a) Qəzəbdən qorunma
Həzrəti Əli (ə) öz vəsiyyətnaməsinin davamında ictimai bəlalardan qorunma yollarını göstərir: «Bəyənilmiş əxlaqla özünü dünyadan (insanlardan) qoru». Bəli, ictimai həyatın bəlalarından qorunmaq üçün insan öz əxlaqını islah etməli, xoşrəftarlı olmalı, qəzəbini udmalıdır.
Şübhəsiz ki, ətrafdakılarla xoş rəftar əxlaqi bir qaydadır. Təkcə xoşrəftarlı insanlarla mülayim rəftar etmək tapşırılmışdır. Əksinə, uyğun tövsiyyə pisrəftarlı insanlarla münasibətdə daha işləkdir. Bu tövsiyyə əvvəlki «ona cəza arzulama» tövsiyyəsinə oxşayır. Əlbəttə ki, başqalarının pis rəftarı insanda qəzəb doğurur. Qarşı tərəfin kobud münasibəti insanın əhvalına soğan doğrayır. Bu qəbil rəftarlar müqabilində səbirli olmaq çətindir. Əgər qəzəbi udmaq çətindirsə, demək, pis rəftara mülayim cavab vermək ondan da çətindir.
Qəzəbi udmaq olduqca müşkül məsələdir. Amma bu iş çətin olduğu qədər də faydalıdır. Əgər insan ictimai zərər və təhlükələrdən amanda qalmaq istəyirsə, öz qəzəbini udmağa çalışmalı, bu işə vərdiş etməlidir. Yalnız bu yolla başqalarının pis rəftarına cavab verilsə, bir çox faydalar əldə olunar. Həzrət (ə) buyurur: «Qəzəbini az-az ud, mən axırı bundan şirin bir qurtum içmədim və ondan dadlı bir sonluq görmədim». Həzrət (ə) qəzəbin udulmasını şərbət içilməsinə oxşadır.
Sözsüz ki, içilən şeylərin hamısı eyni dadda olmur. Bə’zi şeylər şərbət kimi şirin, bə’ziləri isə dərman kimi acıdır. Amma Əli (ə) məktəbinin davamçıları unutmamalıdırlar ki, bu məktəbin ən şirin şərbəti qəzəbin udulmasıdır.
Əliyə (ə) ardıcıl olmaq istəyənlər öz mövlalarının öyüdünü aram-aram təcrübədən keçirməlidirlər. Əli (ə) davamçısı hökmən özünü bu xislətlə bəzəməlidir. Əgər başqalarının yersiz hərəkətləri qarşısında qəzəbimizi uda bilsək, nəsibimiz elə bir şadlıq və ləzzət olacaq ki, əgər bizi qəzəbləndirən şəxsə ən sərt şəkildə cavab versəydik, belə bir şadlıq və ləzzət duymazdıq.
Digər bir tərəfdən pis rəftarla cavab verməyin də öz bəlaları var. Hər pis rəftara pis cavab versəniz, bir çox problemlərlə üzləşə bilərsiniz. Qəzəbi udmaq zahirən çox çətin olsa da, onun böyük ləzzətləri vardır. Pisliyə qəzəblə cavab verməyin nəticəsini səbrlə cavab verməyin nəticəsi ilə müqayisə etməyə dəyməz. Bu iki fərqli əməlin olduqca fərqli nəticələri vardır. Qəzəbini uda bilən insan misilsiz bir ləzzət duyur. Hansı ki, qəzəbə qəzəblə cavab verməyin sonluğu olduqca acı ola bilər. Həzrət (ə) nəzərimizə çatdırır ki, buyurduğu öyüdlər sadəcə əxlaqi bir nəsihət deyil. Bu münasibətlərin şəxsən təcrübədən keçirildiyi nəzərimizə çatdırılır. Həzrət (ə) «bundan şirin bir qurtum içmədim» deməklə, öz şəxsi təcrübəsinə istinad edir. Belə bir üsulda müraciət insanı həvəsləndirir ki, sən də bunu təcrübədən keçir və ləzzətini duy.
Dostları ilə paylaş: |