İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə4/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   127

Zöhd həyat qanunudur


Varlıq aləmində dünyanın çəkisini müəyyənləşdirdikdən sonra dünya və axirət üçün iş ölçüsü, bir növ necə çalışmaq lazım olduğu aydınlaşır. Həzrət Əli (ə) bu barədə buyurur: “Ey oğlum! Allah sənə dünyanı qadağan etdiyi kimi onu özünə qadağan etsən, (bil ki) dünya buna layiqdir.” İfadələrdən bir daha aydın olur ki, Həzrət (ə) təkcə öz oğluna yox, bütün bəşəriyyətə müraciət edir. Şübhəsiz ki, heç bir mə’sum imam, eləcə də, imam Həsən (ə) dünyaya bağlı olmamışlar. Demək, müraciət ümumi şəkildə ünvanlanmışdır. Vəsiyyətnamənin davamında buyurulur: “Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaq, əcəlindən üz çevirə bilməyəcəksən.” Məgər bu sözlər imam Həsənə (ə) aid edilə bilərmi?! Demək, imam Həsən (ə) ümumiləşdirilmiş bir surətdir və verilən tövsiyyələr bütün insanlara aiddir. Bu müraciət üsulu “qızım, sənə deyirəm, gəlinim, sən eşit” məsəlini xatırladır. Yə’ni söz öz sahibini tapır.

Dünyanın axirətlə müqayisədə mahiyyətinin açıqlanmasında məqsəd insanın dünyada necə rəftar etməsinin müəyyənləşdirilməsidir. Həzrət (ə) buyurur ki, dünya ona qarşı biganəliyə layiqdir. Yə’ni yeganə doğru yol zöhd, pəhriz, dünyaya bağlanmamaqdır.

Aydındır ki, zöhd xalqdan uzaqlaşıb, meşədə tənha komada yaşamaq deyil. Zöhd dünyaya qul olmamaqdır. Zöhd elə bir həyat tərzidir ki, insan yaşamağı vəzifə bilir, fərdi və ictimai vəzifələrin icrasında süstlük göstərmir. Həzrət Əli (ə) heç vaxt xalqdan kənarlaşmamış və kimsəyə belə bir tövsiyyə verməmişdir. Demək, dünyada çalışmaq vəzifədir. Amma məqsəd dünya yox, Allahın razılığı, axirət olmalıdır. Həzrət (ə) qan-tər içində çalışar, bağlar salar, sonra isə həmin bağları vəqf edər, ümumi istifadəyə verərdi. Ayə və rəvayətlərdə insana tövsiyyə olunan zöhd tənbəllik, yeyim-yatımlıq deyil. Sadəcə, müvəqqəti dünya həyatını bəzəmək xatirinə yox, Allahın razılığı xatirinə yaşayıb, çalışmaq lazımdır.

Həzrət Əli (ə) gözəl bilir ki, zöhd ruhiyyəsi əldə etmək çox çətin bir işdir, çoxları bu tövsiyyələri qəbul edə bilməyəcək, ya da əməl etməkdə çətinlik çəkəcəklər. Həzrət (ə) uyğun göstərişlərə Əbuzər, Salman kimi tam əməl edə bilməyən dinləyicilərini qismən də olsa, dünyadan çəkinməyə çağırır. Özünü ideal pəhrizə sövq edə bilməyən insan nəfsini başlı-başına buraxmamalıdır. Allahın razılığını qazanmaq istəyən şəxs gücü çatan həddə pəhriz etməli, zehnini dünyəvi düşüncələrlə doldurmamalıdır.

Bu yolla Həzrət (ə) zəif iradəli insanların da əlindən tutur, öz məhəbbətini onlara əsirgəmir. Süst adamları doğru yola yönəltmək üçün növbəti hissələrdə də öyüdlər verilir. Əslində Həzrətin istəyi hər bir insanı ideal zöhd zirvəsində görməkdir. Amma hər hansı zəiflik əsas vermir ki, insan yaxasını açıb, qəlbini dünyaya təslim edə. Dünyada çalışmaq lazımdır, amma dünyaya qul olmaq, insanlığı və imanı dünya ləzzətlərinə qurban vermək yox!

Zöhdün ideal mərtəbəsi odur ki, insan heç vaxt bir işi dünya ləzzətləri xatirinə yerinə yetirmir. O, öz səadəti xatirinə bütün fəaliyyətlərində Allahın razılığını nəzərə alır, izləyir. zəif iradəli insanlar isə öz gücləri həddində çalışmalı, qəlblərində dünya məhəbbətinin tüğyanına yol verməməlidir. Həzrət (ə) xatırladır ki, hələ kimsə dünya həyatında öz dünyəvi istəklərinə sonacan çatmamışdır. O, öz dinləyicilərini heç olmaya orta bir həddi gözləməyə də’vət edir. Əgər ideal zöhd mərhələsinə qalxa bilmədinizsə, uzun-uzadı arzulardan qaçıb, ömrünüzü dünya ləzzətləri yolunda bada verməyin. Bilin ki, bütün ömürlərini dünya arzularına çatmağa sərf edənlərin də bir çox istəkləri qəlblərində qalıb.

Dünya dartışma, sıxıntı məhəllidir və bu məhəldə bütün arzuların reallaşması üçün fürsət yoxdur. Sizin istəkləriniz başqalarının da qəlbindən ötüşə bilər və bu, o demək deyil ki, hamı arzusuna çata bilər. Bə’zən müəyyən bir arzuya çatmaq üçün insana bir sıra vasitələr lazım olur ki, insan həmin vasitələrdən məhrumdur. Beləcə, hər istəyə çatmaq mümkünsüz olur. Təcrübədən də görünür ki, əlçatmaz arzular çoxdur. Bir halda ki, dünyadan gözünüzü çəkmək istəmirsiniz, arzuların sonsuzluğunu və əlçatmazlığını unutmayın. Demək, sizin də gerçəkləşməyən arzunuz qalacaq. Heç olmaya, öz xoşbəxtliyin, qəlb azadlığın üçün az şey istə! Dünyadan uzaqlaşa bilmirsənsə, heç olmaya yorucu, boş, faydasız arzulardan uzaqlaş. Ömrünü arzular tufanında bada vermə.

Yaxşı bax, bu dünyada kim əbədi yaşayır?! Yüz illik ömürdə minillik arzuları başından çıxar. Allah-təala yəhudilərin və bəni-israilin sonsuz, uzun-uzadı arzularına işarə ilə buyurur: “Onların hər biri min il yaşamaq istər. Halbuki, uzun ömür etmək onların heç birinin axirət əzabından xilas etməz.”1 Amma həmin min il yaşamaq istəyənlər dünyadan doymayıb, növbəti min il ömürü də arzulayasıdırlar. Bu sayaq ardıcıl arzular insanın qəlbini məşğul edir.

Olsun ki, minillik ömür arzusunu misal çəkməklə diqqət uzun-uzadı arzuların ömür çərçivəsini aşmasına yönəldilir. Allah-təala insana anlatmaq istəyir ki, o uzun-uzadı arzularına çatanadək ömrü başa çatasıdır. Uzaq keçmişdə tək-tük min il yaşayanlar olsa da, əsrimizdə ən uzun ömür təqribən 120 ildir. Demək, yüz iyirmi il başa çatdıqda dünya həyatına son qoyulur. Məgər həmin bu 120 ildə bütün arzulara çatmaq olarmı?!

Ən böyük və aşkar ağılsızlıqlardan biri milyarderlərin də başqaları kimi, öz sərvətini artırmaq arzusudur. Bu insanlar gözəl bilirlər ki, ixtiyarlarında olan pulu ömürlərinin sonunadək xərcləyib qurtara bilməyəcəklər. Amma dəlicəsinə çalışaraq xəzinələrini ağırlaşdırmaq istəyirlər. Bu sərvəti xərcləyib qurtarmağa onların nəvələrinin də ömrü bəs etmədiyi halda, hərisliklərindən əl götürmürlər. Bu hərisliyin son nöqtəsi varmı? Belə bir təlaş dəlilik deyilsə, nədir? Bu adamlar pul xərcləməkdən yox, pul toplamaqdan, daha çox kağız sahibi olmaqdan zövq alırlar.

Bir sözlə, dünyadan bir qədər istifadə etmək, dünyəvi arzulara yol vermək istəsək, öz ömrümüzün uzunluğunu nəzərə almalı, onun məhdudluğunu yaddan çıxarmamalıyıq. Arzular qısa ömrə uyğun olmalı, ömür uzun-uzadı arzular tufanında bada verilməməlidir. Dünya malını bir bu qədər hərislik göstərən insan bilirmi ki, qarşıda nə qədər ömür qalıb? Hazırda orta ömür 60-70 il sayılır. Yüz, iki yüz il sonra başa gələcək bir iş barədə düşünməyə dəyərmi?! Əgər dünya həvəsindən tam üzülüşə bilmiriksə, heç olmaya, arzularımıza hədd qoyaq. Arzular məntiqi olmalı, qısa ömür üçün nəzərdə tutulmalıdır.

Həzrət (ə) buyurur: “Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaq, əcəlindən üz çevirə bilməyəcəksən. Bil ki, səndən əvvəl yaşamış kəslərin yolunda addımlayırsan. Dünya istəyində müdara et...” Məgər bizdən əvvəlkilər bu dünyada nə qədər yaşayıblar?! Qur’ani-kərimdə oxuyuruq: “Səndən əvvəl də kimsəyə əbədi həyat vermədik.1 Bəli, hamı gedərlidir. Başqaları getdiyi kimi, sən də gedəsisən. Bir halda ki, bütün arzulara çatmaq mümkünsüzdür, ömrünü dünya ləzzətləri yolunda hədərə vermə. Dünyaya doğru gedəndə də aram get, hədd gözlə, hərislik göstərmə.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin