Ümumi əxlaqi dəyərlərdən biri də əhdə vəfa edilməsidir. Əgər bir şəxslə əhd edib, peyman bağladınızsa, öhdənizə nə isə götürdünüzsə, öz əhdinizə vəfa etməlisiniz. Allah-təala Qur’ani-kərimdə buyurur ki, əgər müşriklərlə müqavilə bağlasanız, bu müqaviləyə sədaqətli olmalısınız. Bu halda bir istisna hal nəzərdə tutulur. Əgər əhd bağladığınız düşmən hansısa şərti pozursa, artıq bağlanılan müqavilə gücdən düşür. Əslində bu iş də əhdi pozmaq kimi başa düşülməməlidir. Çünki müqavilə ikitərəfli bir işdir və əgər tərəflərdən biri müqaviləni pozmuşsa, ikinci tərəfin həmin müqaviləyə əməl etməməsi vəfasızlıq sayılmamalıdır. Əmanətdarlıqda isə məsələ tamam başqa cürdür. Hətta sizin sirrinizi açmış adamın da sirrini açmağa haqqınız yoxdur. Bir şəxs sizin əmanətinizə xəyanət etmişsə, siz heç vəchlə onun əmanətinə xəyanət edə bilməzsiniz. Ona görə də islami dəyərlər arasında ən ümumi dəyərlərdən biri əmanətdarlıqdır deyiriksə, sözlərimiz tam əsaslıdır. Necə ki Həzrət (ə) buyurur: «Səni əmin, e’tibarlı bilən şəxsə, hətta o xəyanət etsə də, sən xəyanət etmə! O sənin sirrini faş etsə də, sən onun sirrini açma!» Demək, əmanətdarlıq məsələsində qarşı tərəfin necəliyini nəzərə alaraq hərəkət etmək düzgün deyil.