AQİLLİK NİŞANƏSİ
Bu namədə tə’kid olunan məsələlərdən biri keçmişin təcrübəsindən istifadə olunmasıdır. İnsan çalışmalı, öz təcrübələrindən lazımi və faydalı şəkildə istifadə etməlidir. Həyat təcrübələrini unudub, onlardan istifadə etməmək ağılsızlığın son həddidir. İnsan dünya səhnəsinə daxil olarkən, Qur’an tə’birincə, elmi mə’lumatlara və sərmayəyə malik olmur.1 Düzdür, Allah və bə’zi həqiqətlər haqqında vaxtında istifadə olunan örtülü fitri biliklər olur. Amma uyğun ayədən mə’lum olur ki, insan anadan olarkən agah mə’lumatlara malik olmur. O, düşüncə qüvvəsini tədricən əldə edir. İnsanın ağıl qüvvəsi tədricən güclənir, müxtəlif məsələlərlə rastlaşmaqla daha çox mə’lumat toplayır. Daha artıq mə’lumat əldə etməkdə insana bir çox şeylər köməkçi ola bilər. İnsan özünün və başqalarının təcrübələrindən əlavə, öz təfəkkür gücünü işə salmalı, elm sərmayəsini artırmalıdır. Bütün elmlərin fövqündə Allah-təalanın peyğəmbər və övliyalara göndərdiyi elmlər durur. Bu yol insanın öz mə’lumatını artırıb kamilləşməsi üçün mövcud olan yollardan biridir.
Beləcə, insanın öz ağlını işlətməməsi, müxtəlif elmlərdən faydalanmaması axmaqlığın son həddidir. İstər Allah-təalanın xaricdə qərar verdiyi elmlər, istər peyğəmbərlərə vəhy etdiyi elmlər, istər qədim alimlərin araşdırıb açıqladığı elmlər, istər müəllimlərin tədris etdiyi elmlər, istərsə də insanın həyatda qazandığı təcrübələr onun xoşbəxtliyi üçündür. Bu elmlərdən üz döndərən insan xəzinə üstündə oturub, yoldan ötənlərə əl açan axmaq kimidir. Təəssüf ki, bu işdə az çox hamımız təqsirkarıq. Həm ağıl gücümüzdən düzgün faydalanmırıq, dünya işlərinə aludə olub təfəkkür fürsətini əldən çıxarırıq, həm də başqalarının bizim üçün topladığı elmlərdən faydalanmırıq. Hətta bir kitabı açıb oxuyacaq qədər təpərimiz yoxdur. Minlərlə faydasız işlərə vaxt sərf edir, amma rəfdəki kitablardan əlimizə götürmürük. Bu cəhətdən biz müsəlmanlar hamıdan daha böyük zərərdəyik. Çünki daha çox sərmayəni əldən çıxarır və böyük mə’nəvi sərvətləri hədərə veririk. Bizlər Qur’ani-kərim elmlərindən istifadə etməli, intəhasız Əhli-beyt (ə) biliklərindən yararlanmalıyıq. Amma bu elmlərin qədrini bilmir, onlara ciddi yanaşmırıq. Ən kamil, ən dəyərli biliklərin Qur’anda və Əhli-beyt (ə) buyuruqlarında olduğuna inandığımız halda, bu biliklərdən istifadə etmirik. Bu misilsiz və sonsuz xəzinə həmişə ixtiyarımızda olduğu halda, ayə və rəvayətlər kövsərindən bir qurtum içməklə, bu elmlərin mütaliəsi ilə susuzluğumuzu yatırmırıq. Təəssüf ki, bu sahədəki geniş imkanlardan-ustad və alimlərdən, özümüzün və başqalarının təcrübələrindən, misilsiz İslam kitabxanasından ehtiyacımız olan qədər faydalanmırıq.
Dostları ilə paylaş: |