Ramazan - dini təlimləri mənimsəmək və mənəvi faydalar götürmək fürsəti
Fitr bayramı münasibəti ilə namazda iştirak edən siz əziz qardaş və bacıların hamısını, bütün İran xalqını və böyük İslam ümmətini təbrik edirəm. Allah-Taaladan istəyirəm ki, bu şərafətli və mübarək gündə öz lütf və mərhəmətini bütün müsəlman qardaş və bacılarımıza şamil etsin! Onların biraylıq ibadət və itaətlərini ən gözəl şəkildə qəbul və bu günü İslam ümmətinə həqiqi bayram etsin!
Mübarək ramazan ayından çoxlu insanlar çoxlu faydalar götürə bildilər. Bu faydalar onların birillik ehtiyacları və hətta bəzən bütün ömürləri üçün faydalı ola bilər. Bəziləri Quranla ünsiyyət qurub, Quran maarifindən bəhrələndilər, Quranın sözləri haqda düşündülər. Bəziləri bu ayda Allahla ünsiyyət və münacat yolunu seçib öz qəlblərini nura boyadılar. Xalq oruc tutdu, orucla öz qəlbində mənəviyyat yaratdı. Həmin mənəviyyat, səmimiyyət və paklıq fərdi və ictimai həyatda çoxlu faydalara bais olur. Bu paklıq insana yaxşı düşüncə verir, nəfsi paxıllıqdan, xəsislikdən, təkəbbürlülükdən və ehtirasdan təmizləyir. İnsanların mənəvi paklığı cəmiyyəti psixoloji və mənəvi cəhətdən təhlükəsiz edir, möminlər arasında mehribanlıq yaradır, imanlı cəmiyyətdə bir-birinə qarşı qayğıkeşliyi artırır. Bunların hamısı mübarək ramazan ayının uğurlu və səadətli insanlara faydalarıdır.
Bu ayın başqa əsas faydası təqvadır. Oruc təqvadan ötrü vacib buyurulmuşdur. Təqva öz cilovunu tutmaqdır. Bəzən digərlərinin cilovunu yaxşı tuta bilirik, amma öz cilovumuzu tuta, özümüzü nadinclikdən, vəhşilikdən və Allahın qırmızı xətlərini keçməkdən saxlaya bilmirik. Bu böyük hünərdir. Təqva - düzgün ilahi yolda hərəkət etmək üçün özündən ehtiyatlı olmaq, elm, dərk və ayıqlıq toplamaq və onların əsasında hərəkət etməkdir. Xoşbəxtlikdən, bizim cəmiyyətimizdə ramazan ayında bu faydaları qazanan səadətli insanlar çox oldu. Demək olar ki, ölkəmizin və xalqımızın əksəri bunu bacardı. Bizim gənclərimiz, kişi və qadınlarımız, müxtəlif təbəqələrdən, müxtəlif ictimai qruplardan, müxtəlif üsul və yollardan olan insanlar müxtəlif yerlərdə, zikr və dua məclislərində, Quran məclislərində, qədr gecələrində və müxtəlif mərasimlərdə hamılıqla ilahi ziyafət süfrəsinə əyləşib birgə bəhrələndilər. Biz bu barədə xəbərləri izləyib məlumat aldıq və şəkilləri gördük.
Bizim dövrümüzdə öz cilovunu tutanlar az deyil. Ölkənin bu gənc toplumu, ölkədə iş başına gəlmiş bu təravətli nəsil düzgün yolda hərəkət edir və təqva təlimi keçir. Bu, ölkəmizin və hətta İslam ümmətinin gələcəyi üçün böyük müjdədir.
Bizim bu nailiyyət və faydaları qorumamız lazımdır. Günah ildırımının bu dəyərli tarlaya od vurub məhv etməsinə qoymayaq. Allahın yolunu, diqqət, mənəvi saflıq və Quranla ünsiyyət yolunu, Allahla əlaqəni qorumaq, Allahla dərdləşmək və danışmaq yolunu üzümüzə açıq saxlayaq. Əgər Allahla danışsanız, Allah da sizinlə danışacaq: "Məni yada salın, Mən də sizi yada salım".
İlahi! Məhəmməd (s) və Ali-Məhəmməd (ə) hörmətinə, bizim cəmiyyətimizi həmişə Quran cəmiyyəti, mənəviyyatlı, məhəbbət və sevgili, həmrəy və yekdil cəmiyyət et! İlahi! Bu böyük xalqı, bu əziz gəncləri uca arzularına və dəyərli amallarına çatdır, onları düşmənlərinə qalib et! İlahi! Dövrün imamının müqəddəs qəlbini bizdən razı et! O həzrətin dualarını bizə şamil et! İlahi! Böyük imamızın ruhunu və şəhidlərin pak ruhlarını bizdən razı et!
Fitr bayramı namazının xütbələrindən: 2011.
Dostları ilə paylaş: |