Zöhd dünyanın tərki yox, ona rəğbətsizlik mə’nasını daşıdığından, batini peyğəmbər əql və zahiri peyğəmbər müqəddəs din dünyadan bəhrələnmə üçün yol qoyur. Hansı həddə bəhrələnmək isə bir sualdır. Yaşamaq üçün dünya ne’mətlərindən bəhrələnməyə məcbur olan insan dünya məhəbbətinə qəlbində yer verib ona əsir olmamaq üçün nə etməlidir?
Həzrət (ə) zöhdü tövsiyyə etdikdən sonra əqli və dini zərurət səbəbindən dünya ne’mətlərindən düzgün faydalanmağın yolunu göstərir. Bu göstərişə əməl edən insan dünya ne’mətlərindən səmərəli istifadə edə bilər. Həzrət (ə) müdara, aramlıq, yaxşılıqla istifadəni tapşırır.
Bu tə’bir dini mənbələrdə və Əhli-beyt (ə) rəvayətlərində çox işlədilmişdir. Fiqh və rəvayət kitablarının “məkasib” bəhslərində dünya ne’mətlərinin yaxşı yolla əldə edilməsi mə’nasında oxşar tə’birlərdən istifadə olunmuşdur. Bu tə’birlər dünya malından ötəri özünü oda-suya vurub, halal-haram bilməyən insanlara ünvanlanmışdır. Bə’ziləri pul, məqam, qadın kimi dünya ləzzətlərini əldə etmək üçün insani şəxsiyyətlərini ayaq altına atır, olar-olmaz bilmirlər. Hansı ki, istəklərə halal yolla çatmaq, insani şəxsiyyəti qorumaq, alçalmamaq, bir sözlə, doğru yolla hərəkət etmək lazımdır.
Bir halda ki, dünya və onun bər-bəzəyindən gözünüzü çəkə bilmirsiniz, heç olmaya bu işdə haram yolla getməyin, öz şəxsiyyətinizi üç-beş günlük dünya ləzzətinə satmayın. Çoxları bu yolda qazanmaq əvəzində əllərindəki sərmayəni də itiriblər. Çox tacirlər hərislik ucbatından müflis olurlar. Çox fayda götürmək çox çalışmaqdan asılı deyil. Həzrət (ə) buyurur: “Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələnə.” Nəzər salsanız, görərsiniz ki, bir çoxları çalışa-çalışa sərmayəsini əldən verib. Hansı ki, azca hərəkət etməklə böyük sərvət əldə edənlər də var. Dinini, əxlaqını, şəxsiyyətini itirmədən sərvət qazananlar az deyil. Kim orta həddə çalışdığı halda başqasına möhtac olub?! Vəsiyyətnamədə oxuyuruq: “Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz.”
Beləcə, elə bir yol tut ki, ağıla uyğun olsun, dinin, hörmətin, şəxsiyyətin ayaq altda qalmasın. Dəyərsiz dünya malından ötəri özünü dəyərdən salma. Həzrət (ə) buyurur: “Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da. Heç vaxt sərf etdiyinin (dinin, imanın) əvəzini almayacaqsan.” Mö’min özünə hörmət etməli, ehtiyacını hər adama bildirməməlidir. Allah-təala belə mö’minlər haqqında buyurur: “Belə insanlar həyalı olub, dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.”1 Əhli-beyt (ə) məktəbində tərbiyə alanlar bütün çətinliklərə baxmayaraq, kimsəyə ağız açmır, bir şəxs onlara hədiyyə etdikdə utanır, qəbul etmək istəmirlər. Bə’ziləri isə dünya malından ötəri özünü sındırır, kimə gəldi əl açırlar. Həqiqi mö’minlər isə belə deyillər. Onlar Həzrətin (ə) göstərişlərinə əməl edirlər. Dini, imanı, şəxsiyyəti verib, dünya malı almaq axmaqlıqdan başqa bir şey deyildir. Dünya bir iynə ucu qədər hörməti itirməyə dəyməz. Unutmayaq ki, həmin bir iynə ucu hörmət əbədi, bütün dünya isə fanidir.
Buna görə də, dünya ne’mətlərini əldə edərkən ən azı halal yolla hərəkət etmək, din-imanı qorumaq lazımdır. Dinin və şəxsiyyətin dəyəri min-min dünyaya dəyər. Bu iki şeyi tərəziyə qoymaq olmaz. Belə etsən, nəinki bir şey qazanmayacaqsan, hətta sərmayən də əlindən çıxacaq.
Dostları ilə paylaş: |