MEHRİBANLIQ YOXDURSA, YOLLARINIZ AYRIDIR
Deyildiyi kimi, insanların bir-birlərinə dostluq və məhəbbətlərinin müxtəlif səbəbləri ola bilər. İnsan bə’zən diqqəti cəlb edən təqvaya, bə’zən əhatəli biliyə, bə’zən də hansısa bir kamilliyə görə qarşı tərəflə dostluq əlaqəsi qurmaq istəyir. Amma bə’zən qarşı tərəfdə bu dostluğa meyl olmur. Heç vaxt belə münasibətlə rastlaşdıqda dostluq əlaqəsi qurmağa sə’y göstərməyin. Siz bir şəxsə yaxınlaşmaq istədikcə o sizdən uzaqlaşmağa çalışırsa, israr etməyin. Əmirəl-mö’minin (ə) öz kəlamının bu hissəsində həmin mühüm nöqtəyə toxunaraq buyurur: «Səni istəməyənə bağlanma. Əgər dostluq etmək istədiyiniz şəxs sizinlə dostluğa meyl göstərmirsə, tə’kid etməyin. Çünki israrınız şəxsiyyətinizin alçalmasına səbəb ola bilər. Şübhəsiz ki, səmimi dostluq əlaqələri qurmaq üçün başqa adamlar var. Siz israr etdikcə qarşı tərəf bu dostluqdan qaçırsa, sə’y göstərib, vaxtınızı hədərə verməyin. İnanın ki, bu dostluqdan faydalana bilməyəcəksiniz. Ona görə də dost seçimində çalışın ki, sizə meyli olan adamlarla dostluq əlaqəsi qurasınız. Çünki dostluq bir tərəfli münasibət deyil. Dostluq ünsiyyət və ictimai bir rəftar kimi qarşılıqlı olmalıdır. Əlbəttə, dərin imana malik iki mö’min üçün dost seçimində me’yar həmin imandır. Əgər hər iki tərəf iman əhlidirsə və bir-birlərinə məhəbbətləri varsa, onların dostluğu üçün digər bir me’yar olası deyil.
Beləcə, ictimai mühitdə və öz dostlarınızla əlaqədə soyuqluq müşahidə edirsinizsə, israr etməyin, bu israr faydasızdır. Şübhəsiz ki, qarşı tərəfin soyuqluğunun müxtəlif səbəbləri ola bilər. Bə’zən qarşı tərəfdəki soyuqluğu şübhələr yaradır. Bə’zən isə sui-zənn, bədgümanlıq dostluğa mane olur. Maneələri sə’y və təlaşla aradan qaldırmaq lazımdır. Maneələr aradan qalxdıqdan sonra da qarşı tərəf dostluğa maraq göstərməzsə, çalışıb tər axıtmağınızın axırı peşimanlıq və şəxsiyyətinizin alçalması olacaqdır. Əmirəl-mö’minin (ə) buyurur: «Səni istəməyənə bağlanma». Əgər bir şəxs sənə meylsizdirsə, onunla dostluğa israr göstərmə.
Dostları ilə paylaş: |