b) Əminlik
Bu kəlamda əminlik deyilərkən insanın Allahın tədbirinə e’timad göstərməsi nəzərdə tutulur. Ötən söhbətlərimizdə bu məsələyə toxunmuşduq. İlahi dinlərdə, eləcə də, ayə və rəvayətlərdə qəzavü-qədər məsələsi diqqət mərkəzində olan məsələlərdəndir. Söhbət alın yazısına ifrat bir inamdan yox, ilahi maarifdə nəzərdə tutulmuş həqiqi qəzavü-qədər e’tiqadından gedir. İlahi qəzavü-qədər bizim tədbirlərimizdən üstün bir ilahi tədbirin mövcudluğuna inamdır. Biz öz tutumumuz səviyyəsində plan cızır, müəyyən işləri yerinə yetirir, bununla belə büdrəyirik. Bu təcrübə sübut edir ki, heç də hər şey insanın tədbirindən (plan cızmasından) asılı deyil və daha ali bir tədbir mövcuddur. Bə’zən ciddi sə’y göstərən insan məqsədinə çata bilmir, bir o qədər də çalışmayan insan isə gözləmədiyi nəticələr əldə edir. Bə’zən xeyir axtaran insan şərlə üzləşir, bir başqası isə gözləmədiyi halda xeyir tapır. Müxtəlif təbii fəlakətlər minlərlə insanın həyatına son qoyur. Bütün bunlar əyani şəkildə sübut edir ki, həyatda insanın istəyindən çox-çox üstün olan istək mövcuddur. İnsan bilməlidir ki, varlıq aləmində baş verən bütün hadisələrin gedişi Allahın əlindədir. Bə’ziləri elə güman edir ki, varlıq aləmində baş verən təbii fəlakətlərin səbəbi onun nizamındakı çatışmazlıqlardır. Amma kainatdakı ideal nizam göstərir ki, bizim xəbərsiz olduğumuz daha mühüm və qlobal məsələlər mövcuddur. İnsan varlıq aləmində baş verən bir çox hadisələrin mahiyyətindən xəbərsizdir. Unutmamalıyıq ki, bu hadisələrin arxasında insanın imtahan məqsədi dayanır. İnsan bütün hadisələrin mahiyyətini bilsə, imtahan qayəsi pozulmuş olar. Mö’min insan öz imanı vasitəsi ilə inanır ki, baş vermiş hadisələr əbəs deyil. Bu hadisələrin Allahdan xəbərsiz baş verdiyini düşünmək yanlışdır. Belə də düşünmək olmaz ki, Allah-təala bəşəriyyəti çətinliyə salmaq istəyir. Allah bağışlayan və mehribandır. Acı hadisələrin baş verməsi isə varlıq aləmindəki nizamın zərurətlərindəndir. Əgər insan bu hadisələrin mahiyyətini anlasaydı, onların zəruriliyini də qəbul edərdi.
Allahın hikmətinə inam, onun işlərinin ağıllı qəbul olunması insanı hadisələr qarşısındakı nigarançılığına son qoyur. Allahın tədbirinə e’timadlı olan insan rahatlıq tapır. Ana xəstələnmiş uşağına bə’zi xörəkləri qadağan edir. Uşaq narahat olur, ağlayır və qadağan olunmuş xörəklərdən tələb edir. O anlamır ki, anası onun üçün xeyir arzusundadır. Uşağın ağzına acı dərman qoyulduqda o elə zənn edir ki, onunla düşmənçilik edirlər. Çünki uşaq ananın tədbirindən, gördüyü işdən arxayın deyil. Amma o, yaşa dolduqca anlayır ki, acı dərmanların qəbulu insanların sağlamlığı üçün zəruridir. Yalnız bundan sonra övlad anasının tədbirini qəbul edir. Uşaq yaşa dolduqca onun dərmana qarşı müqaviməti azalır. O başa düşür ki, bütün tədbirlər onun xeyiri üçündür. Uyğun təsəvvür valideynin rəftarlarına münasibətdə də müşahidə olunur. Yə’ni ilk əvvəl valideynin məhdudiyyətlərinə müqavimət göstərən körpə yaşa dolduqdan sonra bu münasibətlərin mahiyyətini qavrayır. O dərk etməyə başlayır ki, bu məhdudiyyətlər onun xoşbəxtliyi üçündür. Bə’zi şagirdlər müəllimin tapşırıqlarını həvəslə qəbul etmirlər. Amma imtahandan üzüağ çıxdıqdan sonra başa düşürlər ki, müəllimin ciddiliyi onların xeyiri üçün imiş. Mö’min şəxs də öz növbəsində varlıq aləmindəki tədbirlərə e’timad göstərdikdə hansısa acı hadisədən sarsılmır. O, anlayır ki, bütün hadisələrin səbəbi var və bu hadisələr nəticə e’tibarı ilə insanın xeyiri üçündür. Allaha aid biliklərini artıran insan bir o qədər də narahat olmur və baş verənləri rahatlıqla qəbul edir. Məsələn, zəlzələ baş verdiyi vaxt o süstləşib oturmur, başqalarının köməyinə tələsir. Mö’min insan hadisələr baş verdiyi vaxt yalnız vəzifələri haqqında düşünür. O qəbul edir ki, Allahın məsləhət bildiyi hər bir iş onun xeyirinədir. Dünyada baş verən acı hadisələrə belə münasibət insanı yersiz narahatçılıqlardan xilas edir və o öz fəaliyyətini əvvəlki tempdə davam etdirir. Allahın işlərinə şübhəli yanaşanlar isə qəm-qüssəyə batıb, iztirab keçirirlər.
Dostları ilə paylaş: |