Layiqli yoldaş
“İnsan üçün ən böyük bəhrələrdən biri saleh, layiqli yoldaşdır. Yaxşılarla əyləş ki, onlardan sayılasan və pislərdən çəkin ki, onlardan hesab edilməyəsən.”1
İnsan üçün ətrafdakılarla əlaqə saxlamaq zərurətdir. Bu əlaqənin necəliyi, forması onun xeyir və zərərini tə’yin edir. Əgər bu əlaqə ilahi dəyərlər əsasında qurularsa, insan tərəqqi edər. Axı bütün insanların məqsədi tərəqqidir. Ona görə də başqaları ilə düzgün münasibət qurub, ali hədəflərə çatmaq yeganə doğru yoldur.
Ünsiyyətə fitri meyl
Dünya həyatında başqaları ilə ünsiyyətdən qaçmaq mümkün deyil. Əgər ünsiyyət labüddürsə, bu işdə hansısa ölçüyə ehtiyac var. Seçilmiş me’yar əsasında dostu-yoldaşı, davranış qaydalarını müəyyənləşdirməliyik. Düzgün seçilmiş dostla düzgün davranan insan öz əlaqələrindən xeyir götürür. Ünsiyyət insanın fitri meylidir və bu meylin yaranması üçün ətrafdakıların köməyinə ehtiyac yoxdur. Bu meyl o qdər güclüdür ki, onu insan xarakterinin tərkibi hesab edirlər. Uyğun baxışı isbat və ya rədd etmək fikrində deyilik. Amma belə bir meylin insan daxilində mövcudluğu göz qabağındadır. Ona görə də insan tənhalıqdan əziyyət çəkir. Hətta az bir müddət ünsiyyətdən məhrum olan insan sıxıntı keçirir. Tənhalığa məcbur edilən insan onun ağrısını daha çox hiss edir. Ünsiyyət meyli o qədər əhatəlidir ki, təkcə dost-tanışla ünsiyyət insanı qane etmir. İnsan rastlaşdığı əksər insanla əlaqə sağlamağa meyl göstərir. Məsələn, meşədə azmış insan bir müddət yol axtardıqdan sonra başqa bir insanla rastlaşdıqda elə sevinir ki, sanki öz itkisini tapır. Həmin şəxs hətta başqa bir dildə danışmış olsa da, onunla görüş şadlıq doğurur. Demək, başqaları ilə ünsiyyət fitri bir meyldir. Əlbəttə ki, bu meyl müxtəlif yaş hədlərində fərqli ola bilər. Yaş artdıqca ünsiyyət meyli zəifləyir.
Aydındır ki, Allah-təalanın bu fitri meyli əta etməsində bir hikmət var. Məsələn, kamil insanlarla ünsiyyətdə olan şəxsdə müsbət dəyişikliklər baş verir. Digər fitri meyllər kimi, bu meylin də ifratı, təfriti və faydalı orta halı var. Meylin fitri olması, onun hökmən tə’min edilməsi demək deyil. Məsələn, qidalanma insanın fitri meylidir. Amma qidalar müxtəlif cür ola bilər. Demək, fitri meyl qarşısında iki yol var. Bir yol həmin meylin faydalı şəkildə, digər yol zərərli şəkildə tə’min olunmasıdır. İnsan öz meylini elə bir formada tə’min etməlidir ki, nəticədə kamilləşsin, inkişaf etsin. Bu işdə ifrat və təfrit insanın süqutu ilə nəticələnir. Yə’ni, məsələn, orta həddə qidalanan inkişaf edir, təfritə və ya ifrata varan zərər çəkir.
Dostları ilə paylaş: |