HADİSƏLƏRİN TƏKRARI VƏ YA OXŞARLIĞI
İmam Əli (ə) öz vəsiyyətində buyurur ki, keçmişdə baş vermiş hadisələri gələcək üçün əsas götürün, çünki hadisələr oxşardır. Belə bir sual yaranır ki, uyğun tövsiyyəni bütün məqamlarda tətbiq etmək olarmı? Doğrudanmı, hadisələr o qədər oxşardır ki, onların nəticələri də eyni olsun? Şübhəsiz ki, hadisələr dəqiq oxşar deyil. Həzrətin (ə) tövsiyyəsi bütün hallara tətbiq edilmək üçün buyurulmayıb. Hadisələr oxşar olmaya da bilər. Bir çox hallarda keçmişdə baş vermiş hadisələrlə bugünkü hadisələr arasında fərqlər nəzərə çarpır. Əgər belədirsə, nə üçün Həzrətin (ə) kəlamı bu sayaq ümumi şəkildə bəyan olunmuşdur? Uyğun suala iki şəkildə cavab vermək olar:
1. Əvvəla, Həzrətin (ə) bu kəlamı «xitabə» formasında bəyan olunmuşdur. Mübahisə zamanı bir neçə növ dəlil gətirilə bilər. Bu dəlillərə nümunə olaraq, «bürhan», «cədəl», «xitabə», «şe’r» və «müğalitə»ni göstərə bilərik. Bu beşlik əsaslandırmanın yollarını göstərir. Xitabə dəlilinin xüsusiyyəti budur ki, bu üsulda zənni dəlillərdən istifadə olunur. Xitabə dəlilinin məqsədi müraciət olunan şəxsi əmələ sövq etməkdir. Moizələr də bu qəbildəndir. Nəsihət verən şəxs dəlil gətirmək məqsədində deyil. Onun söhbəti öz dinləyicisini əmələ sövq etməkdir. Ona görə də belə bəyanlar ümumi olmaya da bilər. Danışanın nəsihətlərindən dinləyicinin istifadə edə bilməsi bu sayaq bəyanda kafi hesab olunur. Dinləyici deyilənləri yadda saxlayır və yeri düşdükcə onlardan istifadə edir. Demək, xitabədə zənni-dəlillərə əsaslanılır və o bütün hallara tətbiq olunmur. Məqsəd yalnız və yalnız dinləyicini yaxşılığa sövq etməkdir. Vəsiyyətin bu hissəsində imam Əlinin (ə) məqsədi budur ki, dinləyici bugünkü işlərində keçmişi nəzərə alsın. Dinləyicinin nəzərinə çatdırılan budur ki, dünya əbədi deyil və keçmişdə pisliklə nəticələnmiş hadisələr gələcəkdə də belə nəticələnəsidir. Hər birimiz təcrübədə görmüşük ki, çətinliksiz müvəffəqiyyət olmur. Rahatlığa gedən yol çətinlikdən keçir. Beləcə, nəticə çıxarırıq ki, gələcəkdə də belə olasıdır. Gözləməməliyik ki, bütün işlərimiz çətinliksiz ötüşəcək. Hətta əldə edilən şeylər də əbədi olmur, bir vaxt əldən çıxır. Həzrətin (ə) məqsədi öz dinləyicisini keçmişin hadisələrindən ibrət götürməyə sövq etməkdir. Deyilir ki, keçmişə nəzər sal. Bəli, keçmişlə gələcək həmişə oxşar olmur. Elə Həzrət (ə) də yalnız oxşar hadisələri nəzərdə tutur.
Demək, uyğun sualın cavabında birinci qeydimiz budur ki, Həzrətin (ə) bəyanı bir xitabdır və moizə şəklində bəyan olunur. Qaydaya görə moizə və nəsihətdə əsas məqsəd dinləyicinin işə sövq olunmasıdır. Nəsihətdə bəyan olunan qayda bə’zən özünü doğrultmaya da bilər. Yə’ni nəsihət yolu ilə təqdim olunan qayda üçün istisna hallar da var.
2. Uyğun sualın cavabında ikinci qeydimiz budur ki, Həzrət (ə) «çünki işlər bir-birlərinin oxşarıdır» deyərkən, hadisələr arasında müəyyən həddə oxşarlığın olduğunu nəzərdə tutur. Məqsəd bu deyil ki, bütün hadisələr dəqiq şəkildə oxşardır. Hamıya aydındır ki, min il bundan öncə yaşamış insanlar bir daha bu dünyaya qayıdası deyil. Ona görə də keçmişin hadisələrini bugünkü hadisələrlə tam eyniləşdirə bilmərik. Sadəcə, bildirmək istəyirik ki, keçmişdəki hadisələrlə bugünkü hadisələr arasındakı oxşarlıqları tapıb, onlardan istifadə edə bilərik.
Demək, dövrün hadisələri arasında oxşarlıqlar mövcuddur. Amma bu oxşarlıqları kəşf etmək lazımdır. Unutmamalıyıq ki, oxşarlıq uyğunluq deyil. Uyğunluq odur ki, hadisələr tam şəkildə həmahəng olsun. Oxşarlıq isə hadisələrin müəyyən cəhətdən uyğun olmasıdır və yalnız bu oxşar nöqtələrə istinad edilə bilər. Məsələn, keçmişdə baş vermiş bütün hadisələr dayanaqlı olmamış, fəna olub getmişdir. Həmin bu davamsızlıq, ötərilik xüsusiyyətini gələcəyin hadisələrinə də tətbiq etmək olar. Yə’ni keçmişdəki hadisələrin ötəriliyini nəzərə alaraq, qərar çıxarmaq olar ki, bugünkü hadisələr də ötüb keçəsidir. Məhz bu cəhətdən bütün hadisələr bir-birlərinin oxşarıdır. Qur’ani-kərimdə buyurulur: «Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir».1 Bu dünyada olan bütün şeylər fəna olasıdır. Bu cəhətdən bütün işlər oxşardır.
Qur’ani-kərimdə bütün cəmiyyətlərdə və məqamlarda təsadüf olunan oxşar cəhətlər sadalanmışdır. Bu səbəbdən də ötənləri nəzərdən keçirərkən həmin oxşar cəhətlərə əsasən gələcəkdə nələrin baş verəcəyini müəyyənləşdirə bilərik. Məsələn, naşükür insanların hansı aqibətlə üzləşdiyini tarixdən öyrənmək olar. Haqq itirən, ne’mətə qarşı naşükürlük edən insanların nəhayətdə bədbəxt olduğu göz qabağındadır. Demək, Allah-təala bütün naşükürlük edənlərdən öz ne’mətini geri alır: «Əgər şükr etsəniz, sizə verdiyim ne’mətləri artıracağam. Yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən, şiddətlidir».2 Bəli, ayədə göstərilənlər aşkar bir həqiqətdir və bütün hallarda özünü doğruldur.
Demək, hadisələr arasındakı oxşarlıqları tapa bilsək, bu oxşarlıqlardan öz gələcəyimiz üçün istifadə edə bilərik.
Dostları ilə paylaş: |