KEŞMƏKEŞLƏRDƏ RUHİ TARAZLIQ
İnsanın ruhu da onun cismi kimi eyni halda qalmayıb, təbəddülatlar keçirir. İstər ruhdakı, istər cismdəki dəyişikliklər qəbul olunmuş bir gerçəklikdir. Məzəmmət olunan isə kiçik bəhanələr səbəbi ilə ruhun sarsılmasıdır. Əgər bu dəyişikliyə ciddi səbəb varsa, o məzəmmət olunmur. Amma heç bir ciddi səbəb olmadan ruhun böhran keçirməsi bəyənilməmiş bir haldır. Bə’zilərinin əhvalı körpə uşaqlarda olduğu kimi bir anda dəyişir. Onlar ciddi dəlil olmadan şadlanır və ciddi dəlil olmadan qəmlənirlər. Əhəmiyyətsiz bir hadisə onları sevindirir və xırda bir problem qanlarını qaraldır. Başqalarının kiçik bir köməyinə görə qula çevrilir və bu köməkdən imtina edildikdə onunla düşmənçiliyə başlayırlar. Belə insanlar həyatda heç vaxt ruhi tarazlıq əldə edə bilmirlər. Hansı ki, mö’min şəxs aram olmalıdır. Əlbəttə ki, insan eyni bir ruhiyyədə ola bilməz. Amma bu da düzgün deyil ki, ruh daim haldan-hala düşsün. Bə’ziləri kimdəsə kiçik bir yaxşı iş gördükdə onu mələy hesab edir və az sonra həmin şəxs bir qüsura yol verdikdə onu şeytan sayırlar. Belə bir mühakimə forması mö’minə yaraşmır.
İnsan öz ruhunu tarazlıq vəziyyətində saxlamaq üçün bir sıra biliklərə yiyələnməlidir. Əvvəla, həqiqətlər yaxşı dərk olunmalıdır və insan bilməlidir ki, vücudun müxtəlif halları təbii bir prosesdir. Məsələn, bə’zən insanda ibadət əhvalı güclənir, bə’zən isə bu əhval zəifləyir. O, bə’zən ünsiyyətə meyl göstərir, bə’zən isə ünsiyyətdən qaçır. Ümumiyyətlə, müxtəlif şəraitlərdə insanın maraqları dəyişir. Gəncliyin öz əhvalı, qocalığın öz ruhiyyəsi, orta yaşın öz durumu olur. Belə bir hal dəyişkənliyi hamının qarşısına çıxır. İnsan gah sağlamdır, gah da xəstə, gah varlıdır, gah da yoxsul.
Ünsiyyətdə olduğumuz insanların da halı dəyişkəndir. Onlar da bir gün şad, o biri gün qəmgindirlər. Bu ruhiyyə onların rəftarlarına da tə’sir göstərir. «Bil ki, oğlum dövran dəyişməkdədir». Dövran hamı üçün dəyişməkdədir və insan öz mühakiməsini bu dəyişkənliklərlə çiyin-çiyinə əvəz etməməlidir. İnsan nisbi də olsa, sabit rəftara malik olmalıdır.
Dövran dəyişdikcə insan öz ətrafındakıları tanımaq üçün müxtəlif üsullardan istifadə etməli, insanların keçmişini araşdırmalıdır. Əgər bir şəxslə uzun müddət dostluq etmişsinizsə, bu dostluq yolunu nəzərdən keçirməlisiniz. Yalnız bir istəyinizə əməl etməyib deyə, onun haqqında nahaq mühakimə yürütməyin. Olsun ki, onun bu dəfə sizə kömək etmək imkanı olmayıb. Bizim mühakimələrimiz səthi və şəraitin tə’siri altında olmamalıdır. Əksinə, rəftarlarımız nisbi sakitlik halına malik olmalıdır. Əgər bir şəxsdən mənfi əməl müşahidə etmişiksə, dərhal mühakimə yürütməməliyik. Bir qədər səbr edib, düşünmək lazımdır. Həzrət (ə) buyurur: «Məzəmməti ağır, xalq yanında üzrü az olanlardan olma».
Əgər bir şəxsin gördüyü iş bizə pis görünürsə, bu heç də o demək deyil ki, həmin iş həqiqətən də pisdir. Hətta bu iş pis iş olmuş olsa da, bu bir işə görə həmin şəxsin üzərindən qara xətt çəkməməliyik. Səbr etməli, araşdırma aparmalı və olsun ki, onun bu işinə göz yummalıyıq. Məbada, bir əmələ görə qarşı tərəfə münasibətimizi dəyişmiş olaq. Müxtəlif halları nəzərinizdə canlandırın və əsəbi halda heç bir iş görməyin. Ən əsası isə budur ki, bizim ruhi vəziyyətimiz maddi dəyişikliklərdən asılı olmamalıdır.
Demək, dövranın dəyişikliyinə baxmayaraq, insan nisbi ruhi tarazlıq halına malik olmalıdır. Mö’min şəxs aram ruhi vəziyyət əldə etmək üçün sə’y göstərməlidir. Əgər şərait dəyişdikcə insanın rəftarı dəyişsə, insanın iman məqamı tənəzzülə uğrayar. İnsanın həyatında eniş-yoxuşlar çox olur. Bə’zən insan yoxsulluğa düşür, hətta zəruri ehtiyaclarını da tə’min edə bilmir. Belə bir məqamda qəfildə ələ sərvət gələrsə, insan qürrələnib, öz keçmiş dostlarını unutmamalıdır. Həyatın gözəlliyi ondadır ki, insan sərvətli olduğu halda təvazökarlıq göstərsin. Amma yoxsul halda ikən təvazö nəinki yaxşı deyil, hətta çox pisdir. Həzrət (ə) buyurur: «Ehtiyaclı olanda təvazö, varlı olanda sərtlik necə də pisdir».
Dostları ilə paylaş: |