DÖVRÜN İMKANLARINDAN FAYDALANMADA ORTA HƏDD-E’TİDAL
Həzrət (ə) sözünün davamında bədii və gözəl bir təşbih işlədir: «Dövrün miniyi sənə ramikən ondan istifadə et». Həzrət (ə) bu oxşarsız və ilahi buyuruğunda dünyanı bir miniyə (dəvəyə) bənzədir. Buyurulur ki, bu dəvəyə süvar olmuş insan onu aram-aram sürüb, məqsədə çata bilər. Amma bu ehtimal da var ki, həmin dəvə tərslik göstərib, bizi məqsədə çatmaqdan məhrum edə. Ona görə də bu dəvə tərsliyə başlamamış ondan istifadə etmək lazımdır. Əgər bugünkü dəmir minikləri misal çəkəsi olsaq, deməliyik ki, istər avtomobil, istər təyyarə, istərsə də qatar qəzaya uğraya bilər, mühərriki işdən düşər. Beləcə, yolumuz yarımçıq qalar. Nə qədər ki, belə bir hal yaranmayıb, cəld hərəkət etmək lazımdır. Bu minik yaxşı bir minikdir, amma tərslik etdiyi halda yolumuzu davam edə bilməyəcəyik. Demək, nə qədər ki, bu minik ram olmuşdur, ondan istifadə edilməlidir. Bu miniyin hövsələsini daraltmayın ki, sizi yerə vursun. Onunla yumşaq rəftar edin ki, lazımınca bəhrələnə biləsiniz. Bu ifadələr ilk baxışdan olduqca sadə görünür. Amma onun batinində örtülü nöqtələr vardır. Hər birimiz gündəlik həyatımızda bu məsələnin nümunələri ilə rastlaşırıq. Məsələn, elə bizim bədənimiz də bir minik kimidir. Biz ondan istifadə edir, amma, adətən, nəzərə alırıq ki, bu bədənin qüvvəsi məhduddur. Qidalanmada, istirahətdə, sağlamlığın qorunmasında biz bu bədən ehtiyaclarının tələblərini çox az nəzərə alırıq. Unutmayın ki, bu bədənin imkanları məhduddur. Bu miniyin qüvvəsini nəzər alın. Onun ictimai mövqeyini, iqtisadi imkanlarını nəzərdən qaçırmayın. Bu minikdən lazım olan həddə bəhrələnməliyik. Onun qüvvəsi və imkanı əbədi deyil. Ona görə də həmin imkan və qüvvədən Allah və Allah bəndələri yolunda istifadə etmək, ifrat və təfritdən çəkinmək lazımdır. Məsələn, sinif otağı, müəllim, məktəb, dost, yaxşı qonşu, bütün bunlar Allahın bizə verdiyi ne’mətlərdir. Bu ne’mətlərdən lazımi qaydada, ideal şəkildə istifadə edilməlidir. Heç şübhəsiz ki, bu ne’mətlər bir gün əlimizdən çıxasıdır. Olsun ki, bu ne’mətlərdən istifadə edilməzsə, insan zərərə düşər. Dəlisovluğu tutmuş minik nəinki insanı mənzilə çatdırmır, hətta onu yerə çırpır, həyatı üçün təhlükə yaradır. Demək, nə qədər ki, bu ne’mətlərdən zərər görməmişik, icazə verilmiş həddə onlardan istifadə etməliyik.
Dostları ilə paylaş: |