İnsan istər-istəməz həyatda növbənöv ruhi sarsıntılarla üzləşir. Gah işi düyünə düşür, gah bir əzizini əldən verir, gah da gələcəkdə baş verəsi hadisə onu narahat edir. Hər kəs öz tutumu həddində problemlərlə üzbəüzdür. İctimai mövqeyi üstün olan insanların qarşılaşdığı çətinliklər adi insanların çətinliklərindən daha dərin olur. Dünyaya könül verənlərin dünya ilə bağlı çətinlikləri daha çoxdur. İlahi vəzifələrə məs’ul insanlar isə daha çox öz uğursuzluqlarından qorxurlar. Bə’zən bu nigarançılıqlar o qədər şiddətli olur ki, adamın əli işdən soyuyur və əsəbləri zəifləyir. Narahatçılıqlar orqanizmdə, ruhda çeşidli xəstəliklər yaradır. Problemlərin çoxluğu insanı iflic vəziyyətinə gətirir. Əlbəttə ki, bu vəziyyət arzuolunmazdır. Belə bir insan nə dünya, nə də axirət işlərini yerinə yetirə bilmir, daim qəm-qüssə içində olur. Belə bir insan ibadət qüvvəsini də itirir və namazda da diqqətini bir yerə toplaya bilmir.