Dözüm, namaz və Qurani-kərimdə onların əlaqəsi
"Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin"1 cümləsi Bəqərə surəsində iki dəfə təkrar olunmuşdur. Biri kitab əhlinə müraciətdir: "Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) təzim edənlər üçün ağır deyildir"2. Birində də möminlərə müraciətlə buyurur: "Ey iman gətirənlər! Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin, çünki Allah dözümlü olanlarladır"3. Bəllidir ki, burada əvvəla dözüm və namaz elementlərinin əhəmiyyəti, İslam cəmiyyətinin uca məqsədlərində onların böyük təsirləri nəzərə alınır, ikincisi isə dözüm və namazın bir-biri ilə əlaqəsi, müqavimət, duruş və Yaradanla səmimi mənəvi əlaqə. Bu iki məqsəd bütün bu ayədən, xüsusən də onun "ey iman gətirənlər" hissəsindən başa düşülür. Bu şərafətli ayədən öncə zikr və şükürdən danışılmışdır: "Məni yada salın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın"4. Ondan sonra isə cihad məsələsi qeyd olunur: "Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz"5. Bu ayədən sonra da aşağıdakı məşhur ayələr gəlir: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlara) dözən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və Ona tərəf qayıdacağıq!” deyirlər. Onları Rəbləri tərəfindən salam və rəhmət gözləyir"6. Bu iki element arasındakı güclü əlaqə bu ayələrdən anlaşılır. Həm bu iki elementin özü əhəmiyyətlidir, həm də onların əlaqəsi. Mən sonra qayıdıb dözüm barədə bir qədər danışacağam.
Burada namaz mənasını ifadə edən "səlat" sözü ümumi mənada götürülməlidir - yəni diqqət, zikr və təzim. Çünki zikrsiz namazın forması məqsəd seçilməyib. Məhz buna görə namaz barədə danışılan şərafətli ayədən sonra buyurur: "Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı yada salmaq, şübhəsiz ki, daha böyükdür"7. Çirkin və pis əməllərdən çəkindirməsi namazın bir xüsusiyyətidir, amma namazda bundan da böyük olan Allah zikri, Allahı yada salmaq xüsusiyyəti vardır.
Bu namaz - yəni zikr, diqqət, təzim, Allahla mənəvi əlaqə dözümün artmasında təsirlidir. İndi ayəyə, hədisə və İslam məfhumlarına əsasən, dözümün əhəmiyyəti anlaşıldığından namazın nə qədər mühüm olduğu aşkara çıxır. Namaz və Allah zikri o qədər əhəmiyyətlidir ki, möhkəmlik amili olan dözümü bizim qəlbimizdə, ruhumuzda, həyatımızda və düşüncələrimizdə bacardıqca möhkəmlədir və oturuşdurur. Buna görə Quranda deyilir: "Dözümlü ol. Sənin dözümlü olman yalnız Allahın köməyilədir".1 Əlbəttə, Quranda bu sözlə başlayan cümlələr çoxdur. Əgər insan onları oxusa, hər birinin bir elm dəryası olduğunu görər. Burada isə deyilir ki, sən Allahın köməyi ilə dözə bilirsən. Yəni ilahi zikrin tükənməz mənbəyinə bağlı olduğu təqdirdə onun müqaviməti bitib-tükənmir. Əgər müqavimət göstərmək, duruş gətirmək və geriyə çəkilməmək mənasında olan dözümü ilahi zikr bazasına – tükənməz mənbəyə birləşdirsək, bu dözüm heç vaxt bitməz. Dözümün bitməməsinin mənası budur ki, insanın bütün zirvələrə doğru gedişi heç zaman dayanmaz. Bu zirvələr həm dünya, həm axirət zirvələridir: elm zirvəsi, sərvət zirvəsi, siyasi iqtidar zirvəsi, mənəviyyat zirvəsi, əxlaq zirvəsi, uca insaniyyətə sarı yüksəliş zirvəsi. Bunların heç biri dayanmaz. Çünki hərəkət zamanı bizim dayanmamamız dözümsüzlükdən irəli gəlir. İki maddi qoşun bir-birinin qarşısında dayanıqda dözümü daha tez bitən məğlub olur, dözüm və müqaviməti gec bitən isə qələbə çalır. Bu çox bariz və real misaldir. Bütün sahələrdə belədir.
Problemlərlə, təbii maneələrlə və insanın kamilliyə doğru bütün hərəkətlərində qarşıya çıxan əngəllərlə üzləşdikdə dözüm bitməsə, o maneə bitəcək. İslamın qalib olmasının mənası budur. "Həqiqətən bizim qoşunlarımız qalibdir"2 sözünün mənası budur. Allah qoşunu, Allah dəstəsi, Allah bəndələri - bunlar həmin tükənməz mənbəyə birləşib insanın məğlub olması mümkün olan bütün problemlər qarşısında duruş gətirir. Əgər bu tərəf möhkəm dayandısa, təbii olaraq o biri tərəf məhv və məğlub olacaq. Təbii ki, adımız Allah dəstəsi və Allah qoşunu olsa, amma həmin əlaqəyə malik olmasaq, buna zəmanət yoxdur. Odur ki, əlaqəni bərqərar etmək lazımdır. Namazın əhəmiyyəti burada görünür; Allah zikrinin əhəmiyyəti burada görünür; ramazan ayı fürsətinin əhəmiyyəti burada görünür; özünüislah fürsətinin, təqva fürsətinin, qəlbə yəqin ehtiyatını doldurmaq fürsətinin əhəmiyyəti - ramazan ayının dualarında yəqin məsələsinin təkrar olunduğunu görürsünüz - burada görünür. Deməli, sözügedən məqsədlər üçün bu fürsəti qənimət bilmək lazımdır. Bunlar baş verdikdə o zaman İslam cəmiyyətinin, İslam ümmətinin və müsəlman bəndənin dözümü bütün problemlərə qələbə çala biləcək. O zaman bu cəmiyyət həm siyasətdə, həm iqtisadiyyatda, həm əxlaqda, həm mənəviyyatda inkişaf edəcək. Həqiqət budur. Biz özümüzü bu həqiqətə yaxınlaşdırmalıyıq.
Dostları ilə paylaş: |