Qafillik və qürurdan uzaqlaşmaq - bağışlanma diləyinin mühüm şərti
Bir məsələ budur ki, əgər bağışlanmaq və bu ilahi neməti əldə etmək istəsək, iki xisləti özümüzdən uzaqlaşdırmalıyıq: qafilliyi və qüruru. Qafillik odur ki, insan ondan günahın baş verdiyini ümumiyyətlə bilməsin və buna diqqət yetirməsin. Bəzi insanlar belədirlər. İndi sayları ilə, az, ya çox olmaları ilə işim yoxdur. Hər halda, dünyada və insanlar arasında belə adamlar var. Onlar qafildirlər, günah edirlər, lakin onun baş verməsinə diqqət yetirmirlər. Yalan danışırlar, təxribat aparırlar, qeybət edirlər, zərər vururlar, dağıntı yaradırlar, qətl törədirlər, müxtəlif günahsız insanlara torba tikirlər, uzaq yerlərdə və geniş miqyasda xalqlar üçün qorxulu yuxular görürlər, xalqı azdırırlar və bu səhv işləri gördüklərinə əsla diqqət də yetirmirlər. Əgər kimsə ona "günah edirsən" - desə, laqeydliklə qəhqəhə çəkib ələ salması da mümkündür: "Günah?! Nə günahı?!"
Bu qafil insanların bəzilərinin ümumiyyətlə savaba və əzaba etiqadları yoxdur. Bəzilərinin isə etiqadları da var, lakin qəflət içərisindədirlər və ümumiyyətlə nə iş gördüklərini bilmirlər. Əgər bunu öz gündəlik həyatımızda bir qədər kiçiltsək, görəcəyik ki, həyatımızın bəzi hissələri qafillərin həyatına bənzəyir. Qafillik çox qəribə bir iş və böyük təhlükədir. Bəlkə də insan üçün heç bir təhlükə qafillikdən ciddi, heç bir düşmən qafillikdən böyük deyil. Bəziləri belədirlər.
Qafil insan heç zaman bağışlanmaq barədə düşünmür, ümumiyyətlə günah etdiyini xatırlamır. Günaha qərq olub, məst və yuxuludur, yuxuda hərəkət edən adam kimidir. Buna görə əxlaq və irfan alimləri əxlaqda və nəfsi paklamada yolçuların mənzillərini bəyan edərkən insanın qafilikdən çıxdığı bu mənzilin adını Oyanış mənzili qoyurlar.
Quran terminlərində bu qafilliyin qarşı tərəfi təqvadır. Təqva - sayıq olmaq və daim özünə nəzarət etməkdir. Əgər qafil insan onlarla günah edir və günah etdiyini əsla hiss etmirsə, təqvalı insan onun tam qarşı tərəfidir. Azca günah da etsə, tez başa düşür və onu düzəltmək fikrinə düşür: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu (pis işlərə təhrik edildiyi) zaman onlar xatırlayıb düşünərlər". Şeytan onun yanından keçən kimi, şeytanın küləyi ona dəyən kimi tez şeytanın toxunduğunu, səhvə və diqqətsizliyə uğradığını hiss edir və xatırlayır. Belə adamın gözü açıqdır.
Mənim əzizlərim! Qardaşlar və bacılar! Kim olsanız, diqqətli olun. Bu müraciət xalqın xüsusi bir qrupuna aid deyil ki, məsələn, az məlumatlı insanlar, savadsız insanlar, yaxud gənc və azyaşlı insanlar ona diqqət yetirsinlər. Xeyr! Hamı diqqətli olmalıdır. Alimlər, görkəmli şəxsiyyətlər, böyüklər, kiçiklər, pullular, yoxsullar - hamı diqqətli olmalıdır; çünki ən azı bəzən qafillik onların da yaxasını tutur və diqqətsizlik edirlər; günah edirlər, lakin günah etdiklərinin fərqinə varmırlar. Bu çox böyük təhlükədir.
Mən və siz etdiyimiz günaha diqqət yetirmirik. Günah etdiyimizi bilmədiyimizdən ona görə tövbə də etmir və bağışlanmaq istəmirik. Qiyamət günü gözlərimiz açıldıqda görəcəyik ki, əməl dəftərimizdə qəribə şeylər var. İnsan təəccüb edəcək ki, mən bu işləri nə vaxt görmüşəm; ümumiyyətlə xatırlamayacaq. Bu, qafilliyin günahı və onun eybidir. Deməli, bağışlanmaq istəyinin bir maneəsi qafillikdən ibarətdir.
İkinci maneə qürurdur. İnsan kiçik bir iş görən kimi məğrur olur. Dua və rəvayətlərimizdə "Allah qarşısında məğrurluq" ifadəsi işlənib. Səhifeyi-Səccadiyyənin cümə günləri oxunan 46-cı duasında çox təsirli ifadələr mövcuddur. Deyir: "Bədbəxtlərin ən böyüyü Sənin qarşında məğrur olandır". Ən böyük bədbəxtlik Sənə məğrur olan şəxsə məxsusdur. Qürur belədir. Məğrur insan çox bədbəxtdir. Nə üçün? Çünki kiçik bir iş görən kimi, iki rükət namaz qılan kimi, məsələn, xalqa bir xidmət göstərən kimi, hansısa qutuya pul salan kimi, yaxud Allah yolunda bir iş görən kimi tez məğrur olur ki, biz Allah-Taala yanında işimizi düzəltmiş, borcumuzu ödəmişik və heç bir şeyə ehtiyacımız yoxdur. Bunu dillə söyləmir, lakin qəlbində belə düşünür.
Ehtiyatlı olun! Allah-Taalanın tövbə qapısını açıb "Mən günahları bağışlayaram" deyə buyurmasının mənası o deyil ki, günahlar kiçik və əhəmiyyətsizdir. Xeyr! Bəzən günahlar insanın bütün həqiqi vücudunu tələf edir, məhv edir, uca insani həyat dərəcəsində olan bir insanı çirkin və dəyərsiz yırtıcıya çevirir. Günah belədir. Elə bilməyin ki, günah kiçik şeydir. Yalan danışmaq, qeybət etmək, insanların ləyaqətini alçaltmaq, bir sözlə olsa belə zülm etmək az və kiçik günahlar deyil.
Dostları ilə paylaş: |