Quran təlimlərinin dərəcələri
Quran təlimlərini dərk etməyin dərəcələri vardır. Birincisi Quranın sözləri və tərcüməsi üzərində düşünməklə hasil olur. Yəni biz Quran təlimləri deyəndə mənası yeddi qat dərinlikdə olan sirli bir şey deyil ki, heç kəs ona nail ola bilməsin. Düzdür, bizim kimilərin başa düşmədiyi dərin məsələlər var, amma çoxlu məsələlər də var ki, biz adi insanlar bu sözlərə diqqət yetirmək şərti ilə onları anlaya və onlardan istifadə edə bilərik. Quranın müqəddəs ayələrində belə məsələlər çoxdur. Bunlar bizim həyatımızın dərsləridir. Misal üçün, bu şərafətli ayədə buyurur: "(Ey Peyğəmbər!) Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdə vəfa etsə, (Allah) ona böyük mükafat verər!"1 Bu bizim həyatımız üçün aydın dərsdir. Əgər Peyğəmbərlə və İslamla bağladığınız əhdi, Allaha etdiyiniz beyəti pozsanız, sındırsanız, öz zərərinizə etmisiniz. Allah və Peyğəmbərlə (s) beyəti sındırmaq bizim zərərimizə olan işdir, Allahın və Peyğəmbərin (s) zərərinə deyil. Onlar ziyan görmürlər. Əgər bu müqaviləyə sadiq qalsaq, öz xeyrimizə sadiq qalmışıq və özümüz Allah-Taaladan böyük mükafat alacağıq. Bu mükafatın axirətdə veriləcəyini, yaxud cənnətdən ibarət olduğunu deməyiblər. Əsas hissə təbii ki, axirətdədir, amma bunun üçün bizə dünyada da mükafat veriləcək. Burada mübarək Əhzab surəsinin bu ayələri oxundu: "Möminlərin içərisində elələri vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuşdur, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, Allah (bununla) sadiqləri sədaqətlərinə görə mükafatlandırsın".2 Bu sədaqət odur. Yəni Allahla bağladıqları bu əhd-peymanı sədaqətlə bağladılar və onun üstündə durdular. Həyatın çətinlikləri və dünyanın gözəllikləri onları bu yoldan yayındırmadı. Allah bu sədaqətə, bu ilahi sözün və əhdin üzərində durduqlarına görə mükafat verir. Bunlar elə məsələlərdir ki, Quranın zahirinə baxmaqla onları anlamaq olar; baxmayaraq ki, bunların arxasında daha dərin məsələlər var. Onları xüsusi insanlar, Allahın saleh və layiqli bəndələri anlaya bilirlər, biz anlamırıq. Biz yalnız həmin bəndələrin vasitəsi ilə anlayırıq. Şübhəsiz ki, belə şeylər var. Buyurublar ki, Quranın dərin qatları var. Çoxlu hədislərdə deyilir ki, Quranın zahiri və batini, sirləri, dərinlikləri var. Zahirdə yalnız suyu görünən bir dərya kimidir, amma yalnız bundan ibarət deyil, dərinliyi var, dərinliklərində də bəzi şeylər var. Şübhəsiz ki, Quran belədir, amma biz onun zahirindən istifadə edə bilərik. Hansı şərtlə? Diqqət və düşünmək şərti ilə.
Dostları ilə paylaş: |