üçün? Çünki daxilində olan şahlıq və qüdrət hissi iman gətirməsinə qoymayacaqdı. O belə bir əzəmətin qarşısında qaldı; qüdrət və əsrarəngizlik bir insanda cəm olmuşdur, amma eyni zamanda bu insan özünü Allahın bəndəsi bilir. Belə bir əzəmətin qarşısında qaldıqda Bilqeysin daxilindəki qürur şüşəsi sındı: "Dedi: "Ey Rəbbim! Mən həqiqətən özümə zülm etmişdim".2 Bu böyük əlamətləri görəndən sonra Bilqeys Allahla münacata başladı: "Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum". O, ürəkdən İslam gətirdi, təslim oldu - yəni maneə ortadan götürüldü.
Burada da Allah-Taala göstərir ki, bir insan öz daxili təkəbbürünün əsiri olunca iman gətirməsi mümkün deyil. Bu tilsim sınanda onun iman gətirməsi də asanlaşır. Bu, Quranın və İslamın böyük dərsidir. Dünyada mövcud olan bütün problemlər həmin təkəbbürlülüklərə görə yaranmışdır. Bu gün dünyada qüdrət sahibi olanlar, böyük və puç güclər, əslində heçnə olanlar bu gün qüdrətlidirlər, sabah isə bədbəxt olacaqlar. Bu gün bir şahdır, amma iki gündən, bir həftədən sonra öz canını qoruya bilməyən aciz və gücsüz bir məxluq olacaq. Tarix belə hadisələrlə doludur. Bu necə güc, necə qüdrətdir ki, insan onunla fəxr edib öyünsün! Bəzi sərvətlilər öz sərvətlərinə güvənir və bunun ehtiyacsızlıq olmadığını bilmirlər. Bu, şərafətli Ələq surəsində buyurulan haldır: "Xeyr, insan özünün ehtiyacsız olduğunu gördüyü üçün azğınlıq edər".3 İnsan özünü ehtiyacsız gördükdə və hiss etdikdə azğınlıq edir. Azğınlığın amili budur.
Çoxlu pulu, sərvəti və imkanı olan, amma özünü ehtiyacsız bilməyən, bu sərvətə güvənməyən və özünü Allahdan asılı bilən çoxlu şəxslər var. Belə insan azğınlıq etməz. Dünyanın bütün sərvətinə malik olan Süleyman peyğəmbər (ə) belə bir insanın kamil nümunəsidir. Tarix boyu ilahi hökumətlərin, hakimiyyətə gəlmiş peyğəmbər və övliyaların hər biri belə olmuşdur. Cəmiyyətin sərvət və imkanları onların ixtiyarında olmuşdur, amma özlərini ondan ayırmışlar. Əmirəlmömininin (ə) şəxsi sərvəti də vardı, daim qazanır və ehtiyaclılara verirdi. Cəmiyyətin sərvəti və beytülmal da onun ixtiyarında idi, istədiyi qədər xərcləyə bilərdi, amma bu sərvətə göz dikmirdi.
Dostları ilə paylaş: |