Tədqiqatın elmi yeniliyi. Dissertasiya İ.Əfəndiyevin dram əsərlərinin dili və üslubunun təhlilinə həsr olunmuşdur. Müxtəlif vaxtlarda yaradılmış dramların dil və üslub xüsusiyyətlərinin öyrənilməsi yazıçının idiostilinin – fərdi müəllif üslubunun xüsusiyyətlərini üzə çıxarmağa imkan verir. Dissertasiyada ilk dəfə olaraq İlyas Əfəndiyevin dramlarının linqvistik-üslubi xüsusiyyətləri bədii dilin bütün səviyyələri üzrə kompleks şəkildə tədqiq edilir. Dram və dram dilinin tipik əlamətləri, İ.Əfəndiyevin dramaturgiya dilinə məxsus başlıca cəhətlər, yazıçının dil və sənətkarlıq axtarışları, onun üslubuna xas olan lirik-psixoloji özəlliklər, dram dili üzərində sənətkarın işləmə prinsipləri, həmçinin dram dilini və üslubunu qiymətləndirmə meyarları ilk dəfə bu dissertasiyada müəyyənləşdirilmişdir. Tədqiqatın elmi yeniliyi bir dramaturq kimi İ.Əfəndiyevin dili və üslubunun kifayət qədər öyrənilməməsi ilə şərtlənir və onun dramlarının kompleks tədqiqindən, yazıçının dram əsərlərinin hərtərəfli linqvostilistik analizindən, remarkaların ardıcıl təhlilindən ibarətdir.
Dram əsərlərinin linqvopoetik istiqamətdə araşdırılması bir sıra şərtlərə əməl olunmasını tələb edir. Bunu nəzərə alaraq dissertasiyada İ.Əfəndiyevin dram əsərlərinin tipologiyası, janrı, yaranma şəraiti, onun fərdi yaradıcılıq təcrübəsi, lüğət ehtiyatının dinamikası, yazıçının səhnə dilinə gətirdiyi yeniliklər, frazeoloji semantika, ekspressiv sintaksis problemləri və s. məsələlər ətraflı olaraq tədqiq edilmişdir. Əsərdə ilk dəfə olaraq dramaturqun sözdən istifadə ustalığı (sözün daxili forması, söz və ifadələrin estetik funksiyaları və s.), lirik-psixoloji üslubunun əsas meyilləri, obraz vasitələri sistemi, frazeoloji novatorluğu və sintaktik innovasiyaları tədqiqata cəlb olunmuşdur.
Dissertasiyada ilk dəfə olaraq İ.Əfəndiyevin dram əsərlərinin əsas məzmunu diskursiv təhlil yolu ilə aydınlaşır. Replikalarda dialoji vahidlərin zəngin struktur-semantik cəhətləri diskurs yolu ilə açılır.
Dostları ilə paylaş: |