«İstər uca, istər alçaq məqamlı şəxs sənin haqqını tanıyırsa, onun haqqını tanı. Səbr və əminliyə könül verməklə, sorağına gəlmiş qüssələri özündən uzaqlaşdır».1
HAQŞÜNASLARIN HAQQINI TANIMAQ
İndiyədək Allah-təalanın yardımı ilə vəsiyyətnaməni müxtəsər şəkildə açıqladıq. İndi isə Həzrətin (ə) başqalarının hüquqlarının qorunması haqqındakı buyuruğunu araşdıracağıq. «İstər uca, istər alçaq məqamlı şəxs sənin haqqını tanıyırsa, onun haqqını tanı». İnsanların hüquqlarının qorunmasında onların ictimai mövqeyi nəzərə alınmamalıdır. Başqalarının hüquqlarına riayət olunmasında insanların məqamı nəzərə alınmamalıdır. Həm vəzifəli və sərvətli, həm də sıravi və yoxsul insanın hüquqlarına riayət etməliyik. Bu işdə yeganə ölçü həqiqətdir. Hər bir insanın haqqı ödənilməlidir. Bu dürlü kəlamda işlədilmiş bə’zi ifadələr bə’ziləri tərəfindən düzgün anlaşılmaya bilər. Çünki Həzrət (ə) buyurur ki, sənin haqqını tanıyanın haqqını yerinə yetir. Bə’ziləri belə bir nəticə çıxara bilər ki, əgər bir şəxs haqqa riayət etmirsə, onun haqqını pozmaq olar. Doğrudanmı belədir? Söhbətimizin çərçivəsi imkan verən həddə bu haqda danışacağıq.